Şəhid əsgərimiz dəfn olunub - Fotolar
Tarix: 06-02-2017 15:51 | Bölmə: Slayd

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə keçirilən vida mərasimi başa çatıb.

Vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hərbçilər iştirak ediblər.(APA)

Müdafiə naziri Z.Həsənov şəhidin ailə üzvlərinə başsağlığı verib.

Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.

Vida mərasimində şəhid əsgərin həyat və xidməti barədə məlumat verilib.

Şəhid əsgər doğulduğu Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə izdiham yaşanıb. Şəhidin cənazəsi torpağa tapşırıldıqdan sonra məzarı üstünə əklil və qərənfillər qoyulub.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}