MTN generalları oğurladıqları böyük vəsaitləri qaytarmaq istəmir
Tarix: 13-01-2017 16:04 | Bölmə: Slayd

"MTN çetesi", onun ardınca "Rabitə işi" kimi səs-küylü məhkəmə prosesləri bir daha göstərdi ki, Azərbaycanın məmur korpusu rüşvət, korrupsiya və dələduzluq yolu ilə böyük vəsaitlərə sahib olub. Həm MTN, həm də Rabitəvə Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin müsadirə olunan əmlakları bu müddət ərzində nə qədər böyük pulların mənimsənildiyini sübuta yetirir.

Məlumat üçün bildirək ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi dövlət vəözəl sektorun 298 vəzifəli şəxsi barəsində 182 cinayət işinin istintaqını tamamlayaraq baxılması üçün məhkəmələrə göndərib.

Baş Prokurorluqda "2016-cı ildə prokurorluq orqanları tərəfindən görülən işlərin və qarşıda duran vəzifələr”in müzakirəsinə həsr olunan əməliyyat müşavirəsində çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, həmin işlər üzrə vurulan 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Z.Qaralov qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilib, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Amma bəzi mütəxəssislər iddia edirlər ki, həbs olunan məmurların milyonluq varidatının dövlətə necə qaytarılması proseduru şəffaf deyil. Yəni, müsadirə olunan miylonluq sərvətin dövlətə qaytarılması prosesi cəmiyyətə qaranlıq qalır. 

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-araşdırmaçı İlqar Altay Reyting.az-a deyib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi "milli" adından istifadə edərək nəinki dövlətin, bütün ölkənin ümummilli işinə qarışıb. Amma yaxşı mənada yox, ziyankarlıq mənasında:

"Bunlar öz rəhbərləri Eldar Mahmudov başda olmaqla tərbiyə, əxlaq, dünyagörüşlərinə uyğun olaraq, elə düşünüblər ki, bütün ölkə bunlara tapşırılıb və öz səlahiyyətlərini aşmaqla, total surətdə ölkənin hər sahəsinə müdaxilə edib yaramazlıqlar törətmək ixtiyarındadırlar. Bu düşüncə ilə bütün ölkəni çalıb-çapıblar, bir sahə buraxmayıblar. Həm iqtisadi, həm də çox yəqin ki, başqa hər tipli cinayət tərkibli əməllər törətməklə ziyan vurublar. Ancaq bu saat MTN bandası üzvlərinin törətdikləri hələlik iqtisadi-maliyyə tipli cinayət əməlləri araşdırılır. Görünür ki, ölkənin siyasi ya istintaq rəhbərliyi belə məqsədəmüvafiq sayır. Burada da söhbət sahibkarların, bəzi digər vəzifəli şəxslərin təhdid olunub pul alınması və bir-iki nazirliyin büdcəsinə vurulan ziyanlardan gedir. Yəni, hazırki çoxmilyonlu ziyan üzrə istintaq araşdırmaları və mühakimə prosesi onların törətdiyi iqtisadi cinayət, mənimsəmə əməllərinin bir hissəsini təşkil edir".

İ.Altay düşünür ki, çoxlu iş adamlarına, nazirliyə, idarə və müəssisələrə, vəzifəli şəxslərə qarşı törədilən yırtıcılıqlar kənarda qalıb:

"Həqiqətən, iqtisadi cinayətləri araşdırmaq istintaq-məhkəmə üçün ən çətin işdir. Ölüm, qəza və sair kimi cinayətlərlə nisbətdə xeyli çətindir. Hesab edirəm ki, əməliyyat, istintaq və məhkəmənin MTN bandasının illərlə törətdiyi iqtisadi cinayətlərin hətta bu hissəsini bir ilin içində bu dərəcədə ifşa etməsi çox böyük işdir. Çox böyük əmək, zəhmət tələb edir. Kriminalist-hüquqşünas müşahidəmə əsasən deyə bilərəm ki, bu proses mərhələli olaraq davam edəcək".

Ekspert bildirib ki, bu işdə çox zərərçəkən və zərərvuranlar üzə çıxacaq. Onun sözlərinə görə, bu dəstənin həm dövlət, həm cəmiyyət qarşısında ifşası üçün ən ağır zəhmət tələb edən iş ilk araşdırma və mühakimə işi olacaq:

"Söhbət vətəndaşlar və dövlətə dəyən ziyanların ödənilməsindən gedirsə, bu ziyanlar və onları törədən ziyankarlar məhkəmə tərəfindən qəti tanındıqda Azərbaycan qanunvericiliyinə uyğun maddi iddialar qaldırılır. Dəymiş ziyanlar ya təqsirləndirilənlər tərəfindən dərhal qaytarılmaqla, ya onların həbsdə və ya konfiskasiyadakı mülkiyyətləri ilə, ya da həbs müddətində onların üzərinə qoyulmuş maddi ziyan yükünün ödənilmə şərtləri ilə qaytarılır. Bunlar qanunvericilikdə detallarına kimi əksini tapıb. Ancaq mən düşünürəm ki, istintaq-məhkəmənin müəyyən etdiyi (müəyyən etmədiyi vəya edəbilmədiyindən söhbət getmir) ziyanların da ödənilməsi çətin olacaq. Əvvəla, mənimsənilmiş pullar, digər vəsaitlər ölkə və onun hüdudlarından kənarda xərclənib və bu gün qaytarılması mümkünsüzdür.

