Ölkədə dini zəmində təxribat təhlükəsi artır
Tarix: 07-02-2017 17:00 | Bölmə: Slayd

Bir müddət ölkədə dini zəmində sakitlik yaransa da, son dövrlər bu sahədə yenidən aktivlik müşahidə olunur. Təhlükəli məqamlardan biri də odur ki, artıq radikal dini qruplaşma üzvləri xüsusi xidmət orqanları ilə silahlı qarşıdurmadan da çəkinmirlər.

Belə ki, bir neçə gün bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda terror törətmək istəyən şəxslərin saxlanılması üçün əməliyyat keçirib. Dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - "Abu Hafsa" ləqəbli M.Ulubəyovun, "Abdulqərib" ləqəbli Q.Dəmirovun, "Əbdülxalid" ləqəbli H.Sadıqovun, T.Alməmmədovun və "Abdullah" ləqəbli S.Məmmədovun tutulması üçün 2017-ci il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, H.Sadıqov isə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, bir qədər öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə cəmiyyətə ciddi mesaj vermişdi. QMİ sədri Azərbaycana gələn ərəb turistləri arasında dini ekstremizmi təbliğ edənlərin olduğuna işarə edərək, dolayısı ilə bildirmişdi ki, ölkəmizə gələn ərəblər arasında missionerlər də var və vəhabiliyin güclənməsinə təkan verilir.

İlham İsmayıl: "Ölkədə kifayət qədər gizli təşkilatlanmış və mümkündür ki, gizli silahlanmış iki dini cameə var"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı, ehtiyatda olan polkovnik İlham İsmayıl "Reytinq"ə deyib ki, burada məsələni dini zəmində gərginliyin aktivləşməsi, terrorçuların aqressivləşməsi ilə əlaqələndirmək lazım deyil.

İ.İsmayılın fikrincə, Dövlət Təhlükəsizliyi Xidməti cəmiyyətə yetəri qədər informasiya vermədiyi üçün bu cür narahatlıqlar ortaya çıxır: "Bəlkə də belə yaxşıdır. Ola bilsin, DTX bunu daha düzgün hesab edir. Çünki biz bilmirik ki, terrorçu kimdir, hansı dəstənin üzvüdür, necə olub ki, ora düşüb? Türkiyədə 39 nəfəri öldürən adamla bağlı bütün informasiya açıq şəkildə təqdim olunur. Amma bizdə informasiya qıtlığı var və bu qıtlıqdan müxtəlif mühakimələr irəli sürülür. O cümlədən, düşünürük ki, terrorçular artıq Azərbaycana ayaq açıblar, çatışmaya girirlər və öldürülürlər.

Siz özünüz də bilirsiniz ki, terrorçunun diri tutulması daha effektlidir. Çünki o zaman əlavə informasiya əldə etmək, əlavə mənbələrə çıxmaq mümkündür. Belə çıxır ki, əməliyyatlar yaxşı keçirilmir. İzləyərsən, yerini müəyyənləşdirərsən və münasib bir zamanda tutarsan, lazımi informasiyalar əldə edərsən.

Eyniz zamanda atışmada əks tərəf də, yəni DTX-nın əməkdaşları da həlak ola bilərlər. Hər halda, bu barədə informasiya yoxdur".

Sabiq MTN polkovniki vurğulayıb ki, DTX-nın son əməliyyatlarında bir müəmma var. Müəmmanın nədən ibarət olduğunu deyə bilməsə də, İ.İsmayıl bildirib ki, informasiya qıtlığı olduğu üçün konkret şərh vermək çətindir: "Onlar həqiqətən terrorçudurlarmı, biz fikirləşdiyimiz kimi İŞİD üzvləridirmi, yaxud hansısa radikal islamçıdırlar, bəlkə də onlar tamam başqa məsələlərə hazırlaşırlar? Yəni, bu barədə dəqiq məlumatlar yoxdur. Yəqin ki, bütün bunlar cəmiyyəti gərginləşdirməmək üçündür".

İ.İsmayıl qeyd edib ki, o, bu əməliyyatları izləyir və onun fikrincə, əməliyyatların keyfiyyəti aşağıdır:

"Terrorçu səngərdə dayanmayıb ki, onun sakit bir zamanı olmasın. Necə terrorçudur ki, evindən çölə çıxmır? Yaxşı əməliyyatla onu evində də diri tutmaq mümkündür”.

