Rusiya Qarabağ cəbhəsində gərginliyi artırır
Tarix: 27-02-2017 18:05 | Bölmə: Slayd

İki gün əvvəl cəbhə bölgəsində gərginlik yaşanıb. Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonaya davam edən səfəri zamanı əsas diqqət Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərinin qarşısının qoşunlarımız tərəfindən qətiyyətlə alınması üzrə tədbirlərin görülməsinə yönəldilib. Gecə saatlarında ön xətdəki bölmələrimizi yoxlayarkən, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib. Yerində verilən tapşırıqlar və dərhal görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur edilib.

Nazirlikdən bildirilib ki, Talış kəndini, ətraf əraziləri nəzarətdə saxlayan mövqelərdə, Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi istiqamətində yerləşən bölmələrdə olan nazirliyin rəhbərliyi düşmənin ön xətt mövqelərini müşahidə edib. Təmas xəttində gərginlik müəyyən dərəcədə artsa da, narahatlıq hələ də davam edir.

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov "Reytinq"ə deyib ki, Qarabağ cəbhəsində vəziyyət həqiqətən gərgindir. Onun sözlərinə görə, müdafiə nazirinin cəbhə bölgəsinə təcili yollanması sıradan bir məsələ deyil.

Üzeyir Cəfərovun sözlərinə görə, Ermənistan prezidenti Sarkisyan cəbhədə vəziyyətin gərginləşdirilməsiylə bağlı tapşırıq verib. Yəni, diqqəti Ermənistandakı seçkilərdən yayındırmaq üçün qarşı tərəf təxribatları intensivləşdirib.

Müsahibimiz baş verən prosesdə Rusiyanın da müəyyən rolunun olduğunu dilə gətirib. Ekspert, Rusiyanın çox hiyləgər siyasət apardığını, onun Azərbaycana qarşı qeyri-səmimi olduğunu diqqətə çatdırıb:

"Bu yaxınlarda Ermənistanın müdafiə naziri Moskvada oldu və Tehrana getdi. Oradakı danışıqların mövzusu Rusiyanın regiondakı maraqlarının təminatı ilə bağlı idi. Bu səbəbdən Rusiyanın maraqlarını təmin etmək üçün cəbhə bölgəsində gərginlik olmalıdır.

Rusiya özünün hiyləgər siyasətini davam etirir. Sergey Lavrov bəyan edib ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı yollar axtarırlar. Mən də sosial şəbəkədə bu məsələyə münasibət bildirdim. Görün, bunlar nə qədər çirkin, savadsız diplomatlardır ki, 20 ildir münaqişənin həlli yolunu axtarırlar. Qanı erməni olan Sergey Lavrov heç vaxt Dağlıq Qarabağla bağlı ədalətli mövqe tuta bilməz. Burada birmənalı olaraq rusun dəsti-xətti görünür".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, iki ildir atəşkəs arxa plana keçib. Onun fikrincə, Azərbaycanın strategiyası dəyişib:

"Prezident İlham Əliyev də çıxışında vurğuladı ki, erməni hərbçiləri Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Ancaq onların orada postları, canlı qüvvəsi və hərbi texnikası var. Bu o deməkdir ki, onlar neytrallaşdırılmalıdır. Bu baş verdikcə cəbhə bölgəsində belə atışmaların miqyası artır. Əsas səbəb Azərbaycanın işğalçı qoşunların Dağlıq Qarabağ və onun ətrafında yerləşməsi, yeni hərbçilərin gətirilməsi siyasətinin doğru olaraq əleyhinə çıxması və işğalçını məhv etməyə çalışması ilə bağlıdır. Onlar da qarşılıqlı olaraq atəşkəsi pozurlar. Belə vəziyyət getdikcə artır.

Aprel ayı haqqında da çoxlu fikirlər var. Ermənilər apreldə genişmiqyaslı hərbi toqquşmaların olacağından qorxurlar”.

Aprel ayında Ermənistanda parlament seçilərinin keçiriləcəyinə diqqət yönəldən politoloq bildirib ki, əks tərəf düşünür ki, Ermənistandakı seçkini pozmaq üçün Azərbaycan Ordusu hücuma keçə bilər: "Bu o qədər də əsassız fikir deyil. Genişmiqyaslı toqquşmalar apreldə də, iyunda da, digər aylarda da ola bilər. Nə vaxta qədər ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq, belə gərginliklərin çox şahidi olacağıq".

E.Şahinoğlunun sözlərinə görə, Rusiya son zamanlar açıq şəkildə Ermənistanın mövqeyini dəstəkləyir: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı jurnalistin sualına cavab olaraq açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil, münaqişə paket şəklində öz həllini tapmalıdır. Eyni zamanda Ermənistanın xarici işlər naziri Moskvaya çağrılıb. Birgə mətbuat konfransında yenə də ATƏT-in Minsk qrupunun alternativinin olmadığı və atəşkəsə riayət olunmasının vacibliyi vurğulanıb. Bunlar Azərbaycana bir mesajdır. Belə çıxır ki, işğal davam etməlidir və biz də ona dözməliyik. Bu mənada Rusiya ilə Azərbaycanın maraqları kəsişir".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}