16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dövlət büdcəsindəki kəsir təhlükəli həddə çata bilər
Tarix: 16-10-2016 16:11 | Bölmə: Slayd


Maliyyə Nazirliyi bir neçə gün əvvəl 2016-cı ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına dair rəsmi məlumat yayıb. Nazirliyin məlumatına görə, 2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10103,1 milyon manat, xərcləri 10622,2 milyon manat olub, 519,1 milyon manat məbləğində büdcə kəsiri yaranıb.

2016-cı ilin 2-ci rübündə dövlət büdcəsinin icrasında yaranmış 687,7 milyon manatlıq kəsir 3-cü rübdə bir qədər azalaraq 519,1 milyon manata düşüb.

 

Neft Fondunun öhdəliyini 57,9 faiz icra etməsi fonunda Gömrük Komitəsinin 25,6 faiz artıq ödəməsi kəsiri azalda bilib.

2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12098,3 milyon manat proqnoza qarşı 10103,1 milyon manat və ya 16,5 faiz az icra olunub. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 4926,3 milyon manat vəsait təmin edilib. Həmin vəsaitin 78,0 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşür. Qeyri-neft sektorundan daxilolmaların payı bu müddətdə 9,6 faiz-bənd artıb. 2015-ci ildə bu göstərici 68,4 faiz olub. İlin 9 ayında qeyri-neft sektorundan 3843,8 milyon manat daxil olub ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 milyon manat və ya 10,8 faiz çoxdur.

Hesabat dövründə Dövlət Gömrük Komitəsi proqnoza 125,6 faiz əməl edərək dövlət büdcəsinə 1653,8 milyon manat vəsait təmin edib. Gömrükdən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 milyon manat və ya 47,1 faiz çox olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə daxil olan vəsait 3260 milyon manatdır. Fond büdcə qarşısındakı öhdəliyi 57,9 faiz icra edib. Dövlət büdcəsinə Fond tərəfindən 2370,5 milyon manat köçürülüb.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 192,9 milyon manat, sair daxilolmalar üzrə isə 70,1 milyon manat təşkil edib.

Yola saldığımız doqquz ayda dövlət büdcəsindən ümumilikdə 10622,2 milyon manat xərclənib. Bu vəsait nəzərdə tutulandan 12,7 faiz azdır.

Xərc artıb, gəlir isə...

İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4514 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 milyon manat və ya 9,9 faiz çoxdur. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 212,8 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1151,7 milyon manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət əsaslı qoyuluşu xərclərindən 29 milyon manat ayrılıb.

2016-cı ilin 3-cü rübündə dövlət büdcəsinə 3969,3 milyon manat vəsait daxil olub, 3800,7 milyon manat xərclənib. Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14951 milyon manat, icmal büdcənin xərcləri isə 12623,4 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 2327,6 mln. manat təşkil edib.

Neft Fondu öhdəliklərdən imtina edir

 Dövlət büdcəsinin 9 aylıq icrasında 2 milyard manatlıq kəsirin səbəbkarı Dövlət Neft Fondudur.

Reyting.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Nemət Əliyev bildirib. N.Əliyevin sözlərinə görə, Neft Fondu hər aya 634 milyon manat olmaqla dövlət büdcəsinə 9 ay ərzində 5,7 milyard manat ödəmə etməli idi, lakin bunun 3,3 milyardını ödəyib. Başqa sözlə, büdcəyə 9 ayın əvəzinə 5 ayın pulunu ödəyib. 4 ayın ödəməsini (2,4 milyard) isə gecikdirib:

"Neft Fondunun öhdəliyi 43 faiz kəsirlə yerinə yetirməsi ucbatından dövlət büdcəsinə daxilolmalarda 16,5 faiz kəsir yaranıb. Büdcəyə daxilolmaların azalması büdcədən maliyyələşmə səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunub. Belə ki, "Dövlət büdcəsi haqqında" Qanuna görə, cari ilin sonunadək cəmi 18,5 milyard manatlıq maliyyələşmə həyata keçirilməlidir. Hər aya 1,5 milyard, 9 aya 13,9 milyard manat düşür. Amma ilin ilk 9 ayında dövlət büdcəsindən faktiki olaraq 10,6 milyard manatlıq maliyyələşmə həyata keçirilib. Deməli, yanvar-sentyabr aylarının hesabından 3,3 milyard manatlıq maliyyələşməni həyata keçirmək mümkün olmayıb və burada da 23,7 faiz kəsir əmələ gəlib. Unutmaq olmaz ki, vəzifə və öhdəliklərin vaxtlı-vaxtında icra olunmaması səbəbindən dövlət büdcəsinin iqtisadiyyatın stimullaşdırılmasında rolu zəifləyir və bu hesaba mövcud iqtisadi və sosial problemlər daha da böyüyür ki, buna da indiki zamanda yol vermək olmaz. Odur ki, dövlət büdcəsinin icrasına saymazyana münasibətin qarşısı qəti şəkildə alınmalıdır".

