Prezident hərbi çevrilişlə devrildi - Fotolar
Tarix: 12-04-2019 00:04 | Bölmə: Slayd
Prezident hərbi çevrilişlə devrildi

Aprelin 11-də Sudanda hərbi çevriliş olub və 30 ildir ölkəyə rəhbərlik edən prezident Ömər əl-Bəşir istefa verib. Hərbçilər hakimiyyətin başına özlərinin, daha dəqiqi, Hərbi Şuranın keçdiyini bildiriblər. Sudan müdafiə naziri Avad İbn Uf dövlət televiziyasından prezident əl-Bəşirin həbs olunduğunu elan edib: “Müdafiə naziri kimi bəyan edirəm ki, mövcud rejim devrilib, rəhbəri həbs olunub və hazırda təhlükəsiz yerdə saxlanılır”. Nazir onu da qeyd edib ki, Ömər əl-Bəşirin hakimiyyəti dövründə Sudan pis idarəçilikdən, korrupsiyadan və ədalətsizlikdən əziyyət çəkirdi.

Çevriliş sonrası Sudanda 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub. Yeni hökumət Konstitusiyanın fəaliyyətini dayandırıb, ölkənin hava məkanı və aeroportlar ən azı 24 saatlıq qapadılıb, sərhədlər bağlanıb. Ordu prezident sarayını mühasirəyə alıb, yolları və körpüləri nəzarətə götürüb.

Sudan əhalisi prezidentin devrilməsi xəbərini coşquyla qarşılayıb. Xarici informasiya agentliklərinin yaydığı fotolarda insanların sevinclə hərbçilərlə qucaqlaşdığı görünür.

Hərbçilər elan ediblər ki, keçid dövrü müddətində hakimiyyət Hərbi Şuranın nəzarətində olacaq. Keçid dövrü iki il davam edəcək, daha sonra seçkilər keçiriləcək. Sudan dövlət xəbər agentliyi “Suna” məlumat yayıb ki, əl-Bəşir rejiminin dövründə həbsə atılan bütün siyasi məhbuslar azad ediləcək.

Prezident hərbi çevrilişlə devrildi

Hərbi çevrilişlər müstəqil Sudanın tarixində tez-tez baş verib. Ölkə 1956-cı ildə müstəqilliyini elan edəndən bu yana Sudanda hakimiyyət artıq beşinci dəfədir ki dəyişir. Ölkədə hakimiyyətin dinc yolla ötürülməsi yalnız iki dəfə baş tutub.

İlk çevriliş 1958-ci ildə – müstəqilliyin elan edilməsindən iki il sonra baş verib. Həmin vaxt hakimiyyətə “Əl-Umma” islam partiyasının dəstəyi ilə general-mayor İbrahim Abbud gəlib. Sonradan o, Sudanın prezidenti olub.

İkinci çevriliş 1969-cu ilin mayında baş verib. Həmin vaxt çevriliş podpolkovnik Cəfər Nimeyrinin rəhbərliyi ilə həyata keçirilib.

Üçüncü çevriliş 1985-ci ildə olub və Sudanın islam respublikası elan edilməsindən iki il sonraya təsadüf edib. Həmin vaxt dövlət çevrilişi general-leytenant Əbdürrəhman əd-Daxabın başçılığı ilə olub.

Dördüncü hərbi çevriliş 1989-cu ildə baş verib, lideri briqada generalı Ömər əl-Bəşir olub. 1993-cü ildə əl-Bəşir prezident postunu tutub və 1996, 2000, 2010, 2015-ci illərdə yenidən seçilib.

Çevrilişlər hər dəfə kəskin iqtisadi böhran və ayrı-ayrı siyasi qruplaşmaların yarıtmaz fəaliyyəti fonunda baş verib.

