Hökumət məcburi köçkünlərlə qarşıdurmaya gedir
Tarix: 07-02-2017 15:54 | Bölmə: Slayd


Prezident İlham Əliyevin məcburi köçkünlərə aylıq 36 manat müavinətin verilməsi ilə bağlı sərəncamından sonra bəzi qurumlar bu kateqoriyadan olan vətəndaşlara yeni problemlər yaradır.

Məcburi köçkünlərə problem yaradan qurumlardan biri də "Azərişıq” Açıq Səhmdar Cəmiyyətidir. "Azərişıq”ın köçkünlərə məxsus sayğaclardakı son göstəriciləri silməsi ciddi narazılığa səbəb olub.

Reyting.az saytının məlumatına görə, məcburi köçkünlər Mia.az-a bildiriblər ki, indiyə qədər onlara ayrılan 150 kVt.saatlıq elektrik enerjisi limitindən qənaət edərək qalıq limit toplayıblar. Lakin sonuncu qəbz gələn zaman məlub olub ki, elektrik sayğaclarının son göstəricisi sıfırlalanıb. 

Məcburi köçkünlərə analoji problem qazla bağlı da yaradılıb. Rəsmi qurumlar isə hələlik bu barədə məlumat verməkdən yayınırlar.

Məsələnin mahiyyətini araşdırmaq üçün məcburi köçkün rayonlarının Milli Məclisdəki təmsilçiləri və ekspertlərlə söhbət zamanı deputat Elman Məmmədov deyib ki, sözügedən məsələ onu da narahat edir:

«Məcburi köçkün rayonlarının icra başçıları, deputatları «Qaçqınkom» sədri Əli Həsənovla görüş zamanı bu məsələni qaldırmışdıq. Müzakirə elədik ki, köçkün ailələrinin bir çoxu onlara verilən limiti qənaətlə işlədiblər və xeyli qalıq var. Amma Prezidentin məlum sərəncamından sonra köçkünlərin mənzillərinə quraşdırılan limitin sıfırlandığı bildirilir. Biz təklif elədik ki, əlavə qalıq limitlər silinməsin”.

E.Məmmədovun sözlərinə görə, məsələ bununla bitmir. Elə ərazilər var ki, orada məskunlaşan köçkünlər yalnız elektrik enerjisi istifadə ediblər: "Qaz olmadığından, məcburən işıqdan istifadə etdiklərinə görə, limiti aşaraq xeyli borc yaranıb. Biz bu məsələni də müzakirəyə çıxarıb xahiş elədik ki, hökumət bunu da nəzərə alaraq, müvafiq addımlar atsa, daha yaxşı olar. Hər halda, mən bir millət vəkili kimi bu məsələdə köçkünlərin mövqeyindən çıxış edirəm.

Cənab Prezident hər zaman köçkünləri diqqət mərkəzində saxlayıb, ümid edirəm ki, bu məsələ də öz həllini tapacaq». 

Digər köçkün rayonun Milli Məclisdəki digər təmsilçisi Astan Şahverdiyev isə bu barədə danışmaqdan yayınıb. O, «Bu məsələ barədə detallı məlumatım yoxdur. Yəqin ki, mütəxəssislər hesablayıb öz qərarlarını verəcəklər. Bu səbəbdən də,lavə nəsə demək istəmirəm. Prezidentimiz hər zaman məcburi köçkünlərə xüsusi qayğı göstərib, yəqin ki, indi ortaya çıxa bilən problemlərin həlli ilə bağlı da lazımi göstəriş verər. Amma siz deyən məsələ barədə heç nə deyə bilmərəm»,-söyləməklə kifayətlənib.

Hüququşünas Ələsgər Məmmədli isə bildirib ki, köçkünlərə verilən limitin silinməsində hər hansı bir pozuntu yoxdur.

Onun sözlərinə görə, bu, hökumətin insiativində olan məsələdir: «Hökumət qərar verib ki, yeni ildən köçkünlərin kommunal xərclərini nağd şəkildə ödəsin. Yəni, aylıq müavinətin içərisində kommunal xərc də var. Yanvardan sonra həmin vəsaitlər məcburi köçkünlərin özlərinə ödənir. Amma başqa bir məqam var ki, qənaət nəticəsində toplanan qalıq limiti silirlər, əlavə borcları yox. O zaman ziddiyyət yaranır. Əgər yanvardan verilən müavinət bundan sonrakı dövrə aiddirsə, köhnə borclar da silinməlidir. Yəni, burada ziddiyyətli məqam var. Hər halda, hökumət məcburi köçkünlərin həssas təbəqə olduğunu nəzərə almalıdır. Təbii ki, bu amil nəzərə alınmasa, narazılığın yaranması normaldır».

Məcburi köçkünlərə qarşı edilən bu haqsızlıq siyasi düşərgə tərəfindən də etirazla qarşılanıb.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, hakimiyyətin maliyyə resursları o qədər bərbaddır ki, artıq əhali kateqoriyalarına, büdcə yığımlarının istiqamətinə diqqət yetirmir: «Çalışırlar ki, büdcə çatışmazlıqları kompensasiya edilsin. Əlbəttə ki, ödəyicilər sırasında ev-eşiyindən didərgin salınmış, əmlakından məhrum olmuş köçkünlərin vəziyyəti nəzərə alınmalı idi. Heç bir halda stress şəraitində mövcud olan cəmiyyət seqmentinə toxunmaq olmazdı. Çünki millətin bu təbəqəsi hər gün, hər saat sarsıntı keçirir, xüsusən mənən. Biz qəbirlərimizi ziyarət imkanına malikiksə, evimizə çəkilə biliriksə, onlar bu mənəvi rahatlıqdan məhrumdurlar. Hökümət gərək öz bacarıqsızlığına qaçqın və məcburi köçkünləri şərik etməyəydi».

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}