İ.İsmayıl bildirib ki, terrorçuların öldürülməsi müəyyən suallar yaradır. Bütün bu müəmmaların səbəbi isə informasiyasızlıqdır:

"Əgər bu cür qeyri-müəyyən vəziyyətin olmasını istəmirlərsə, müəyyən ipucları verməlidirlər və cəmiyyət də rahatlaşmalıdır. Yoxsa belə bir rəy yaranar ki, terrorçuların sayı o qədər artıb ki, müdaxilə olan kimi atışmağa başlayırlar. Bir də maraqlıdır ki, atışmağa təşəbbüs terrorçudan olur, yoxsa əməliyyat işçilərindən. Yenə deyirəm, o əməliyyat effektli sayılır ki, terrorçu sağ tutulsun".

Ölkədə dini qarşıdurmanın yaranmasına zəminin olub-olmadığına gəlincə, İ.İsmayıl bu sahədə ciddi narahatlıq üçün əsasların olduğunu bildirib. Onun sözlərinə görə, ölkədə gizli təşkilatlanmış radikal islamçı qüvvələr var:

"Ölkədə kifayət qədər gizli təşkilatlanmış və mümkündür ki, gizli silahlanmış iki dini cameə var. Biri radikal şiələrdir. Ölkənin cənubundan tutmuş Bakı ətrafına qədər zaman-zaman üzə çıxıblar. İkincisi isə sələfilərdir.

Məlumdur ki, bu saat İŞİD-in tərkibində vuruşanların çoxu sələfilərdir. Amma bunlar üçün Azərbaycanda zaman yetişməyib. Çox güman ki, bunları maraqlandıran və izlədikləri proses iqtisadi böhran və bu böhranın nəticəsində kütlənin ayağa qalxmasıdır. Kütlədə başıpozuq şəkildə hər hansı etiraz yaranarsa, onda situasiyanı ələ almaq həmin o dini qruplara mənsub olacaq. Çünki sivil siyasi müxalifət etibarını itirib, digər tərəfdən, xalq yenilik axtarır və bunu sivil siyasi güclərin simasında görmür. Həmin anda dindarların önə çıxması, çox təəssüf ki, bəzən silahla önə çıxması mümkündür. O zaman dediyim qruplar arasında qarşıdurma yaranacaq. Qarşıdurma yarananda dövlət işə qarışacaq. Dövlət işə qarışanda maraqlar böyüyəcək, xarici, daxili maraqlar prosesləri fərqli müstəviyə çəkəcək. O zaman da çox pis vəziyyət yarana bilər".

İ.İsmayıl hesab edir ki, bütün bunların fonunda cəmiyyətdə baş verən ümidsizlik, iqtisadi böhran, haqsızlıq, ədalətsizlik və digər məqamlar hakim kəsilir: "Belə anlarda dindarlar müqəddəslərin adı ilə önə çıxmağı bacarırlar. Ona görə də bu məsələlərə daha həssas yanaşmaq və hazırlıqlı olmaq lazımdır". 

Vüsal Hətəmov: "Artıq terrorçular təbliğat mərhələsindən təxribat mərhələsinə qədəm qoyur"

Mövzu ilə bağlı fikirlərini "Reytinq"lə bölüşən şərqşünas-politoloq Vüsal Hətəmov isə bildirib ki, Azərbaycanda bu sahədə təhlükə uzaqda deyil və artıq vəziyyət kritik həddədir:

"Terrorçuları gözləmək lazım deyil, onlar hər an peyda olur. Bunun üçün hüquq-mühafizə orqanları hər an ayıq-sayıq olmalıdır. Dəfələrlə ölkəmizdə terror hadisələrinə cəhd edilib. Genişmiqyaslı olmasa da, bunların bir neçəsi baş tutub. Nəzərə alanda ki, terrorçuların əksəriyyəti gənclər olur, məsələ bir qədər də ciddiləşir.

Bildiyimiz kimi, son illər dünyada, xüsusilə də Yaxın Şərqdə baş verən terror hadisələrində əsasən, dini ideyalı gənclər iştirak edir. Gənclərimizin bu yollara düşməsinin isə iki əsas səbəb var:

birincisi, dini-ideoloji bilgilərin az olması,

ikincisi, sosioloji problemlər, işsizlik.

Terror şəbəkələri belə gəncləri mahircəsinə ovlaya bilir.

