17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Böyük korrupsiyanın üstü açılır – Prezidentə müraciət edildi
Tarix: 16-10-2016 15:16 | Bölmə: Slayd


Referendumun nəticələri təsdiqlədikdən sonra Azərbaycanda islahatların aparılacağı hakim komandadakı bəzi məmurları səksəkədə saxlayır.

Hazırda əvvəlki illərdən fərqli olaraq, heç bir nazir və komitə sədri postunun toxunulmaz olmadığını daha yaxşı anlayır. Bu, bir tərəfdən başlayacaq islahatlarla əlaqələndirilsə də, digər tərəfdən mövcud sosial-iqtisadi və siyasi durumla bağlıdır.

İslahatlar qoxusu artdıqca hakim komandada uzun illərdir təmsil olunan bəzi nazirlərə yönəlik kompromatlar ən yüksək səviyyələrdən dilə gətirilir. Bu dəfə hədəfə tuş gələnlərdən biri də nəqliyyat naziri Ziya Məmmədovdur.

Xatırladaq ki, bir neçə gün əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun keçmiş şefi Ziya Məmmədovu, eyni zamanda sələfi, hazırda Ziya Məmmədovun müavini olan Arif Əsgərovu korrupsiyada ittiham etməsi də təsadüfi sayılmır.

Bəzi ekspertlərin fikrincə, Cavid Qurbanovun ittihamları həm özünü qorumaq cəhdindən, həm də daha yuxarı postlara iddiasından qaynaqlanır.

Cavid Qurbanov "Mən əvvəllər də "Azərbaycan Dəmir Yolları" QSC-də çalışmışam. Sonradan Nəqliyyat Nazirliyinə təyinat aldım. İş elə gətirdi ki, yenidən "Azərbaycan Dəmir Yolları" QSC-yə qayıtdım. Bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum.

Mən yenidən qayıdanda Lokomotiv parkı yox dərəcəsində idi. 10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı",-deyərək vaqon parkında apardıqları araşdırmadan da söz açıb: "Başladıq vaqon parkında araşdırma aparmağa. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq".

C.Qurbanov dəmir yolun infrastrukturunda rabitə sisteminin yox dərəcəsində olduğunu da bildirib:

"Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70 faizi yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi".

C.Qurbanov deyib ki, artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik:

"Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz",- deyən QSC sədri bu açıqlaması ilə "Dəmir Yolları"nın keçmiş rəisi Arif Əsgərovla, onun rəhbəri Ziya Məmmədovu korrupsiyada ittiham edib.

Belə korrupsiyalar baş verərəkən "Dəmir Yolları"nın Nəqliyyat Nazirliyinin tabeliyində olduğunu və bu korrupsiyada nəqliyyat nazirinin də pay sahibinə çevrildiyini nəzərə alsaq, Ziya Məmmədovu qarşıda böyük təhlükələrin gözlədiyini deyə bilərik.

Aldığımız məlumatda isə iddia edilir ki, Ziya Məmmədov "vurularsa" ona bağlı və qohum olan nazirlər - Heydər Əsədovla Səlim Müslümov da vəzifələri ilə vidalaşmalı olacaqlar.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-də uzun illər ciddi korrupsiya hallarına yol verilməsi ilə bağlı "Reytinq" qəzetində "Cavid Qurbanovla Arif Əsgərovun şərikli biznesi üzə çıxdı; Maliyyə saxtakarlığına göz yummağın sirri açılır" və "Cavid Qurbanovla Arif Əsgərova məxsus şirkətin maddi bazasına şübhələr yaranıb"- başlıqlı iki araşdırmada bəzi mətləblər üzə çıxmışdı. Oxucular həmin yazıları bu gün də reyting.az saytında oxuya bilərlər.

