Hökumət bahalaşmanın qarşısını ala bilmir
Tarix: 18-03-2017 14:28 | Bölmə: Slayd


Ölkə bazarlarında qiymətlər günü-gündən qalxır. Hətta iş o yerə çatıb ki, hökumət də qiymətlərin bahalaşmasını etiraf edir.

Rəsmi məlumatlara görə, 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, limonun, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində bahalaşma, yumurtanın qiymətində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Fevral ayında yanvar ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətlərində ucuzlaşma, avtomobillərin, mebel və döşəmə örtüklərinin təmiri xidmətlərinin, tibbi və stomatoloji xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Amma bayram öncəsi bazarlarda qiymətlər daha da qalxıb. Kənd Təsərrüfatı Nazirliyi müxtəlif yerlərdə yarmarkalar təşkil etsə də, qiymət artımının qarşısını almaq mümkün olmayıb. Məsələn, Zaqatala, Xaçmaz və Qazaxdan gətirilən qabıqlı fındığın 1 kq-nın qiyməti 7-8 manat olduğu halda, ləpəsi 15-20 manata satılır.

Qabıqlı qoz maksimum 13 manata satıldığı halda, ləpəsinin qiyməti 15-28 manat arasında dəyişir.

Kişmişin kiloqramı 6-10, qaysı 14-16, Albuxara 7, gavalı 12, alça 9 manata təklif olunur.

İqtisadçı alim Teyyub Əliyev Reyting.az-a deyib ki, bayram bazarlıqlarının baha olması təəssüf ki, Azərbaycanda "ənənəyə” çevrilib.

Onun sözlərinə görə, bunun bir neçə səbəbi var:

Birinci və ən xoşa gəlməyən səbəb milli işbazlarda rəhimdilliyin, şəfqət hissinin olmamasıdır. Onlar daha çox qazanmaq üçün bayram günlərini gözləyir və mərhəmət hislərini itirirlər.

İkinci səbəb, dəfələrlə qeyd edildiyi kimi, bütün sahələri bürüyən və tükənmək bilməyən, əslində daha da dərinləşən inhisarçılıqdır.

Üçüncü səbəb, sahibkarlara, işbazlara qənim kəsilən, onlara boğaz ortağı olan məmur təbəqəsinin tükənmək bilməyən iştahasıdır.

Dördüncü səbəb, bazar iqtisadiyyatının mahiyyətini, məzmununu anlamayan, bazar iqtisadiyyatı şəraitində də dövlətin tənzimləyici fünksiyasının olmasından xəbərsiz bəzi üzdəniraq rəhbərlərin qiymətlərin bazar tərəfindən tənzimləndiyini əsas gətirərək inhisarçılığa, qiymət özbaşınalığına göz yummalarıdır.

T.Əliyev hesab edir ki, qiymətlərin yüksək olmasının başqa səbəb yerli istehsalın kifayət qədər olmaması, ölkəmizin idxaldan asılı vəziyyətə düşməsidir. «Mən dost-tanışlarımı bayram münasibəti ilə təbrik edəndə deyirəm ki, Allah Sizə bayramı bayram kimi qarşılayıb yola salmağı nəsib etsin!

Allah yaratdığı hər bir bəndəsinin ruzisini də yaradır. Bu ruzini əldə etməyin bir çox sivil qaydaları var. Mən kasıblara bu sivil qaydaları tezliklə tapmağı arzulayıram”.

Z.MƏMMƏDLİ





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}