Nazir müavininin qohumu generalın ailə üzvünün böyük məbləğdə vəsaitini mənimsəyib – Şok İddia
Tarix: 01-03-2017 13:44 | Bölmə: Slayd

Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi nazir Ziya Məmmədov başda olmaqla bir çox nəqliyyatçıların işsiz qalmasına səbəb oldu.

Bu arada isə ölkə mətbuatı keçmiş nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun istintaqa çağrılması barədə məlumatlar yaydı. İddia edilirdi ki, Arif Əsgərovun həbsinə hazırlıqlar başlayıb.

Sonradan sabiq nazir müavini istintaqa çağrılması ilə bağlı məlumatları təkzib etsə də, indi müxtəlif KİV-lər istintaq orqanlarındakı mənbələrə istinadla bildirirlər ki, A.Əsgərovun ailə üzvülərinin adı hallanan cinayət işi yenidən araşdırılır.

A.Əsgərov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olarkən QSC-də Marketinq şöbəsinin rəisi olmuş baldızı oğlu Rahib Hüseynovun 48 milyonluq dələduzluq əməli ilə bağlı istintaqın getməsinə də müansibət bildirib. O, "Bununla bağlı istintaq gedir. İstintaq məsələ ilə bağlı öz sözünü deyəcək. Mən nə deyə bilərəm ki? İstintaqda adıgedən şəxs mənim qohumumdur. Amma bu məsələnin mənə heç bir aidiyyatı yoxdur”,-deyib.

Reyting.az-ın əldə etdiyi məlumatda isə bildirilir ki, həqiqət A.Əsgərovun dediklərindən fərqlidir.

Məlumata görə, Arif Əsgərovun qohumu Rahib Hüseynovun adıkeçən dələduzluq əməli ilə bağlı 50 sahibkarın şikayəti üzrə məsələ o zaman şikayətçilərin pulları geri ödənməklə həll edilsə də, bu, keçmiş nazir müavininin baldızı oğlu Rahib Hüseynovun və oğlu Elnar Əsgərovun adıkeçən yeni dələduzluq faktının olmaması demək deyil. İddia edilir ki, Arif Əsgərovun oğlu Elnar Əsgərovun da həbsinə səbəb ola biləcək iki şikayət var.

Şikayətçilərdən biri Qoşqar Tofiq oğlu Zeynalovdur. O, Daxili İşlər Nazirliyinə (DİN) şikayət ərizəsi ilə müarciət edərək Rahib Hüseynovun dələduzluq əməlinə hüquqi qiymət verilməsini xahiş edib.

Q.Zeynalov DİN-ə şikayətində bildirib ki, R.Hüseynov onun etbarından sui-istifadə edərək Türkiyə Respublikasından gətirilərək "Azərbaycan Dəmir Yolları”na satmaqla əldə olunan gəlirin 10 faizini vəd verməklə 2011-ci ilin noyabr ayında 100 min ABŞ dolları, 15 yanvar 2012-ci ildə 500 min ABŞ dolları, 17 fevral 2012-ci ildə2 milyon 500 min ABŞ dolları, 2012-ci ilin mart ayında 2 milyon ABŞ dolları, 2012-ci ilin aprel ayında 800 min ABŞ dolları və 2012-ci ilin may ayında 1 milyon 750 min manat məbləğində, ümumilikdə 5 milyon 900 min ABŞ dollarını və 1 milyon 750 min manatını mənimsəyib.

İddiaya görə, istintaq belə qəanətə gəlib ki, Rahib Hüseynov etibardan sui-istifadə etmə və aldatma yolu ilə Qoşqar Zeynalova ümumilikdə 6 364 480 manat zərər vurub.

Qeyd edək ki, şikayətçi, Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) şöbə müdiri olan Qoşqar Zeynalov Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu, BDYPİ-nin rəisi, general Ramiz Zeynalovun isə qardaşı oğludur.

Q.Zeynalovun şikayətində təqsirkar kimi R.Hüseynov göstərilsə də, A.Əsgərovun oğlu E.Əsgərovun bu məsələdən tam kənarda qalması mümkünsüzdür. Çünki Q.Zeynalov R.Hüseynovun xalası oğlu E.Əsgərovla bacanaqdır. Onların hər ikisi Tovuzda iş adamı kimi tanınan Əli Məmməd oğlu Şəmiyevin qızları ilə evləniblər. Hətta Tovuzda, Zəyəm çayının üzərindəki istirahət mərkəzinin Tofiq Zeynalovun, Arif Əsgərovun və Əli Şəmiyevin birgə obyekti olması haqqında iiddialar da var.