Xatırladaq ki, 2004-cü ildən 2015-ci ilin fevral ayına kimi əvvəlcə Azərbaycan Dövlət Dəmir Yolu, sonradan isə Qapalı Səhmdar Cəmiyyətə çevrilən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov olub. Bu illər ölkəmizdə infrastruktur layihələrə böyük kapital qoyuluşu illəri olduğu məlumdur və deməli, "Azərbaycan Dəmir Yolları" QSC-yə böyük həcmli kapital qoyuluşu da məhz Arif Əsgərov bu qurumun rəhbəri olduğu illərdə həyata keçirilib. İndi Cavid Qurbanov rəsmi şəkildə ondan əvvəl, yəni Arif Əsgərovun sədr olduğu illərdə də güclü korrupsiyaya yol verildiyini rəsmi şəkildə açıqlayır. İctimimaiyyət isə gözləyir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, deputat Cavid Qurbanovun bu açıqlamasından sonra hüquq-mühafizə orqanları QSC-də uzun illər ərzində baş vermiş korrupsiyanı araşdıracaq.

Reyting.az-a daxil olan məlumata görə, bununla bağlı prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova vətəndaşlar tərəfindən müraciətlər edilib. Hələlik sahibləri ilə əlaqə yarada bilmədiyimiz həmin müraciətlərdə "Azərbaycan Dəmir Yolları" QSC-yə Arif Əsgərovun sədrlik etdiyi illərdə bu qurumla "Adaman Group" MMC, "Araz ltd" MMC, "Hilux Services" MMC, "Dondarlı Servis" MMC, "Arko-ktd" MMC, "Selva" MMC, "Murad-T94" MMC və adları ictimaiyyətə və bizə məlum olmayan şirkətlər arasında aparılmış maliyyə əməliyyatlarının araşdırılması tələb olunur.

Adları qeyd olunan bu şirkətlərlə "Azərbaycan Dəmir Yolları" QSC və onun sələfi "Azərbaycan Dəmir Yolları” arasında həyata keçirilmiş alqı-satqı əməliyyatları şəffaf araşdırılsa C.Qurbanovun açıqladığı korrupsiya faktlarından daha ciddi maliyyə fırıldaqlarının üstünü açılacaq.

İddia edilir ki, adları çəkilən MMC-lərin əksəriyyəti Arif Əsgərovun ailə üzvülərinə bağlıdır. Əvvəlki araşdırmalarda xəbər verdiyimiz kimi, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi 54-də yerləşən və Nizamnamə kapitalı 100 min manat olan "Araz ltd" MMC-nin üç təsiçisindən və payçısından biri Arif Əsgərovun övladlarının anası Balaxatın Məmmədovadır. Əsas əməliyyatlar "Araz ltd" MMC ilə yanaşı "Adaman Group" MMC, "Hilux Services" MMC və "Dondarlı Servis" MMC ilə aparılıb ki, onlar da dolaysı ilə Arif Əsgərova bağlı olublar. Məsələn, "Adaman Group" MMC və "Hilux Services" MMC-nin təsisçisi Xəyal Rəhimov adlı şəxsdir. Arif Əsgərov "Azərbaycan Dəmir Yolu" QSC-nin sədri kimi "Lokomotiv Qadın Voleybol Klubu" MMC-nin Müşahidə Şurasının üzvü olanda Xəyal Rəhimov bu MMC-nin direktoru olub.

Arif Əsgərovun oğlu Elnar Əsgərovla yaxın münasibətləri olmuş bir iş adamı isə Xəyal Rəhimovu QSC-nin sabiq sədrinin köməkçisi kimi tanıdığını iddia edir.

X.Rəhimovun Əsgərovlar ailəsinə yaxınlığını göstərən səbəblər isə yalnız bir iş adamının iddiasından ibarət deyil. A.Əsgərovun evinə xidmət edən sürücünün avtomobili "Hilux Services" MMC-nin balansındadır. Məlumata görə, Ukraynadan alınaraq "Azərbaycan Dəmir Yolu"na satılan mallar əsasən X.Rəhmovun şirkətləri hesabına həyata keçirilib və C.Qurbanovun da dediyi kimi, qiymətləri bir neçə dəfə şişirdilib.

Ancaq C.Qurbanovun bu məsələlərin şəffaf və bütöv şəkildə araşdırılmasında maraqlı olması mümkün görünmür. "Reytinq” qəzetinin ötən araşdırmalarında qeyd edildiyi kimi, "Araz ltd" MMC-nin təsisçilərindən biri də Cavid Qurbanovun diplomat oğlu Şəmşir Şəmşirlidir.

