"Azəriqaz"da dövlət əmlakını talan edirlər
Tarix: 03-04-2017 14:48 | Bölmə: Slayd


Bu yaxınlarda Dövlət Statistika Komitəsi "Azəriqaz" İstehsalat Birliyində ötən il ərzində 144 milyon kubmetr qazın itkiyə getdiyini açıqlasa da, beynəlxalq audit şirkəti olan "Ernst and Young" komitəni təkzib edən hesabat yaydı. Aydın oldu ki, qaz itkisi 144 deyil, 700 milyon kubmetrdir.

Tanınmış iqtisadçı Qubad İbadoğlu isə bildirib ki, bu itki Albaniya kimi kiçik ölkənin illik qaz tələbatının az qala hamısı, Gürcüstan və Ermənistanın qaza olan tələbatının isə üçdə biridir.

Q.İbadoğlunun sözlərinə görə, bu qədər qazın sızma yolu ilə itkiyə getməsi və ya hansısa istehlakçılar tərəfindən oğurlaması qeyri-mümkündür.

Hesabatda qeyd olunur ki, "Azəriqaz" İB-nin şəbəkəsində ildə 508 mindən çox qaz sızması qeydə alınıb və sızmaların cəmi 23.6 faizi vaxtında aradan qaldırılıb.

Ancaq hesabatda yer alan auditin digər nəticələrinə diqqət etdikdə, birlikdə yeyintilərin, eyni zamanda, böyük talançılığın yaşandığı təsdiqlənir. Hesabata görə, "Azəriqaz"da xərclər xammal və materialların alınmasında, nəqliyyat xərcləri, təmir işləri, alınan mal və materialların qiyməti orta bazar qiymətini 20 faizdən çox aşır, yəni xərclər azı 20 faiz şişirdilir.

Auditin nəticəsində o da bildirilir ki, "Sentra" adlı podratçı hətta "Azəriqaz"ın sifarişini bazar dəyərindən 38 dəfə baha yerinə yetirib.

Q.İbadoğlu qeyd edib ki, "Ernst and Young" 1 manatlıq malın 38 manata rəsmiləşdirilməsini açıqlayıbsa, ona inanmaq olar:

"Ernst and Young" dünyanın aparıcı və tanınmış auditor şirkətidir, onların nüfuzu etimadın üzərində qurulub. O baxımdan, onların hesabatında belə bir fakt öz əksini tapıbsa, mən ona inanmaq məcburiyyətindəyəm.

Statistik göstəricilərdə SOKAR ildən-ilə həm daxildə qaz istehlakının azaldılmasını göstərir, həm də qazpaylayıcı şəbəklər vasitəsilə qazın ötürülməsi haqqında itkilərdən məlumat verir".

İqtisadçı qeyd edib ki, bu itkilərin böyük hissəsi - 68,5 faizi Bakının payına düşür: "Halbuki qazın sərfiyyatında Bakının xüsusi çəkisi 47,9 faizdir, yəni ən böyük itki Bakıda sərf olunur, rəsmiləşdirilir. Ancaq Bakının qazpaylayıcı şəbəkələri daha müasir texnologiya ilə təmin olunub. Buna baxmayaraq, Bakıda qaz itkilərinin qarşısını almaq mümkün deyil. Bu baxımdan, kifayət qədər böyük itkilər var. Bunu yalnız "Ernst and Young" təsdiq etmir, rəsmi statistik məlumatlardan da tapmaq mümkündür".

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da "Azəriqaz"da baş verənlərlə bağlı maraqlı açıqlamalar verib.

Mirvari xanım bildirib ki, "Azəriqaz" QSC olarkən, idaretmə aparatında 11 şöbə var idi və cəmi 250 işçi çalışırdı.

Xatırladaq ki, Prezidentin 01 iyul 2009-cu il tarixli 366 nömrəli "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə "Azəriqaz" İstehsalat Birliyinə çevriləndən və onun baş direktoru Əkbər Hacıyev təyin ediləndən sonra isə vəziyyət heyrətamiz formada dəyişib:

"Hazırda Birliyin idarəetmə aparatında 33 şöbə var və orada 598 nəfər işçi çalışır. Əlavə yaradılan əksər şöbələr bir-birini təkrarlayır və belə qənaətə gəlmək olur ki, kiminsə qohumu üçün iş yeri açılıb".

Komitə sədri "Azəriqaz"ın regional idarələr üzrə yüksək vəzifəlilərinin əmək haqları haqda da qısa arayış verib:

"Regional idarələr üzrə ştatların vəzifə maaşlarına diqqət edin. Aşağıda qeyd etdiyim vəzifələr üzrə təyin edilmiş maaş və maaşa əlavələrə baxın:

1. Rəis vəzifəsinin maaşı - 2112 manat + əlavə 1270 manat;

2. Umumi məsələlər üzrə rəis müavini - 1964 manat maaş + 1000 manat əlavə;

3. Baş mühəndis - 2006 manat + 980 manat əlavə;

4. Xidmət sahə rəisləri - 1964 manat + əlavə 785 manat”.

M.Qəhrəmanlı qeyd edib ki, fəhlələrin əmək haqqı 250-350 manat civarındadır. Bundan başqa, "Azəriqaz" İB-nin xərclərinin optimallaşdırılması və effektivliyinin yüksəldilməsi - adlı audit materialından bəlli olur ki, "Azəriqaz"ın regional idarə vəzifəlilərinin əmək haqqı ilə adi, lakin bütün yükü çəkən mütəxəssislərin vəzifə maaşları arasında böyük fərqlər var: "Addımbaşı qənaət rejimi və iş yerlərinin ixtisarı ilə rastlaşdığımız bir vaxtda "Azəriqaz"da bağlı belə ştat cədvəlinin mövcudluğu dəhşətlidir".

Reyting.az-ı məlumatlandıran başqa bir mənbə isə deyib ki, qurumla bağlı açıqlanan hesabat və artan narazılıq artıq pik həddə çatıb. Üstəlik, son aylar paytaxt da daxil olmaqla, bölgələrdə də təmir adı ilə qazın tez-tez kəsilməsi, saatlarla qaz əvəzinə hava verilməsi nəticəsində həm vətəndaşların narazı salınması, həm də bununla "qaz itkisi"ni kompensasiya etmək cəhdləri "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyevə ciddi problem yaradıb.

Məlumatda bildirilir ki, artıq SOCAR rəhbərliyi Əkbər Hacıyevi əvəzləyəcək kadrın axtarışına çıxıb. Lakin Ə.Hacıyevi müdafiə edən, onu qorumağa çalışan ciddi nüfuz sahiblərinin olduğu da bildirilir: "Məhz buna görə, talan edilən, alınan malları 15-30 dəfə şişirdərək dövlət vəsaitləri talan edilən "Azəriqaz"da rəhbər dəyişikliyi indiyədək gerçəkləşməyib. Lakin düşünürəm ki, Əkbər Hacıyevin 8 illik direktor karyerası indiki qədər təhülkəli vəziyyətlə üzləşməyib".

Bildirilir ki, qurumla bağlı yayılan sensasiyalı audit hesabatı Ə.Hacıyevi qoruyan qrupu da çıxılmaz vəziyyətdə qoyub. Yəni onu indiki mərhələdə qorumaq təmsil olunduğu qruplaşmanı də hədəfə gətirir. Bu səbəbdən də, ictimai təzyiq bir qədər də artarsa, "Azəriqaz"da rəhbər dəyişikliyi qaçılmaz olacaq.

F.ƏHMƏD

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}