17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Hökumət böhranın ağırlığını sadə əhalinin üzərinə yükləmək istəyir
Tarix: 05-03-2017 13:29 | Bölmə: Slayd


Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Parlamentdən verilən məlumata görə, "Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklik layihəsi plenar iclasın gündəliyinə salınıb.

Xatırladaq ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi bu ilin fevral ayının 28-də "Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklikləri müzakirə edib. Müzakirələr zamanı bildirilib ki, sözügedən qanuna 98 dəyişiklik təklif edilir. Dəyişikliklər, əsasən, pensiya yaşının və pensiyaya çıxmaqdan ötrü iş stajının artırılması ilə bağlıdır. Onu da bildirək ki, hazırda Azərbaycanda kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxırlar.

Bu məsələ gündəmə gələndən cəmiyyətdə ikitirəlik yaranıb. Bir tərəf, yəni, dəyişikliyi təklif edən hökumət nümayəndələri bunun mütərəqqi addım olduğunu deyir, müxalif düşərgə isə əks fikiri müdafiə edir. Bu səbəbdən də həm hökumət, həm müxalif düşərgə, həm də ortaq mövqe tutan şəxslərlə əlaqə saxladıq.

"Təqaüd yaşını demoqrafik problemlərə görə qaldırmırlar”

Məsələylə bağlı fikirlərini Reyting.az-la bölüşən Real Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli hökumətin gətirdiyi arqumentləri əsassız sayır. Onun sözlərinə görə, pensiya ilə bağlı dünyada müxtəlif formalar var və hər biri həmin cəmiyyətlərin istəyinə uyğun formalaşıb: "Dünyada təqaüd yaşının qaldırılmasının əsas səbəbi demoqrafik problemlərdir. Məsələn, Avropada, Yaponiyada doğuş səviyyəsi aşağıdır, əhali yaşlıdır, məhz buna görə bəzi ölkələrdə təqaüd yaşı artırılır və ya buna cəhdlər olur.

Şükür ki, bizim ölkədə demoqrafik vəziyyət yaxşıdır, doğuş səviyyəsi normaldır, həm də əhali tərkibimiz, əsasən, gənclərdən ibarətdir.

Digər ölkələrdə işçi tapa bilmirlər deyə təqaüd yaşını qaldırırlar, bizdə isə işsizlik o səviyyədədir ki, əksinə, işçilərin, əsasən də, məmurların "gəncləşdirilməsinə” ehtiyac var.

Bizdə təqaüd yaşını demoqrafik problemlərə görə qaldırmırlar, səbəb sırf iqtisadi çətinliklərlə bağlıdır. Həmişəki kimi, büdcədə yaranan problemləri, gəlirlərin azalmasını vətəndaşın çiyninə qoyurlar, qənaəti vətəndaş üzərindən həyata keçirirlər".

Ekspert Qərb ölkələrində də pensiya yaş həddinin qaldırılmasına etirazların olduğunu vurğulayıb. Onun sözlərinə görə, son illərdə Fransada, Yunanıstanda, Polşada, Macarıstanda, Cənubi Koreyada hökumətlər təqaüd yaşını qaldırmaq istəyiblər, amma əhali küçələrə çıxaraq, buna etirazını bildirib.

"Bizdə hər şey sivil dünyaya nisbətən tərsinədir”

N.Cəfərli deyib ki, nornal sistemi olan ölkələrdə vətəndaşların Təqaüd Fondu seçmək imkanları var, qanunlar və həmkarlar təşkilatları onları qoruyur, çox zaman təqaüdə çıxanda hər ay maaşları qədər, bəzən ondan da çox pul alırlar: «Məhz buna görə Havay adaları xoşbəxt avropalı, yapon, koreyalı təqaüdçülərlə doludur - ömürlərinin sonunda aldığı təqaüdlə dünyanı gəzib-dolaşırlar”.

Azərbaycanda 900 minə yaxın insanın büdcədən maaş aldığını deyən N.Cəfərlinin sözlərinə görə, ölkədə qanunlar işləmir, özəl təqaüd fondları yox, rəqabət yox, həmkarlar yox - təqaüdlər də qəpik-quruş, vətəndaşlar da məhz buna görə təqaüdə çıxmaq istəmirlər: "Sistem o qədər zaydır ki... Bizdə hər şey sivil dünyaya nisbətən tərsinədir. Məhz buna görə bütün dünyada təqaüd yaşının artırılması etirazla, bizdəisə sevinclə qarşılanır".

