11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Hökumət maliyyə gərginliyindən xilas ola bilmir
Tarix: 28-02-2017 14:04 | Bölmə: Slayd

Ölkənin maliyyə bazarında yaranmış gərgin vəziyyət hələ də davam edir. Cəmiyyət baş verənləri detalları ilə hiss etməsə də, ekspertlər vəziyyətin kritik olduğunu bildirirlər.

Hökumətin maliyyə bazarına nəzarət edən qurumları isə ciddi tədbirlər görmək əvəzinə, cəmiyyəti yanlış istiqamətə yönləndirməklə məşğuldur.

Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBnP), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə həyata keçirilən "Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin II fazasının təqdimatında Palatanın Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı deyib ki, Azərbaycanda "Maliyyə bazarının tənzimlənməsi və nəzarəti haqqında" qanun layihəsi üzərində aparılan iş başa çatmaq üzrədir.

Onun sözlərinə görə, WB-nin missiyasının Azərbaycana səfəri çərçivəsində layihə ilə bağlı müzakirələr aparılıb:

"Bu həftə ərzində qanun layihəsi ilə bağlı gərgin işləmişik, ümid edirəm ki, bu missiya çərçivəsində onu daxili müzakirəyə təqdim edəcəyik".

Bundan başqa, R.Aslanlı qeyd edib ki, dayanıqsız vəziyyətə düşən bankın lisenziyasının ləğvi öncə səhmdarları hesabına sağlamlaşdırılması ilə bağlı qanun layihəsi üzərində də işlər davam etdirilir.

MBNP sədrinin sözlərinə görə, bu il Azərbaycanın sığorta qanunvericiliyində də dəyişikliklər olacaq: "2016-cı ildə əsasən bank sektorunun stabilləşdirilməsinə yönəlmişdik. Amma bu il sığorta bazarında da əhəmiyyətli təşəbbüslərlə çıxış edəcəyik, qanunvericiliyə dəyişikliklər edəcəyik. Çünki sığorta bazarı da uzunmüddətli yığım və investisiya elementlərini özündə birləşdirir. Bundan başqa, Azərbaycanda ödəniş sistemlərinin fəaliyyətini tənzimləyəcək qanun layihəsi üzərində də iş gedir. Bu layihə də ilkin olaraq hazırlanıb, bu il onu parlamentə təqdim etməyə çalışacağıq".

Palata rəhbəri bildirib ki, 2017-ci ildə qeyri-işlək aktivlərlə bağlı bir sıra qanunlara dəyişiklik edilməsi gözlənilir. Yəqin ki, müflisləşmə və iflas haqqında, məhkəmə qərarlarının icrası ilə bağlı qanunlara da dəyişiklik ediləcək.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Reyting.az-a deyib ki, maliyyə sektoruna nəzarət edənlər real vəziyyəti düzgün dəyərləndirmirlər:

"Rüfət Aslanlı deyib ki, problemli kreditlərin həcmi azalıb. Hökumətdə təmsil olunan azsaylı savadlı kadrlardan biridir, amma açıqlamasında nə rəqəmlər var, nə analiz var, nə səbəblər haqqında məlumat var. Belə açqlama olmur. Niyə demir ki, hökumət Beynəlxalq Bankda məmurlara bağlı iş adamlarının basıb-yediyi kreditləri silib deyə azalma olub? Niyə demir ki, keçən il bir neçə bank bağlandı, onların kredit portfeli problemli kateqoriyadan formal olaraq çıxarıldı?!"

N.Cəfərli qeyd edib ki, banklar iflic vəziyyətdədir, nə kredit verə bilirlər, nə kreditləri geri ala bilirlər, hamısı böyük bir valyutadəyişmə məntəqəsinə dönüb, camaatdan dolları ucuz alıb, baha satmaqla məşğuldular:

"Banklar ölkə iqtisadiyyatının qan-damar sistemidir, orada problem olanda iqtisadiyyat çalışmır, çarxlar dönmür, problemləri gizlətməkdənsə, həll etmək lazımdır. Təəssüf ki, hökumətdəkilərin belə bir niyyətdə olduqları görünmür".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}