İkincisi, həbsdə olan mülk vədigər qiymətli əşyalar vaxtında külli miqdarda, öğurluq olduğu üçün birə-beş artıq səpələməklə alınıb. İndi, hər şeyin də ucuzlaşdığı vaxt onların satışı həmin ziyanları çətin ki, ödəsin.

Üçüncüsü, sovetlər dövründən qalma bir mühakimə ənənəsidir ki, müəyyən mənimsəmə, ziyan həddindən yuxarı, yəni 5 milyon, ya 50 milyon mənimsəmə eyni külli miqdar sayılmaqla eyni maksimum cəza müddəti yaradır. Ona görə də, təqsirləndirilənlər də bunu bilib, çətin ki, bundan sonra gizlətdikləri sərvətlərini səmimi etirafla gətirib ortaya qoysunlar. Yəni, bu kimi işlərdə qaytarılma məsələsi elə də problemsiz deyil".

İ.Altayın fikrincə, keçmiş MTN və onun rəhbəri E.Mahmudovun dəstəsi ölkə üzrə, bəlkə də cinayət qanununun dövlət təhlükəsizliyindən tutmuş şəxsiyyət əleyhinə kimi bütün fəsilləri və maddələri üzrə pozuntu əməlləri törədiblər.

"Bunların dövlətin konstitusional əsaslarına vurduğu zərbənin üzərinə gedilməsi bəlkə də, gedilməməsindən daha müvafiqdir. Bunların vəzifə və səlahiyyətlərindən sui-istifadə etməklə ictimai-mənəvi, əxlaqsız-pozğun əməllər törətməsinin ifşası bəlkə də müvafiq sayılmır. Yəni bu, bütün dövlətlərdə olur ki, bəzən tutulub həbs olunanın elə əməlləri olur ki, onları açıb-ağartmaq dövlət və ictimai maraqlara müvafiq gəlmir. Bununla belə, bu cinayətkar dəstə mənim şəxsi, amma ictimai tədqiqatçı, hüquqşünas, ekspert-kriminalist kimi müşahidə və fikrimə görə, əslində, vətən xaini və xalqının da faktiki düşmənləridir. Bunların Azərbaycana bu neçə illərdə vurduqları ziyanı bəlkə, heç kim vurmayıb. Bu dövlət və bu xalqdır ki, sarsılmadı bu canavar təbiətli "xüsusi xidmət" generallarının zərbələrindən.

Bu neçə illərdə bunların qanunsuz, özbaşına, cinayətkar-bandit əməllərini çoxları görür və bilirdi, üzərində hiss edirdi. Amma, bu dələduz fırıldaqçılar hər yerdə utanmadan dövlətin adından çıxış edib, bu əyinti əməllərinin indiki dövrdə dövlətin inkişafı üçün lazımlığını bildirirdilər. Guya bunlar dövlətin alt, MTN-in bilib və açıb göstərmədiyi alt-gizli qatı üçün çalışır. Ona görə susurdu camaat. Məsələn, məndə Qərbi Avropadan məlumat var idi ki, E.Mahmudov çox yuxarı vəzifəli işçisi vasitəsilə Rusiyanın Ukraynaya ilə sərhəd regionunda saxta siqaret kriminal mafiyası ilə şərikdir. Orada gizli istehsal olunan saxta siqaretlər TİR maşınlarla Ukraynaya, oradan Polşa və sonra Qərbi Avropaya daşınır. Mən dərin araşdırma aparıb bunu mətbuatda ictimailəşdirsəydim, dərhal beynəlxalq skandal olaraq ölkəmizə ziyan dəyərdi. Etməzdim amma, vətən təəssübü imkan verməzdi".

İ.Altay bildirib ki, MTN-nin beynəlxalq imkanlarından istifadə etməklə törətdiyi qanun pozuntusu da az deyil.

"Dünyanın çox ölkəsinə gedirdin, hər yerdə bunların adı hallanırdı. Mən, təbii ki, MTN sıralarında çalışan vicdanlı, vətənpərvər və professional, yüksək tərbiyə-səviyyəli bir çox insanları qətiyyən nəzərdə tutmuram. Təbii ki, Çovdarovdu, Elçin və İlqar Əliyevdi, o birilərdi - bunların başında durub yönəldən Eldar Mahmudov idi. Bu yırtıcı dəstəni də o yaratmışdı, o da öz komandasından istifadə edirdi. Öz xislətinə və tərbiyəsinə uyğun dövlətin verdiyi səlahiyyətlərdən, dövlət rəhbərliyinin etimadından sui-istifadə edib ölkəni çalıb-çapırdı",- deyə hüquqşünas fikrini tamamlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}