"65 yaş təklifi ilə razı deyiləm”

Milli Məclisin deputatı Vahid Əhmədov da "Əmək pensiyaları haqqında” qanuna pensiya yaşının artırılması ilə bağlı təklif olunan dəyişikliklərə münasibət bildirib. V.Əhmədov deyib ki, sözügedən təkliflərin müsbət və mənfi cəhətləri var:

"Birincisi, 5 illik stajın olması yaxşı haldır. Çünki elə insanlar var ki, 6 illik stajı təmin edə bilmir, ancaq 5 il müddətinə lazım olan vəsaiti toplayır. Ancaq 65 yaş olması ilə bağlı səslənən fikir və təkliflərlə razı deyiləm. Deyirlər ki, insan ömrü uzandığı üçün 65 yaş həddi müəyyən edilsin və sairə”.

V.Əhmədov sözügedən təkliflərin beynəlxalq təcrübədə də mövcud olduğunu söyləyib: "Məndə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondu təcrübənin öyrənilməsi üçün müvafiq beynəlxalq təşkilatlarla danışıqlar aparır. Ona görə də qərara gəlinib ki, yaş həddi 65 il, staj isə 5 il müəyyən edilsin. Doğrudur, son vaxtlar dünyada iqtisadi böhran baş verdiyi üçün müəyyən çətinliklər yaranıb və bu, yaş həddinin aşağı düşməsinə səbəb olub. Təbii ki, buna Azərbaycan da şamil edilir. Yəni, bu proses beynəlxalq təcrübədə də mövcuddur”.

"Milli Məclisdə öz fikirlərimizi bildirəcəyik”

Deputat sözügedən məsələnin Milli Məclisdə müzakirəsi zamanı da münasibət bildirəcəyini söyləyib: "Bilirsiz, 65 yaş həddi hələ qəbul edilməyib. Bu, hələ səslənən bir təklifdir. Sözügedən məsələ Milli Məclisdə müzakirəyə çıxarılan zaman biz də öz fikirlərimizi bildirəcəyik. Hesab edirəm ki, indiki vəziyyətdə 65 yaş həddi çoxdur, əksinə, 63 yaş normaldır. Şəxsən mən, Azərbaycanda kişilər üçün 63, qadınlar üçün isə 60 yaş həddinin saxlanılmasına tərəfdaram”.

"Hökumətin ciddi arqumentləri yoxdur”

Siyasi şərhçi Nəsimi Məmmədli isə hökumətin pensiya islahatlarına münasibət bildirərkən deyib ki, indiki halda pensiya yaşının artırılmasında sosiolji səbəblər axtarmağa gərək yoxdur. Onun qənaətincə, burada hökumətin iddialarını əsaslı hesab edən heç bir ciddi arqument mövcud deyil: «Guya ilk növbədə bu addımı atmağa səbəb ölkə əhalisinin uzunömürlü olması və sağlamlıq problemlərinin ortadan qalxmasıdır. Halbuki bütün müstəqil müşahidələr göstərir ki, ölkə əhalisinin aztəminatlı hissəsinin çox ciddi sağlamlıq problemi var. Hətta ölümlərin dəxeyli "cavanlaşması” danılmaz faktdır. Bu qərarın verilməsində əsl səbəblər tamamilə başqadır.

Dövlət büdcəsindən əməkhaqqı alan şəxslərin çoxu pensiya yaşına çatsa da, bu şəxslərin mütləq əksəriyyəti öz işlərindən təqaüdə ayrılmaq istəmirlər. Xüsusilə də məmurların, təhsil və səhiyyə işçilərinin yaşlı nəsli bir qayda olaraq hökumətin cəmiyyətlə bağlı siyasətində "uğurlu” təcrübəyə malik olduqları üçün heç hökumət də onlardan qurtulmaq istəmir. İndiki situasiyada onların idarəetmə müstəvisindən uzaqlaşmasını və narazı qalmasını hökumət də arzulamır».

"Hökumət əhalinin aztəminatlı hissəsini hədəf seçir”

Müsahibimiz qeyd edib ki, bu, ölkədə hökm sürən sosial böhranın ağırlığını sadə əhalinin üzərinə yükləməklə onu daha da itaətkarlığa sürükləməkdir. «Hökumət davamlı olaraq büdcə vəsaitlərinə qənaət etmək üçün əhalinin aztəminatlı hissəsini hədəf seçir. Çünki bu kateqoriyadan olan insanların əsasən birgə etiraz etmək, müqavimət göstərmək və ya gərginlik yaratmaq instinkti itib. Uzağı ara-sıra intiharlara meyl edəcəklər ki, bu da, hökuməti çox az narahat edir. Odur ki, hökumət özünə problem yarada biləcək sosial qurupları razı salacaq tənzimləmələrə üstünlük verəcək.