Prezident hərbi çevrilişlə devrildi

Qərbin ötən ilin dekabrında tətbiq etdiyi iqtisadi sanksiyalara görə son aylar Sudanda vəziyyət daha da mürəkkəbləşmişdi. Sanksiyalar ilk növbədə Sudan neftinin alışını qadağan edir. Neft də bu ölkədə əsas ixrac məhsulu sayılır. Sudan gün ərzində yarım milyon barrel neft ixrac edir.

Sanksiyalar işə düşən kimi Sudanda çörəyin qiymətində üç dəfədən çox artım olub. Digər məhsullarda da kəskin bahalaşma gedir və ölkədə benzin alışı çətinləşib. İnflyasiya 70 faizə çatıb.

Bütün bu sadalananlar, eyni zamanda əhalinin 40 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması gec-tez Sudanda sosial partlayışa və əl-Bəşir rejiminə qarşı kütləvi etirazlara gətirib çıxaracaqdı.

BMT-nin hesablamalarına görə, aprelin 6-dan bu yana baş verən qarşıdurmalarda ən azı 20 nəfər həyatını itirib. Beş gün əvvəl prezident sarayında hökumət əleyhinə müddətsiz nümayişlər başlayıb. Ordu bu günlər ərzində xüsusi xidmət orqanlarının etirazçıları dağıtmasına imkan verməyib.

Ömər əl-Bəşir həm də yeganə dünya lideridir ki, 2009-cu ildə soyqırımda ittiham olunaraq həbsinə beynəlxalq order verilib. Onun Darfurdakı dinc əhaliyə qarşı hücumların başında durduğu bildirilir. BMT-nin hesablamalarına görə, bu hücumlar zamanı 3 milyona yaxın insan öz evindən çıxarılıb, 300 minə yaxın insan həlak olub.

Əl-Bəşirin hakimiyyəti dövründə – 2000-ci illərdə Sudanda həm də vətəndaş müharibəsi başlayıb və 2011-ci ildə Cənubi Sudanın ayrılması ilə başa çatıb.

Həbsinə beynəlxalq order verilməsinə baxmayaraq, Ömər Bəşir bir neçə dəfə Rusiyada səfərdə olub. Bu səfərlərin birində Qırmızı dəniz sahillərində Rusiya hərbi bazasının qurulması imkanlarını gündəmə gətirərək prezident Vladimir Putindən kömək istəyib.

“ABŞ-ın aqressiyasından qorunmaq üçün Sudana kömək lazımdır”, – deyə Bəşir Putinə bildirmişdi.

Yanvarda Britaniyanın “The Times” qəzeti yazmışdı ki, Rusiyadan olan muzdlular prezident Bəşirə dəstək üçün Xartumdakı etirazların dağıdılmasında iştirak edə bilər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova sonradan bildirmişdi ki, Sudanda həqiqətən də Rusiyanın özəl mühafizə şirkətlərinin təmsilçiləri işləyir. Lakin onların Rusiya dövlət orqanları ilə hər hansı əlaqəsi yoxdur. Zaxarovanın sözlərinə görə, həmin adamların funksiyası Sudanın güc strukturları üçün kadr hazırlamaqdır.

Prezident hərbi çevrilişlə devrildi

Hələ ki Rusiya rəsmi olaraq Sudandakı son olaylara qarışmır. Putinin mətbuat katibi Dmitri Peskov bu gün bildirib ki, Kreml Sudanda baş verənlərə bu ölkənin daxili işi kimi baxır.

Ömər Bəşir Aleksandr Lukaşenko ilə də görüşüb. Sudan Belarusa ölkəsinin iki qızıl yatağında işləmək hüququ verib. Əvəzində isə Lukaşenko Sudana maşınqayırma mərkəzi və kənd təsərrüfatı kompleksi qurmağı vəd edib.

“Sudan ərəb sivilizasiyası ilə Afrika arasında darvazadır. Və bizim bu regiona təklif edəcəyimiz şeylər var”, – deyə Lukaşenko Sudanla münasibətlərindən danışarkən bildirmişdi.(Strateq.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}