17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ölkə müxalifəti iqtidarla mübarizənin yeni yollarını arayır
Tarix: 25-02-2017 17:37 | Bölmə: Slayd

Artıq 2017-ci ilin ikinci ayı başa çatmaq üzrədir. Qarşıdan gələn yaz fəslində ictimai-siyasi düşərgədə aktivliyin olacağı ehtimal edilir.

İlin bütün dövrlərində siyasi fəallığı ilə seçilən hakimiyyət təmsilçiləri bu ilə önəmli dəyişikliklərlə başlayıb. Görünən odur ki, qarşıdakı dövrdə də hakimiyyət aktiv fazada qalacaq.

Maraqlıdır,görəsən, uzun müddətdir passivlik sindromundan çıxa bilməyən ölkə müxalifətinin 2017-ci ildə planları nədən ibarətdir?

"Reytinq” bu və digər suallarına cavab almaq üçün müxalifət nümayəndələrinə müraciət edib.

"2017 - avtoritarizmlə mübarizə ilidir” 

Müsavat Partiyasının başqanı Arif Hacılı «Reytinq»ə açıqlamasında hakimiyyətin daxili vəxarici siyasəti nəticəsində Azərbaycan dövlətinin bir tərəfdən beynəlxalq aləmdən, mütərəqqi dünyadan təcrid vəziyyətinə gətirildiyini, digər tərəfdən isə dərin iqtisadi böhranla üzləşdiyini deyib.

Onun sözlərinə görə, ölkədə vətəndaş qarşıdurması artıb, təbəqələşmə dərinləşib. A.Hacılı bildirib ki, iki ildir davam edən və getdikcə daha da dərinləşən iqtisadi böhran hakimiyyətin ölkəni bu ağır vəziyyətdən xilas etmək gücündə olmadığını aşkara çıxarıb:

"Hadisələrin inkişafı göstərir ki, Azərbaycanda vəziyyətin dəyişməsi həm ölkənin, cəmiyyətin maraqları, həm də yetişən ictimai-siyasi şərtlər baxımından zəruridir. Müsavat Partiyası gözlənilən dəyişikliklərin dövlətimizin və cəmiyyətimizin mənafeyinə uyğun olması üçün bir sıra tədbirlərin həyata keçirilməsini vacib sayır və 2017-cı ili avtoritarizmə qarşı mühüm mübarizə ili elan edir».

Müsavat başqanı qeyd edib ki, dərinləşən siyasi-iqtisadi böhran dövrünün əhatəli təhlili, gözlənilən siyasi dəyişikliklərin mümkün inkişaf istiqamətlərinin təhlili, yeni şəraitdə demokratiya uğrunda mübarizə vizyonunun dəqiqləşdirilməsi, dinc mübarizənin sistemləşdirilməsi istiqamətində elektoral resursun səfərbər edilməsi məqsədilə yerli strukturların möhkəmləndirilməsi, demokratik təşkilatların vahid hədəf uğrunda konsolidasiyasına nail olmaq üçün səylərin davam etdirilməsi nəzərdə tutulub. «Bundan əlavə, regionda və dünyada gedən proseslərin Azərbaycanın maraqlarına faydalı və zərərli nəticələrinin analizi və müxtəlif güc mərkəzlərinin hədəflərinin proqnozlaşdırılması nəzərdə tutulur. 24 illik avtoritar idarəetmənin fəsadları kimi suverenlik, dünyəvilik və cümhuriyyətçilik baxımından Azərbaycanı gözləyən siyasi-ideoloji, regional-geopolitik təhlükələrin geniş analizinin aparılması və baş verəcək siyasi dəyişikliklərdə prosesin Azərbaycanın maraqları baxımından müsavatçılıq prinsiplərinin dominant cərayan etməsinin təminatlı əsaslarına nail olmaq da əsas hədəflərdən olacaq”.