Hökumət bütün hallarda öz ekspermentlərini səssizliyini pozmayan aztəminatlı insanların üzərində sınaqdan keçirəcək. Apardığımız monitorinqlərə əsasən deyə bilərəm ki, hökumətin bu qərarına sadə insanlardan hansısa təsirli etirazların olacağını zənn etmirəm»,- deyə N.Məmmədli əlavə edib.

"Pensiyanın baza hissəsinin ləğvi düzgün deyil”

Təkamül Partiyasının sədri, iqtsadçı-alim Teyyub Əliyev isə əməkdaşımızla söhbətində bildirib ki, pensiya yaşının hər 6 aydan bir artırılaraq həm kişilər, həm də qadınlar üçün 65 yaşa çatdırılacağını müsbət hadisə kimi qəbul etməsə də, burada ciddi narazılıq doğuracaq hal görmür. «Ancaq indiki şəraiti və yaxın dövrü nəzərə alaraq pensiyanın baza hissəsinin ləğvini düzgün hesab etmirəm. Əmək haqqı səviyyəsinin olduqca az olduğu indiki şəraitdə işləyənlərn çoxunun pensiya almaq üçün sığorta fondunda kifayət qədər lazımi məbləği toplanacağı real görünmür. Bax, bu, cəmiyyətdə ciddi narazılıq doğura bilər.

Təəssüf ki, Milli Məclis söz sahibi deyil. Ora nəyi göndərirlərsə, keçir. Odur ki, Milli Məclisin indiki tərkibində, bəzi istisnalar olmaqla, buna cəsarəti çatan çətin ki, olsun»,- deyə T.Əliyev fikrini tamamlayıb.

Onu da nəzərə çatdıraq ki, cəmiyyətdə yaranan qeyri-müəyyənliyə bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən də aydınlıq gətirilib. Qurumun sözçüsü Elman Babayev bildirib ki, pensiya sistemində gözlənilən dəyişikliklərdən biri də əmək pensiyasının baza hissəsinin restrukturizasiyası, yəni onun sığorta hissəsinə birləşdirilməsi ilə bağlıdır:

"Bir daha qeyd etmək istərdik ki, burada məsələ baza hissəsinin ləğvindən deyil, onun sığorta hissəsi ilə toplanaraq, pensiyanın ümumi məbləğinin indeksasiyasından gedir. Pensiya təyinatında sığorta prinsiplərinin gücləndirilməsinə yönəldilən bu islahat tədbiri əmək pensiyasının vahid tərkibdə - sığorta hissəsindən ibarət olmaqla təyin edilməsini, eyni zamanda minimum pensiya təminatı konsepsiyasının tətbiqini nəzərdə tutur. Belə ki, dəyişikliklərə uyğun olaraq, ödəniləcək sosial sığorta haqları pensiya və digər sosial sığorta təminatı hüquqlarının müəyyənləşdirilməsində 50 faiz hesabı ilə deyil, tam nəzərə alınacaq. Dəyişikliklərdən əvvəl ödənilmiş sosial sığorta haqları əsasında hazırda sığortaolunanların fərdi hesablarında cəmlənmiş və hələ pensiya hüquqlarına çevrilməmiş şərti kapital məbləğləri də eyni qayda ilə yenidən hesablanacaq. Bu, sığortaolunaların şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq. Vacib islahat tədbiri kimi, ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququnun reallaşdırılmasında məhdudlaşdırıcı amil olan 12 il sığorta stajı tələbi tamamilə aradan qaldırılır və bununla da pensiya yaşına çatmış və hesabında cəmlənmiş şərti kapitalı minimum pensiya təminatına imkan verən şəxsin yaşa görə pensiyaya çıxması üçün heç bir staj tələbi qoyulmur. Bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Bununla, hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn, 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi təqdirdə, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar aradan qaldırılacaq. Mühüm sosial təşəbbüs olaraq, fərdi hesabında minimum pensiya təminatı üçün yetərli pensiya kapitalı cəmlənməyən sığortaolunanlara 25 il staja malik olduqları təqdirdə yaşa görə pensiya hüququ tanınacaq və onlara pensiya sisteminin vəsaitləri hesabına minimum məbləğə çatdırılmaqla pensiya təyin ediləcək. Həmçinin qeyd etmək yerinə düşərdi ki, bu islahat tədbiri mövcud pensiyaçılara şamil olunmayacaq”.

Hər halda, vətəndaşlar qərar qəbul olunandan sonra pensiyaların hesablanmasında, yaxud da yaş həddinin qaldırılması zamanı dəyişikliyin nəticəsini bir başa hiss edəcəklər. Yəni, pensiya islahatının hansı reaksiyalara səbəb olacağını zaman göstərəcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}