Hökumətin yanlış siyasəti ölkədə maliyyə gərginliyini dərinləşdirir
Tarix: 30-12-2016 15:20 | Bölmə: Slayd

Məlum olduğu kimi, artıq neçə müddətdir ölkənin maliyyə bazarında ciddi narahatlıq var.

Banklar valyuta mübadiləsini ciddi şəkildə azaldıb, əksər banklar dollar satmır. Dollara tələbatını ödəmək məcburiyyətində qalanlar isə "qara bazar"a üz tutmalı olurlar. Amma hüquq-mühafizə orqanlarının "qara bazar" əməliyyatı bu sahədə də əhaliyə ciddi problemlər yaradıb. Yəni, kiçik və orta sahibkarlar lazım olan dolları tapmaqdan çətinlik çəkirlər. Hökumət isə məsələnin optimal həll variantını tapa bilmir.


İsqtisadçı-ekspert Samir Əliyev bizimlə söhbətində deyib ki, maliyyə bazarında yaranan gərginliyi sabitləşdirmək üçün kəskin devalvasiyaya gedilməlidir. Onun sözlərinə görə, ölkədə yaranmış dollar qıtlığı ciddi problemlərə yol açır.

Ekspert deyib ki, Azərbaycana neft gəlirləri xaricində dollar daxil olmadığına görə, qıtlıq yaranır: "Gələn il başlayanda artıq Neft Fondu bazara daha çox dollar çıxara bilər. Bununla da bazar müəyyən qədər sakitləşər.

Amma problem bununla həll olunmur. Çünki əsas problem ondan ibarətdir ki, ölkədə dollar qıtlığı var. Ölkəyə neftdən kənar dollar gəlmir.

"Qara bazar"a dollar ötürən banklara qarşı sərt addımlar atıldı. Bəzi bankların valyuta satışı lisenziyası əlindən alındı. Ona görə də bəzi banklar nə dollar alır, nə də satır. Mərkəzi Bank isə manatın rəsmi məzənnəsini yavaş-yavaş qaldırır".

Müsahibimiz nəzərə çatdırıb ki, yaxın dövrdə bazarda dollar qıtlığı davam edəcək. Çıxış yolu isə situasiyaya uyğun olaraq hökumətin növbəti dəfə kəskin devalvasiyaya getməsidir. "Devalvasiyaya getməlidir ki, bazar müəyyən qədər sakitləşsin. Belə olan halda onun təsiri daha çox olar. Banklar da ağır vəziyyətə düşər, qiymətlər də artar. Ümumiyyətlə, bunun çıxış yolu məzənnəni kəskin devalvasiyaya getməkdir. Bu isə indiki zamanda arzuolunan deyil. Çünki bunun fəsadları ağır ola bilər",- deyə S.Əliyev fikirini tamamlayıb. 

Məsələylə bağlı fikirlərini Reyting.az-la bölüşən iqtisadçı-ekspert Teyyub Əliyev bildirib ki, bir sıra səbəblərdən yaxın zamanda maliyyə bazarında vəziyyətin sabitləşəcəyi mümkün görünmür. Birinci başlıca səbəb Mərkəzi Bankın apardığı yanlış siyasətdir:

"İnkişaf etmiş ölkələrdə iqtisadi böhranların davam etdiyi müddətlərdə milli banklar mərkəzləşdirilmiş uçot dərəcələrini bir qayda olaraq aşağı salırlar ki, banklar da müştərilərinə - sahibkarlara aşağı faizlə kedit versinlər və beləliklə, iqtisadi inkişafın ləngiməsinin qarşısını alsınlar. Bizim Mərkəzi Bankın "başbilənləri" isə mərkəzləşdirilmiş uçot dərəcəsini 5 faizdən 15 faizə qaldırıblar! Belə yüksək faizlə Mərkəzi Bankdan kredit alan kommersiya bankları müştərilərinə hansı faizlə kredit verməlidir?

İkincisi, dollar ətrafında baş verən "oyunlar" bankları daha ehtiyatlı tərpənməyə vadar edir.

Üçüncüsü, hamıya məlumdur ki, hər bir kommersiya bankının həqiqi sahibi yüksək çinli məmurdur və bu səbəbdən banklar sərbəst maliyyə-kredit siyasəti yürüdə bilmirlər.

Dördüncüsü, əgər "qara bazar"a həqiqətən ciddi nəzarət varsa, bəs dollar bazara neçə çıxır? Görünür, burada da differensial yanaşma var".

Vəziyyətin sabitləşməsinə gəlincə, T.Əliyev deyib ki, ilk növbədə Mərkəzi Bankın mərkəzləşdirilmiş uçot dərəcəsini ən azı 3 faizə endirmək lazımdır:

"İkincisi, banklar üzərində məmur sahibkarlığı aradan qaldırılmalıdır (yəqin hansı məmurun, hansı banka sahib olduğunu müvafiq orqanlar yaxşı bilirlər).

Üçüncüsü, nəhayət qondarma tənzimlənən üzən məzənnə siyasətindən əl çəkmək, nə qədər ağır olsa da, həqiqi üzən məzənnəyə keçmək lazımdır.

Dördüncüsü, iqtisadi islahatlar kağız üzərindən real həyata keçirilməlidir.

Beşincisi, ən azından iqtisadi sferaya cavab verən nazirliklərdə köklü kadr islahatları aparılmalıdır. Çünki onların rəhbərləri heç vaxt öz mənafelərinə zidd ola biləcək (bunsuz isə iqtisadi inkişafa nail olmaq mümkün deyil!) iqtisadi islahatlara getməyəcəklər. İndi olduğu kimi, gələcəkdə də qeyd edilən istiqamətlərdəki mütərəqqi qəraraları sobataj edəcəklər.

Altıncısı, qəbul edilən qərarların həyata keçirilməsinin real mexanizmləri tətbiq edilməli və ona ciddi nəzarət olmalıdır",- deyə müsahibimiz fikrini tamamlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}