Millət vəkili: "Banklar insanlara zülm edir"
Tarix: 21-10-2016 14:11 | Bölmə: Slayd


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bank sektorundakı problemlər müzakirə olunub.

Millət vəkili Vahid Əhmədov deyib ki, banklar bağlanan kimi insanlar pis günə qalır: "Mən iqtisadçı kimi bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirərək həyata keçirirlər, daha sonra isə milli valyutanı buraxırlar. İnsanlarla bu cür davranmaq olmaz. Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır".

Bank rəhbərlərinin milyonçu olduqlarını deyən V.Əhmədov bildirib ki, bank bağlansa belə, bank rəhbərlərinin veclərinə olmur. Bu prosesdən əzab çəkən isə sadə vətəndaşlar olur: "Hər bankın arxasında müyyən insanlar dayanır. Amma belə də olmaz axı".

Maliyyə Bazarlarına Nəzarət Palatasının 8 aydır fəaliyyət göstərdiyini xatırladan V.Əhmədovun sözlərinə görə, qurum bu müddət ərzində çox ciddi işlər görüb: "Bankların çox ciddi sağlamlaşdırılması işləri həyata keçirilib. Azərbaycan iqtisadiyyatının onurğasını təşkil edən bank sistemini sağlamlaşdırmaq lazımdır. Biz bankların bağlanmasının yox, təmərküzləşdirilməsinin tərəfdarıyıq. Əgər banklar birləşmək istəmirlərsə, onlarla danışıq aparılmalıdır".

 Millət vəkili Əli Məsimli isə bankların insanlara zülm etdiyini deyib: "Bizə çoxsaylı şikayətlər daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir".

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanov isə bu fikirlərlə razılaşmayıb. R.Aslanov deyib ki, devalvasiyadan əvvəl xarici valyutada öhdəliklər ümumi öhdəliklərin 47 faizini təşkil etsə də devalvasiyadan sonra manat ifadəsində ödəniş ikiqat artıb: "Amma nəzərə almaq lazımdır ki, banklar öz sərvətləri hesabına kredit verməyib. Bankların verdiyi kredit cəmi kapitallarının və 10 il ərzində qazandıqları puldan çoxdur. Banklar krediti biznes subyektlərindən, əhalidən cəlb etdiyi pullar hesabına verib. Banklara kredit qaytarılmalıdır ki, banklar da öz öhdəliyini yerinə yetirə bilsin.

O ki qaldı Palatanın bankların tərəfində durmasına, rəhbərlik etdiyim qurum dövlətin, xalqın maraqlarını qoruyur".

R.Aslanov bankların məcburi qaydada təmərküzləşməsinin tərəfdarı olmadığını vurğulayıb:

"2-3 bankın, sığorta şirkətinin məcburi qaydada birləşdirilməsi uğursuz cəhddir. Bir problemin digər problemlə birləşdirilməsi bir böyük problemin yaranmasına səbəb olur. Bu zaman mahiyyət etibarilə heç nə dəyişmir. Məsuliyyət eyni olaraq qalır".

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}