Elnar Əsgərovun adıkeçən dələduzluq olayı ilə bağlı şikayətləri araşdırarkən maraqlı bir məqama da rast gəldik. Belə ki, Arif Əsgərovun qohumları Əli Şəmiyevin qardaşının Rusiyanın Radujnı şəhərinin meri olması haqqında əfsanə uydurublar. Əslində isə Arif Əsgərovun və Tofiq Zeynalovun qudası, Tovuz rayon Məşədilər kənd sakini olan Əli Şəmiyevin qardaşı Eyvaz Şəmiyev sadəcə Radujnı şəhər Dumasının deputatıdır.

Arif Əsgərov, Tofiq Zeynalov və Əli Şəmiyevin birgə biznesinin olub-olmaması başqa araşdırmanın mövzusudur və bu məsələyə də aydınlıq gətirməyə çalışacağıq. Hələlik isə qayıdaq Q.Zeynalovun şikayəti ilə bağlı məsələyə.

Q.Zeynalovun şikayəti Daxili İşlər Nazirliyinin Baş istintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində araşdırılan zaman istintaq R.Hüseynovun həbsinə kifayət qədər əsas olduğu qəanətinə gələrək 02 noyabr 2016-cı ildə Cinayət Məcəlləsinin 178.3.2 maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb və 04 noyabr 2016-cı ildə barəsində həbs qətiimkan tədbiri seçilib.

Arif Əsgərovun oğlu Elnar Əsgərovun həbsinə səbəb olacaq ikinci şikayət isə Baki şəhər sakini Emil Məmmədov tərəfindən edilib. Emil Məmmədov şikayətində qeyd edib ki, Emin İsmayıl oğlu Hüseynov (Rahib Hüseynovun kiçik qardaşı-müəl.) onu Elnar Əsgərovla tanış edib və ona "Azərbaycan Dəmir Yolları” üçün Ukraynadan müxtəlif malların alınıb gətirilməsi prosesində iştirakçı olmağı təklif edib. Bu əməliyyatlar üçün nəğd pula ehtiyacları olduğunu bildirərək ondan ümumillikdə 3 milyon 200 min ABŞ dolları alıblar. Sonradan Emil Məmmədovun tələbi ilə həmin pulun 720 min ABŞ dolları, 500 min və 220 min ABŞ dolları olmaqla ayrı-ayrı vaxtlarda Elnar Əsgərov tərəfindən Emil Məmmədova qaytarılıb. Ancaq o, bu günə kimi 2 milyon 480 min ABŞ dollarını qaytarmaqdan imtina edir.

Emil Məmmədov və Qoşqar Zeynalovun şikayətlərinin istintaqçılar tərəfindən birləşdirilməsi isə Rahib Hüseynovla yanaşı qardaşı Emin Hüseynovun da həbsini qaçılmaz edib. Bunun nəticəsi olaraq 08 dekabr 2016-cı ildə Emin İsmayıloğlu Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində həbs qətiimkan tədbiri seçilib.

Rahib və Emin Hüseynovların həbsi isə Elnar Əsgərovun həbsini gündəmə gətirib. Çünki bu şəxslər məhz Elnar Əsgərovun göstərişi ilə hərəkət etdiklərini deyirlər. Digər tərəfdən, şikayətçi E.Məmmədovun əlində E.Əsgərovla telefon yazışmaları mövcuddur. Həmin telefon danışıqlarında və yazışmalarında Emil Məmmədov Elnar Əsgərova Emin Hüseynovun ondan iş üçün pul istədiyini bildirir və bundan xəbəri olub-olmadığını soruşur. Elnar Əsgərov da bundan məlumatlı olduğunu və pulu Emin Hüseynova verməsini yazır.

Məlumata görə, Emil Məmmədov həmin sübutları istintaqa təqdim edib və bundan sonra Elnar Əsgərov bir neçə dəfə istintaqa çağrılıb.

Elnar Əsgərovun xalası oğlanları ilə birgə həbs olunmamasına gəldikdə, məlumatda bildirilir ki, istintaqçılar nazir müavininin oğlunu həbs etməklə cəmiyyətdə müəyyən müzakirələrə səbəb olmaq istəməyib, gözləməyə üstünlük veriblər. İndi isə Arif Əsgərov nazir müavini deyil və onun oğlunun həbsi reallaşa bilər.

Digər tərəfdən, "Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq şöbəsinin rəisi olmuş R.Hüseynov danışmağa başlasa, istintaqda Elnar Əsgərovla yanaşı onun atası Arif Əsgərov da müəyyən suallara cavab verməli olacaq.

A.Əsgərovun oğlunun da adı hallanan böyük dələduzluq olayı ilə bağlı istintaqın nəticələrini ictimaiyyətə təqdim etməyə çalışacağıq.

Kamal SARICALI

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}