Rusiya Lapşin məsələsində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir
Tarix: 08-02-2017 14:52 | Bölmə: Slayd

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin "müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloqqer Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib.

Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil verilən A.Lapşin Bakıya gətirilib. 

Xatırladaq ki, A.Lapşin "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, "Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün "http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və ölkəmizə ekstradisiya olunan israil əsilli blogger A.Lapşinin cinayət işi üzrə bəzi məlumatlar bəlli olub.

A.Lapşin barəsində cinayət işinin istntaqını Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsi aparır. 2016-cı il iyulun 1-də baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənovanın qərarı ilə A.Lapşin barəsində axtarışa verilməklə qiyabi həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A.Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil də təyin olunub. Vəkil Səfər Hüseynov onun müdafiəçisidir.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Lapşinin Azərbaycana ekstradisiyasını mühüm hadisə sayır.

Onun sözlərinə görə, Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir:

"Hər iki halda Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb.

Bu baxımdan qeyd edəcəyim ikinci məqam ondan ibarətdir ki, Lapşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçmiş, ölkəmizin qanunlarına məhəl qoymamışdır. 3 ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir ".

Şura sədri bildirib ki, Lapşin söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə «bəhrələnmənin» bariz nümunəsidir:

"Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir aidiyyatı yoxdur. Düşünürəm ki, bu şəxsin Azərbaycanın timsalında məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir”.

Amaşovun fikrincə, Lapşinin ekstradisiyası Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tam həssaslıqla yanaşdığının, bu istiqamətdəki hər hansı diskonfortu aradan qaldırmaq əzminin, iradəsinin, barışmazlığının, qətiyyət və prinsipiallığının dünyaya növbəti nümayişidir.

Onu da qeyd edək ki, ermənipərəst dairələr Lapişinin ekstrasiyasına qarşı çıxır, Azərbaycanın haqlı mövqeyinə əhəmiyyət vermək istəmirlər.

Rusiyanın Xarici İşlər Nazirliyi isə A.Lapşinin Azərbaycana ekstradisiyası ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir: "Fevralın 7-də Belarus Respublikasının Ali Məhkəməsi qapalı rejimdə Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması haqqında Belarus Prokurorluğunun qərarından şikayətini təmin etməyib”.

Bəyanatda bildirilir ki, Rusiya tərəfi Rusiya və Belarus arasındakı müttəfiqlik əlaqələrinin ruhuna uyğun olmayan məlum qərardan dərin məyusluq hissi keçirir.

"Rusiya öz vətəndaşının tezliklə öz ailəsinə qaytarılması məqsədilə onun qanuni maraq və hüquqlarının qorunması üçün bütün tədbirləri görəcək”,-deyə bəyanatda qeyd edilir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}