Yeni siyasi üsullar tətbiq ediləcək

Müsavat başqanı qeyd edib ki, insan haqlarının, siyasi azadlıqların təmin edilməsi sahəsində də bir sıra addımlar atılacaq: "Bərabərhüquqlu siyasi rəqabət şəraitinin yaradılması üçün davamlı mübarizənin təşkili, seçki qanunvericiliyinin demokratikləşdirilməsi məqsədilə müvafiq sənədlərin hazırlanması və bu dəyişikliklərə nail olmaq üçün mübarizə, sərbəst toplaşmaq azadlığı hüququnun, söz və ifadə azadlığının təmin edilməsi üçün müvafiq tədbirlərin hazırlanıb həyata keçirilməsinə çalışacağıq. Bununla yanaşı, hakimiyyətin insan hüquq və azadlıqlarına basqısı, müxalifət nümayəndələrinə, jurnalistlərə, vətəndaş cəmiyyətinə qarşı tətbiq etdiyi repressiya siyasəti haqda hesabatların hazırlanması, siyasi vəvicdan məhbuslarının azadlığa çıxması uğrunda mübarizənin gücləndirilməsi, ölkəmizdə insan haqlarının acınaqcaqlı vəziyyətinin aradan qaldırılması uğrunda aparılan ardıcıl mübarizənin daha da gücləndirilməsi və mübarizənin uğur qazanması üçün yeni siyasi üsulların tətbiqi əsas hədəf kimi müəyyənləşdirilib».

İslahatlar paketi hazırlanacaq

A.Hacılı onu da deyib ki, hakimiyyətin iqtisadi siyasətinin iflasına dair faktların toplanması, tədqiq edilməsi, qiymətləndirilməsi ilə bağlı da planları var. Onun sözlərinə görə, hakimiyyətin korrupsiya siyasətinin girovuna çevrilmiş ölkə iqtisadiyyatını yaxalayan və hər gün bir az daha çox dərinləşməkdə olan iqtisadi böhranın təsirlərinin azaldılması üçün böhrandan çıxış yollarının araşdırılması üçün bütün addımlar atılacaq: «Bundan əlavə, zəruri siyasi-iqtisadi islahatlar barədə təkliflərin hazırlanıb cəmiyyətə təqdim edilməsi, bu təkliflərin həyata keçirilməsinə hökuməti vadar etmək üçün təsirli mexanizmlərin hazırlanıb tətbiq edilməsi üçün bütün imkanlar səfərbər olunacaq. Eyni zamanda, "2018-ci il üçün Müsavat Hökümətinin İqtisadi İnkişaf Konsepsiyası” sənədinin hazırlanması, Azərbaycanın uğurlu inkişaf modelinin, firavan cəmiyyətin yaradılması məqsədilə yeni proqramların, təkmil idəriçilik, struktural və institutsional islahatlar paketinin hazırlanması da nəzərdə tutulur».

hlükəli proseslər gedir

 

ADP sədrinin müavini Həsrət Rüstəmov isə deyib ki, bu il ərzində partiyanın yerli strukturlarını bacardıqları qədər fəallaşdırmağı, yeni üzvlər, xüsusilə də gəncləri partiyaya cəlb etmək məqsədilə kampaniyalar keçirməyi düşünürlər: «Bildiyiniz kimi, bu ilə seçkilər planlaşdırılmır. Bu baxımdan, fəal siyasi il olacağı gözlənilməməlidir. Amma sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi, iqtidarın səhv siyasəti nəticəsində ölkənin sürətlə böhrana yuvarlanması bu il də ciddi siyasi hadisələrin olacağını proqnozlaşdırmağa əsas verir.

Dünyada və regionda da maraqlı, eyni zamanda təhlükəli proseslər gedir. Bunları nəzərə alsaq, siyasi partiyaların hadisə və proseslərə yön verə bilməsi üçün ciddi işləməsi çox vacibdir».

Hakimiyyətin söykəndiyi "laylar” laxlayacaq

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin fikrinə gəldikdə, bildirib ki, 2017-ci il siyasi fəallıq ili kimi görünmür, çünki seçki ili deyil. Ona görə də ağırlığı siyasi təşkilatlanma və təbliğat işinə, Nizamnamə tələblərindən irəli gələn fəaliyyətə yönəldiblər: «Lakin son Prezident sərəncamı siyasi mənzərəni bütünlüklə dəyişdi. Fikirləşirəm ki, iqtidar-müxalifət müstəvisində yox, hakimiyyətin söykəndiyi "laylar” hərəkətə keçəcək. Bu təyinat hakimiyyətin əsaslı şəkildə altyapısına təsir göstərəcək. Qərar, demək olar ki, cəmiyyətin bütün seqmentlərini tərpədəcək. Ona görə də partiyalar öz siyasi gündəliklərinə yenidən baxmalıdırlar. Biz belə düşünür, belə də hərəkət edəcəyik.

Cəmiyyətdə həm böhran, həm də hakimiyyətdaxili situasiya ciddi hərəkətlənməni şərtləndirəcək. Siyasi qüvvələrdən kim yeni dövrə adaptasiya olunacaqsa, həmin təşkilatların inkişafı qaçılmaz olacaq.