Acı da olsa, etiraf etməliyik ki, son zamanlar qeyri-ənənəvi dini cərəyan üzvləri radkillaşmaqdadır. Əvvəllər əgər belə radikal dəstələr qeyri-qanuni təbliğat üzərində yaxalanırdısa, indi artıq silahlı münaqişələr baş verir. Son aylarda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə radikal dini terrorçular arasında bir neçə qanlı olayı qeyd etmək olar. Bu da onu göstərir ki, artıq terrorçular təbliğat mərhələsindən təxribat mərhələsinə qədəm qoyur".

Müsahibimiz deyib ki, hüquq-mühafizə orqanları əsasən üç dövlətin dini siyasət ixracının qarşısında durur. Bunlar İran, Türkiyə və Səudiyyə Ərəbistandır. Onun sözlərinə görə, bunların içərisində, əsasən, Səudiyyə Ərəbistanında oxuyub gələnlər radikallıqda seçilirlər:

"Əslində, terrorçunun nə vətəni olur, nə dini. Lakin bildiyimiz kimi, İslam dininin ən radikal qollarından hesab edilən vəhabilik-sələfilik Səudiyyə Ərəbistanını özlərinə mərkəz hesab edir. İŞİD, Əl-Qaidə və bir sıra terror təşkilatları da özlərini vəhabi-sələfi əqidəsinin nümayəndəsi kimi qələmə verirlər. Son zamanlar dünyada baş verən dini terror cərəyanlarının da qaynağı həmin ölkəyə gedib çıxır. Ölkəmizə gələn ərəb turistlərindən tutmuş, ərəb xeyriyyə cəmiyyətlərinə qədər - hamısı incə şəkildə nəzarətə götürülməlidir".

V.Hətəmov qeyd edib ki, dini zəmində baş verə biləcək qarşıdurma həmişə realdır. İraq, Suriya, Əfqanıstan, Türkiyə də buna misaldır: "Bizim kimi dövlətlərdə məsələ bir qədər fərqlidir. Yəni dininə yeni qayıtmış ölkələrdə, əslində, dindara öz dövləti sahib çıxmalıdır, hansısa müsəlman dövləti yox. Savadsız, dünyagörüşü dar olan dindar cahil insandan da qorxuludur. Onun məzhəbinin mərkəzi olan hansısa dövlət istənilən an həmin dindarı ələ ala və öz çirkin niyyətinin qurbanına çevirə bilər".

Dini işlər üzrə müvafiq dövlət qurumlarının bu işdə yarıtmazlığına da toxunan V.Hətəmov deyib ki, QHT sektoru bu məsələdə səfərbər olmalıdır: "Biz harada gecikmişik?! Necə olur ki, göz görə-görə gənclərimiz əlimizdən alınır? Bu gənclər harada təlimatlanır? Hansı məscidlərdə, mərkəzlərdə yetişir? Bunların dini liderləri niyə ifşa olunmur?

Ölkədə dini sahə üzrə iki böyük qurum var - QMİ və DQİDK. Lakin görünür, bunların fəaliyyəti qaneedici deyil. Yas məclislərinin molla qurumuna çevrilmiş QMİ və hesabat xarakterli tədbirlərlə gündəmdə görünən DQİDK məktəblərdə, gənclər arasında dini maariflənmə ilə bağlı işlək mexanizm yaratmalıdır. Gənclər mənəvi bilgilərini, dinlərini öz alimlərimizdən, ilahiyyatçılarımızdan öyrənməlidir. Gələcəyimizi xarici missionerlərin məqsədlərinə qurban vermək olmaz. Gənclər təşkilatları, QHT nümayəndələri radikalizmlə bağlı tədbirlərə start verməlidir. Ölkədə sağlam dini media yolu qurulmalıdır. Gənclərimiz bütün dini maarifi özümüzdən əxz etməlidir".

V.Hətəmov sonda qeyd edib ki, radikal din daşıyıcıları ilə hər zaman hüquq-mühafizə çapında danışmaq tövsiyə edilmir:

"Hüquq-mühafizə orqanlarının işi sonuncu tədbir sayılmalıdır. Elə radikal dindarlar var ki, onlarla bir qədər söhbət etdikdən sonra anlaşma yaranır, yanlış istiqamətdə olduqlarını başa düşürlər. Sadəcə, müvafiq dini dövlət təsisatları öz işlərini düzgün qura bilmirlər".

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}