Ekspert qeyd edib ki, ölkədə qanunlar işləmir deyə, məsuliyyət hissi itib, özbaşınalıq meydan sulayır. Onun qənaətincə, milyardlarla ölçülən bu kəsirlərin ölkə iqtisadiyyatına, əhalinin sosial vəziyyətinə vurduğu yaraları bərpa etmək üçün illər və daha çox milyardlar xərcləmək lazım gələcək.

İcra səviyyəsi qənaətbəxş olub

 

ADR Hərəkatının lideri, iqtisadçı-alim Qubad İbadoğlu da Maliyyə Nazirliyinin dövlət büdcəsi ilə bağlı açıqlamasına münasibət bildirib. Q.İbadoğlu deyib ki, açıqlanan rəqəmlərdə şübhəli məqamlar var:

"Maliyyə Nazirliyi bildirib ki, 2016-cı ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 10 milyard 103,1 mln. manat, xərcləri 10 milyard 622,2 mln. manat olub, 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Gəlirlər hissəsində diqqət çəkən məqamlardan biri Neft Fondunun büdcəyə transfertinin proqnozlaşdı-ılandan 2 milyard 370,5 mln. manat və ya 42,1 faiz az olması, Gömrük Komitəsinin proqnoza 25,6 faiz çox əməl etməsidir. Gömrük Komitəsinin gözlənildiyindən 25,6 faiz çox vəsait toplaması bu sistemdəki son dəyişikliklərdən sonra uçot intizamının artırılması, ödənişlərin rəsmiləşdirilməsi və manatın devalvasiya effekti ilə izah oluna bilər".

Q.İbadoğlunun fikrincə, Neft Fondunun büdcəyə transfertinin proqnozlaşdırılandan 42,1 faiz az olması büdcədə neft gəlirlərinin xüsusi çəkisinin aşağı salınması ilə bağlı məqsədyönlü siyasətin nəticəsindir:

"Gəlirlər bölməsində sair daxilolmalar üzrə büdcəyə 70,1 mln. manat vəsaitin daxil olması bır sıra suallar doğurur. Büdcə gəlirlərinin təsnifatına görə, sair daxilolamalara inzibati xətalara görə daxilolmalar, o cümlədən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar, vergi qanunvericiliyinin pozulmasına, əmək qanunvericiliyinin pozulmasına və məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar da aiddir. Bütün bu sadalanan mənbələrdən 9 ay ərzində cəmisi 70,1 milyon manat vəsaitin büdcəyə köçürülməsi şübhə yaradır".

Xərclərə gəlincə, ekspert bildirib ki, cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinin proqnozla müqayisədə 46,4 faiz və 1,6 milyard manat az icra olunması diqqəti daha çox çəkir. Bu isə onu deməyə əsas verir ki, ilin 9 ayında proqnozla müqayisədə büdcə xərclərinin bütövlükdə 12,5 faiz az icra edilməsi daha çox inkişaf yönlü vəsaitlərin ixtisarı hesabına baş verib. Yəni, büdcənin sosial təyinatlı vəsaitlərinin icra səviyyəsi qənaətbəxş olub.

Hökumət kəməri sıxır

 

İqtisadçı-eskpert Azər Mehtiyev isə 9 ayda 519 milyon manat büdcə kəsirinin yaranmasından danışarkən deyib ki, büdcə özü kəsirlə planlaşdırılır və indiki halda büdcə kəsirində yaranmış məbləğ o qədər təhlükəli deyil. Onun sözlərinə görə, dövlət büdcəsinin ötən ildən qalan imkanları həmin kəsiri qapatmağa imkan verir:

"Dövlət büdcəsi əvvəllər neft gəlirləri hesabına fəaliyyət göstərib və davamlı olaraq böyüyüb. Birdən-birə gəlirlərin kəsilməsi istər-istəməz qeyri-neft sektorundan daxilolmaların artırılmasını tələb edir. Bu da qısa müddət ərzində gerçəkləşəcək hadisə deyil".

İqtisadçı qeyd edib ki, 9 ayın yekunlarına görə əsas diqqət çəkən məqam büdcədə nəzərdə tutulan fəaliyyətlərin tam icra olunmamasıdır: "Hökumət bu il büdcənin icrasında ciddi şəkildə kəmərləri sıxmaqla məşğuldur. Dövlət Neft Fondundan edilməli olan transfertlər hələ həyata keçirilməyib. Daha çox vergilər hesabına büdcəni icra etmək niyyəti hiss olunur. Eyni zamanda üzərinə düşən öhdəlikləri kəsirlə yerinə yetirir. Hökumət büdcədə nəzərdə tutulanları bu gün icra etmirsə, məsələyə izah verməlidir. Əgər bu, vəsait çatışmazlığı ilə bağlıdırsa, açıqlamalıdır. Hökumət əvvəlki illərdəki kimi vəziyyətin yaxşılaşacağına ümid etmir. Bu il işlərini çox ehtiyatla həyata keçirir".

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}