Dünənə qədər partiyaların güclənməsi üçün resurslar ya xofdan, ya da praqmatik maraqlardan kənarda idi. İndi isə böhran və regional mahiyyətli hakimiyyətdaxili yerdəyişmələr bu ehtiyatları siyasi proseslərə yönəldəcək».

Növbədənkənar seçki keçirilə bilər

Partiya sədri bu il növbədənkənar seçkilərin keçirilməsini də istisna etmir. Onun sözlərinə görə, Konstitusiya dəyişikliklərindən sonra Prezident səlahiyyətlərini və digər müddəaları yeni tələblərə uyğunlaşdırmaq üçün bu addımın atılma zərurəti yarana bilər: «Hakimiyyət həm də gələn ili özü üçün uğurlu görməyə bilər. Çünki dərinləşən böhran, yeni təyinatın hakim regional komandada yaratdığı "soyuq duş” effekti və tədrici bərpa üçün zaman, 100 illik Cümhuriyyət və Elçibəyin 80 illik yubileyləri şəksiz ki, iqtidar opponentlərinin gücünə güc qatacaq. Ən azı bu səbəblərdən bu il seçki ili ola bilər. Bir sözlə, hakimiyyətin bugünkü mürəkkəb durumunda müxalif partiyalar hər an üçün müsəlləh olmağı bacarmalıdır. Günün bu reallığı bizim fəaliyyət prioritetlərimizin ardıcıllığını müəyyən etməlidir. Qarşıdan gələn siyasi mərhələni iqtidar üçün eniş, müxaliflər üçün yoxuş kimi görürəm».

Müxalifətin ciddi planı yoxdur

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə, son illər müxalifətin sistemli şəkildə hansısa planının olması barədə danışmağı doğru saymır. Onun fikrincə, indi hasısa planlar qurmaq xəyallarla yaşamaqdan başqa bir şey deyil: «Ona görə ki, müxalifətin fikri nəzərə alınmır və ölkədəki ictimai-siyasi situasiyaya təsiri minimum səviyyədədir. Bunu etiraf etmək lazımdır. Doğrudur, hazırda bu fikri söyləyənlər müxalif düşərgənin bir çox simaları tərəfindən tənqid olunur və "hakimiyyətin dəyirmanına su tökməkdə” ittiham edilirlər. Zənnimcə, müxalifətin gücsüz və təsirsiz hala salınmasını həm də ona görə dəfələrlə vurğulamaq lazımdır ki, ictimaiyyət mövcud proseslərin gedişində onun iştirakının olmadığını bilsin.

Bundan başqa, bunu zəruri edən səbəblərdən biri də budur ki, müxalifət gələcəkdə yarana biləcək məsuliyyətdən azad olsun. Buna görə də indi baş verən proseslərin heç birində iştirakçı olmadığını bəyan etməlidir.

Müxalifətin səsinin eşidilmədiyi bir dövrdə onun ciddi planlarının olması da mümkün deyil. Beləbir situasiyada müxalifət yalnız öz resurslarını, daha doğrusu, sosial bazasını qorumaqla məşğul olmalı və ictimai fikirdə unudulmamağa çalışmalıdır. Eyni zamanda, yeri gəldikcə ölkədə baş verən siyasi, iqtisadi, ictimai hadisələrə münasibət bildirməli, vəziyyətin gedişini şərh etməlidir».

Ölkədə ciddi islahatlar aparılmalıdır

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə dəyişmiş siyasi vəziyyətdə yeni taktika tətbiq etməyə ehtiyac duyur: "Biz məmurları həm ciddi tənqid etməli, ifşa etməli, həm də onlara müəyyən şərtlərlə öz tamahından "xilas cığırı" açmalıyıq ki, əllərində cəmlənmiş oğurluq milyardlar xalqın qanının tökülməsinə deyil, ölkənin çiçəklənməsinə yönəlsin. Bunun üçün mənbəyi müəyyən olmayan məmur maliyyəsinin amnistisiyası haqqında referendumda Konstitusiya Qanunu qəbul edilməli, onların hansı şərtlərlə dövlət büdcəsinə qaytarılması, bəyannamə verən, xalqdan oğurlanmış, korrupsiya yolu ilə əldə olunmuş pullar haqqına bəyannamə verib, dövlətlə əməkdaşlıq etmək istəyənlərin məsuliyyətdən və cəzadan azad olunmasının şərtləri göstərilməlidir”.

Ə.Temirxan sonda qeyd edib ki, ölkəni bataqlıqdan çıxara bilən köklü siyasi və sosial-iqtisadi islahatlar keçirilməlidir.

O ki qaldı ALP-nin 2017-ci il planına, Ə.Temirxan bu məsələyə toxunmaq istəməyib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}