16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bir nazirin iki müavini postuna çoxsaylı iddialı var
Tarix: 12-04-2017 16:51 | Bölmə: Slayd


Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Prezidentin digər sərəncamı ilə keçmiş rabitə və yüksək texniologiyalar naziri Ramin Quluzadə yeni nazirliyin rəhbəri təyin olunub. Ləğv edilən, daha doğrusu, yeni nazirliyə birləşdirilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov isə işsiz qalıb.

Qeyd edək ki, ölkə başçısı bu barədə sərəncam imzalayarkən, hökumətə iki ay vaxt ayıraraq, bu müddətdə yeni nazirliyin Əsasnaməsini hazırlamağı tapşırıb. Qeyd edilən 2 ay aprelin 13-də bitir. Bu isə o deməkdir ki, həmin tarixdən etibarən yeni nazirliyə nazir müavinləri və aparat rəhbəri təyin edilməlidir.

Bəs görəsən, yeni nazirliyin formalaşdırılma işləri nə yerdədir? Hökumət və yeni nazirliyin rəhbəri Ramin Quluzadə dövlət başçısının verdiyi müddətdə qoyulan tapşırıqları icra ediblərmi? Ümumiyyətlə, yeni nazirlikdə kimlərə vəzifə veriləcək?

Reyting.az-a daxil olan məlumata görə, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsi üzərində tamamlanma işləri gedir.

Adıçəkilən nazirlikdə işləyən və adının çəkilməsini istəməyən məsul şəxslərdən biri deyib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb dövlət başçısına təqdim olunacaq: "Lakin bu o demək deyil ki, aprelin 13-dən dərhal sonra boş qalmış vəzifələrə təyinatlar olacaq. Mümkündür ki, bu proses bir qədər uzun çəksin. Çünki elə həmin sərəncamda vurğulanıb ki, yeni nazirliklə bağlı Nazirlər Kabineti normativ hüquqi aktların uyğunlaşdırılmasını üç ay müddətində təmin edib, Prezidentə məlumat verməlidir".

Eyni zamanda Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat verəcək.

Göründüyü kimi, sərəncamın tam icrası üçün beş ay müddət ayrılıb. Bunun iki ayı ötsə də, qabaqda hələ üç ay var.

Mənbəmiz bildirib ki, ötən iki ay müddətində yeni nazirliyin Əsasnaməsinin yuxarı dairələrlə razılaşdırılmamış xırda detalları qalıb: "Sözsüz ki, hökumət və Prezident Administrasiyası hazırlanmış Əsasnamə ilə bağlı öz təklif və tələblərini irəli sürə bilərlər. Ona görə də hazırda ilkin variantda olan Əsasnamədəki məsələlər haqqında dəqiq fikir söyləmək mümkün deyil".

Məlumatda qeyd edilir ki, qarşıdakı həftələrdə Əsasnamə üzərindəki işlər tamamilə yekunlaşaraq Prezident Administrasiyasına təqdim olunacaq. Bundan sonra isə R.Quluzadənin yeni müavinlərinin təyinatı gerçəkləşə bilər. Nazirlik əməkdaşının iddiasına görə, bu dəfə nazirin dörd müavini olacaq: "1-ci müavinlə yanaşı, 3-cü müavin postuna təyinatlar olacaq. 1-ci müavinin və Aparat rəhbərinin səlahiyyətləri bəllidir. Qalan üç müavinin səlahiyyətləri isə nazirliyin funksiyalarına uyğun olaraq bölünəcək. Yəni bir müavin rabitə, bir müavin nəqliyyat, bir müavin isə informasiya texnologiyaları üzrə məsul olacaq".

İddiaya görə, yeni nazirlikdə cəmiyyət üçün sürpriz sayılacaq müavin təyinatlarının olması da mümkündür:

"Hazırkı müavinlərdən isə böyük ehtimalla Əli Abdullayev yenidən 1-ci müavin təyin ediləcək. Ancaq bunu ləğv edilən hər iki nazirlikdə müavin postu tutmuş digər şəxslərə şamil etmək bir qədər çətindir. Əlbəttə, aralarında bu posta can atanlar və bu istiqamətdə ciddi cəhdlər edənlər var. Amma bu cəhdlərin nə dərəcə fayda verəcəyini zaman göstərəcək".

Nazirlik əməkdaşı qeyd edib ki, istər nazir müavini, istər Aparat rəhbəri postuna, istərsə də boş qalmış digər vəzifələrə iddialıların sayı çoxdur və hakim komandadkı qruplaşmalar bu istiqamətdə gizli mübarizələrini davam etdirirlər.

Ləğv edilən Nəqliyyat Nazirliyindən də bəzi peşəkar mütəxəssislər yeni nazirlikdə vəzifələrə təyinat alacaqlar. Artıq bəziləri ilə bağlı təqdimat verilib. Sözsüz ki, bütün bunların rəsmiyyət qazanması Əsasnamənin təsdiqindən sonra baş verəcək.

Məlumatlı şəxs sabiq nazir Ziya Məmmədovun Ramin Quluzadəyə müavin təyin ediləcəyi barədə yayılan şayiələrə də aydınlıq gətirib. "Məncə, nə Ziya Məmmədov, nə də Ramin Quluzadə bunu istəməz. Fikrimcə, bu təyinatın gerçəkləşmə ehtimalı çox azdır",- deyə mənbəmiz fikrini tamamlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}