Radikalların ölkəmizdə gizli silah arsenalı var
Tarix: 13-03-2017 12:02 | Bölmə: Slayd


Azərbaycanda dini zəmində təhdidlər xüsusi xidmət orqanlarının işini daha da ağırlaşdırıb. Son illər ölkədə terrora cəhdlər, vətəndaşlarımızın radikal dini cərəyanlara qoşulması və bu kimi digər məsələlər vəziyyəti daha da gərginləşdirir. Təkcə daxili qüvvələri səfərbər etməklə problemin həlli qeyri-mümkün görünür. Bu səbəbdən Azərbaycanın xüsusi xidmət orqanları beynəlxalq qurumlarla da əməkdaşlıq edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev bu günlərdə "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda Bakıda keçirilən konfransda çıxışı zamanı da bu məsələyə toxunub. Mədət Quliyev deyib ki, Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub vəbeynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini verməkdədir.

DTX rəisi bildirib ki, bu gün dünyanın təhlükəsizliyini ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizm ölkəmiz üçün də mühüm məsələdir.

M.Quliyev daha sonra qeyd edib ki, ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub.

"Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub”,- deyən DTX rəisi bildirib ki, onlardan çoxu döyüşlər zamanı öldürülüb.

M.Quliyevin sözlərinə görə, terrorçulara qoşulanlardan 84 nəfəri cinayət məsuliyyətinə cəlb olunub, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

Maraqlıdır, M.Quliyevin elan etdiyi bu statistika Azərbaycan kimi kiçik ölkəüçün böyük rəqəm hesab edilə bilərmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı mətbuata verdiyi açıqlamada bu statistikanın ölkəmiz üçün kifayət qədər böyük rəqəm olduğunu və ciddi təhlükədən xəbər verdiyini bildirib:

"Bu, Azərbaycanın xüsusi xidmət orqanına məlum olan rəqəmdir. Çox güman ki, məlum olmayanlar da var. Təbii ki, bu rəqəm Azərbaycan üçün çoxdur. Əhalinin 8 faizi keçirilən sorğu nəticəsində Azərbaycanda şəriət dövlətinin qurulmasına tərəfdar olduğunu bildirib. Bu, təxminən bir milyona yaxın adam deməkdir. Bu bir milyon əhalinin 1-2 faizi radikal olsa, görün, Azərbaycanın başına nələr gələ bilər”.

İlham İsmayıl deyib ki, 900 Azərbaycan vətəndaşının radikal qruplara qoşulmasının səbəblərini araşdırmaq lazımdır: "Araşdırmaq lazımdır ki, nədən gənclərimiz bu yola qədəm qoyur?

Terror təşkilatlarına meyilliliyin əsas səbəblərindən biri haqsızlıq, idarəetmə sistemindəki ədalətsizlik, işsizlik və s. olur. Belə ortamda terror qruplarına məxsus şəxslər dini təbliğat və müəyyən şirnikləndirmələr yolu ilə gəncləri bu qruplara cəlb edirlər.

900 Azərbaycan vətəndaşının Suriya və İraqda vuruşması ilə bağlı statistika sadəcə böyük deyil, bu, həm də Azərbaycan üçün ciddi təhlükə deməkdir”.


Məsələylə bağlı fikirlərini Reyting.az-la bölüşən şərqşünas-politoloq Vüsal Hətəmov isə deyib ki, terrorçular tutulan zaman sayının az olmasına baxmayaraq, bu, Suriya və digər ölkələrə gedənlərin sayına dəlalət eləmir. O bildirib ki, əgər Suriyada, İraqda, Əfqanıstanda bunlar dəstələr şəklində döyüşürlərsə, burada hansısa kiçik rəqəmdən danışmaq olmaz:

«Əgər bunlar ölkəmizdə yaxalanan zaman silahla tutulursa, deməli, az sayda olsalar da, silah arsenalları, dəstə başçıları, şəbəkələri var. Bir sözlə, özümüzü terror təhlükəsindən uzaqda hiss etməməliyik. Dəfələrlə Sumqayıt şəhərini özlərinə paytaxt hesab edənlərin səsi meşlərdən gəlsə də, yəqin ki özəlliyi ilə seçilən Sumqayıtda bunların kifayət qədər sosial bazası da var».

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov isə "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib ki, son yarım ildə Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar zamanı 9 ekstremist öldürülüb, 4 ekstremist həbs edilib. Onun sözlərinə görə, 2012-ci ildən etibarən Azərbaycan vətəndaşları Türkiyədə iş axtarmaq və s. bəhanələrlə Türkiyədən Suriyaya keçərək orada terror qruplaşmalarına qoşulublar.

S.Mahmudov qeyd edib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti Suriyada əsasən İŞİD terror təşkilatına qoşulmağa üstünlük verib.

Şöbə rəisinin açqıladığı statistika və fəaliyyət istiqamətlərinə də toxunan V.Hətəmov bildirib ki, bu, kifayət qədər ciddi rəqəmdir:

"Əgər ölkədə terrorçu varsa, deməli, onların gizli, aktiv və ya passiv mərkəzləri də mövcuddur. Amma nəzərə alanda ki, terror edənlərin çoxu bunu din adına edir və ya radikal, qeyri-ənənəvi dağıdıcı dini təriqətlərin üzvüdür, onda passiv terror mərkəzi mövzusu da aktuallaşır. Həmin təriqət-cərəyan daşıyıcıları istənilən zaman passivlikdən aktivliyə keçə bilir. Necə ki biz bunu Suriya və İraq ərazisində gördük. Özlərini dindar sayan təkfirçi-radikal islamçılar sonda məsciddən silah arxasına keçib terror cəbhəsi yaratdılar. Eyni zamanda, ölkəmizdə də vaxtilə məscidlərdə, cəmiyyət arasında, sadəcə, təkfirçi radikallıqları ilə seçilən dindarların səsi sonrakı mərhələdə İŞİD sıralarından gəldi”.

V.Hətəmov terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu mövzusuna da toxunaraq nəzərə çatdırıb ki, gənclərin rolu burada aşağı həddə hesablanmalıdır. Çünki vətəndaşlarımız gənc olmadan, yeniyetmə zamanında dini dünyagörüşlərinə malik olmalıdırlar ki, gələcəkdə hansısa missionerlərlə rastlaşdıqda aldanmasınlar: "Gənc yaşlarında işsiz, təhsilsiz qaldıqda və ya hansısa problemlərlə üzləşdikdə, həmin gənclər asan şəkildə qeyri-ənənəvi cərəyanlar tərəfindən "ovlana” bilir. Odur ki məktəblər, təhsil mərkəzləri yeniyetmə və gənclərin dünyagörüşünün, fəlsəfi şüurunun formalaşmasında mühüm rol oynamalıdır”.

Politoloq vurğulayıb ki, terrorçuluqla, ekstremizmlə və radikalizmlə mübarizə təkcə güc strukturlarının işi olmamalıdır. Onların işi ən axırıncı mərhələdə başlamalıdır. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) planlar işləməli, həmin radikal dəstələrin üzvləri ilə görüş-seminarlar təşkil etməli, müzakirələr aparmalı, dərdlərini öyrənməlidirlər. "Bəlkə, elələri olacaq ki, səhvini anlayacaq? Çox təəssüflər ki, nə QMİ, nə də DQİDK öz işinin öhdəsindən lazımınca gələ bilir”,- deyə müsahibimiz fikrini tamamlayıb.

Z.ƏHMƏD





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}