Azərbaycanın İstanbuldakı Konsulluğunda 3-cü katib kimi diplomatik xidmətdə olan Ş.Şəmşirlinin A.Əsgərovun övladlarının anası ilə işbirliyi və ortaqlığı ilə bağlı "Azərbaycan Dəmir Yolu" QSC sədrinə yönəlik sullar isə cavabsız qalır.

Bu sullar cavabsız qaldığı bir vaxtda, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolu" QSC-də çox maraqlı təyinat həyata keçirib. Rizvan Rzayev adlı şəxs "Azərbaycan Dəmir Yolu" QSC-nin İnfrastruktur Departamentində rəhbər vəzifəyə təyin edilib. Bu şəxsin əvvəllər "Azəryolservis" ASC-nin 2 saylı Yol İstismar İdarəsinin rəisi olduğu bildirilir. Ən maraqlısı isə odur ki, bu şəxs həm də Şəmişir Şəmşirli və Balaxatın Məmmədova ilə birlikdə "Araz ltd" MMC-nin təsisçilərindən və payçılarından biridir.

Rizvan Rzayev həm də Balaxatın Məmmədovanın bacısının həyat yoldaşı, yəni Arif Əsgərovun bacanağıdır. Hazırda bu şəxs Gəncədən Gürcüstan sərhəddinə kimi dəmir yolu təsərrüfatına əsas cavabdeh şəxs hesab olunur. Eyni zamanda Azərbaycan-Türkiyə dəmir yol xəttinin çəkilişi ilə bağlı Gürcüstan ərazisində həyata keçirilən tikinti işlərinə də qeyri-rəsmi rəhbərliyin R.Rzayevə həvalə edildiyi bildirilir.

Bütün bunlara rəğmən, C.Qurbanovun qarşısında ciddi əngəllərin də olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, hakim dairələrdə onun səmimiyyətinə inananlar o qədər də çox deyil. Məsələn, Qurbanov bir tərəfdən Arif Əsgərovu yarıtmaz idarəçilikdə və korrupsiyada ittiham edir. Ancaq "Azərbaycan Dəmir Yolları"nın sədri olduqdan sonra Cavid Qurbanov bu ilin aprelində Arif Əsgərovun üç il əvvəl adam güllələyən qardaşı Əli Əsgərova vəzifə verib.

Və yaxud Cavid Qurbanovun Azərbaycanın İstanbuldakı Konsulluğunda 3-cü katib isləyən oğlu Şəmşir Şəmşirlinin Arif Əsgərovun oğlu Elnar Əsgərov və onun xalası oğlu Emin İsmayıl oğlu Hüseynovla birgə biznes əlaqələri və bu bizneslə bağlı inanılmaz iddiaların dərinləşməsi kimi ortada çox ciddi faktlar var. Əlbəttə, bu faktlar C.Qurbanovun ötən gün verdiyi açıqlamaların səmimiyyətini də şübhə altına alır.

Çox maraqlıdır ki, C.Qurbanovun ittihamlarının səhəri gün "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov rəhbərini gülünc vəziyyətə qoyan açıqlama verib. Əzməmmədov saytların birinə C.Qurvanovun jurnalistlərə açıqlamasını ciddi saymamağı tövsiyə edib:

"O zarafat idi. Mətbuat niyə bunu belə "seryoznı" qəbul edir? Zarafatyana söhbətlər eləyirlər orda, camaat da ciddi qəbul eləyir. Özünüz tekstə qulaq assanız, görərsiniz ki, orda deyilənlər hamısı zarafatdır. "Seryoznı" qəbul etməyin".

Mətbuat katibi sədrinin yeyinti faktları ilə bağlı dediklərini də təkzib edib: "Yeyinti" olsaydı, tədbir görülərdi".

Göründüyü kimi, mətbuat katibi Qurbanovun dediyini bir gün sonra nəinki təkzib edir, hətta onu ciddiyə almamağı da məsləhət görür. Elə isə ortaya sual çıxır: Belə bir adamın sabah hansı açıqlamasına və yaxud işinə inanmaq olar?

Və ya 1996-cı ildə Heydər Əliyevin qərarı ilə vəzifədən qovulmuş, dünən dedikləri bir gün sonra öz tabeliyində olan şəxs tərəfindən təkzib olunan bir adama güvənib, ona hansısa strateji postu etibar eləmək olarmı?

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}