23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Kreml növbəti Qarabağ oyununu reallaşdırıb - Ermənistanın xeyrinə
Tarix: 29-04-2017 18:54 | Bölmə: Slayd


Rusiya yenidən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinə başlayıb. Ötən ilin aprel döyüşlərindən sonra ilk dəfə Qarabağ münaqişəsinin həlli ilə bağlı Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin görüşü baş tutub.

Görüşdən əvvəl Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib. O bildirib ki, Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətlidir:

"Bu görüş Ermənistanın ya münaqişənin "Kazan düsturu" çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcək".

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşünün yekunları ilə bağlı dünən verilən bəyanatda deyilir ki, aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib. Görüşdə 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Qeyd olunur ki, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri münaqişənin sülh yolu ilə həllinə kömək səylərinə görə Rusiya XİN rəhbərinə təşəkkür ediblər:

"Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar. Üçtərəfli danışıqların yekunları əsasında onların ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü olub. Görüşdə münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb".

Budəfəki görüş də imitasiya xarakteri daşıyır


Politoloq Zərdüşt Əlizadə isə məsələni Reyting.az-a şərh edərkən deyib ki, budəfəki görüş də sadəcə imitasiya xarakteri daşıyır. Onun sözlərinə görə, üç ölkənin XİN rəbbərinin bir araya gəlməsi "danışıqlar davam edir" mesajını verməkdən başqa bir şey deyil:

"Guya hansısa məsələlər müzakirə olunur, Rusiya XİN rəhbərlərini toplayır, tərəflərə təkliflər verir və s. Deyirlər ki, sülhə gəlin, münaqişəyə son qoyun. Yəni, Rusiya bununla göstərməyə çalışır ki, mən böyük güc kimi öz missiyamı yerinə yetirirəm. Bu görünən tərəf".

Vasitəçilər bu münaqişədən qazanır

Məsələnin görünməyən tərəfinə gəlincə, tanınmış politoloqun iddiasına görə, elə Rusiya orda deyir ki, heç bir nəticəyə gəlməyin:

"Münaqişə tərəfləri də deyir ki, baş üstə! Bundan əlavə, Rusiya bu təşəbbüslərlə Fransa və Amerikaya deyir ki, mənim bostanıma girməyin. Yəni Qarabağ münaqişəsi ilə bağlı lazım olanı edirəm, siz bu işə əl uzatmayın. Onlar da girmək istəyirlər, Azərbaycana deyirlər ki, güc tətbiq eləmə, Ermənistana hərbi təchizat verirlər. Hərə öz işini görür, vasitəçilər isə bu münaqişədən qazanırlar. Yəni, bu münaqişə bir gəlir vasitəsidir. Bu obyektdən hərə öz payını götürür. Rusiyanın payı daha çoxdur, Fransa ilə Amerika daha az götürür. Ona görə də heç biri münaqişənin həllini istəmir".

Hər iki tərəf öz cəmiyyətini aldadır

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və erməni xalqlarına böyük ziyan vurduğunu deyən Z.Əlizadənin fikrincə, xalqların siyasi səviyyəsinin aşağı olması səbəbindən onlar öz xeyirlərini anlamır və siyasi fırıldaqçılarınəlində alətə çevriliblər:

"Azərbaycanda da, Ermənistanda "vətənşüvənlər" meydan sulayır. "Vətən" qışqıra-qışqıra ciblərini doldururlar".

Z.Əlizadə onu da nəzərə çatdırıb ki, hər iki tərəf öz cəmiyyətini aldadır. "Bilirsiz, hər iki tərəfdə rol oynayırlar. Bizdə müxalifət də, iqtidar da rol oynayır. Məsələ ondadır ki, sadə xalq da rol oynayır. Jurnalistlər də rol oynayırlar ki, guya informasiya verirlər. Yəni, bütün sahələrdə imitasiya var. Belə bir şəraitdə heç bir problem həll oluna bilməz",- deyə politoloq fikrini tamamlayıb.

Moskva münaqişənin həllini istəmir


Politoloq Elxan Şahinoğlu Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı qeyd edib ki, burada Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır:

"Kremlin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməkdə nə marağı var? Axı, Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır. Rusiya hakimiyyəti aprel ayından çox qorxurdu. Düşünürdülər ki, Azərbaycan ordusu bir il bundan öncəki hərbi əməliyyatı təkrarlaya bilər. Bu baş vermədi. Rusiya rəsmilərinin Azərbaycana çoxsaylı səfərləri nəticəsini verdi. Ancaq bu, ümumilikdə hərbi toqquşma ehtimalını azaltmayıb. Snayperlərimiz fəal işləyirlər, elə gün olur ki, işğalçıların iki hərbçisi məhv edilir. Yəni onsuz da, atəşkəsə riayət olunmur.

Rusiyanın təklifləri isə bizi qane etmir. Rusiyalı politoloq və özünü prezident Vladimir Putinin yaxın çevrəsindəki ekspert kimi təqdim edən Sergey Markova inansaq, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşmasa Kreml tərəfindən cəzalandırılacaq.

Markov ötən il də deyirdi ki, 2016-cı ilin sonuna qədər Ermənistan 5 rayonu boşaldacaq və azərbaycanlı məcburi köçkünlər geri dönəcəklər. Əlbəttə, Markovun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi alqışa layiqdir. Ancaq arzuları reallıq kimi göstərmək də yanlışdır, Azərbaycan cəmiyyətinin başının altına yastıq qoymaq lazım deyil. Bunun bizə xeyrindən çox zərəri var".

"Atəşkəsin uzanması Ermənistanın xeyrinədir"


Ermənistan rəsmilərinin "biz növbəti görüşdə iştirak etməyəcəyik",- açıqlamalarına gəlincə, politoloq bildirib ki, ermənilərin belə bir fikir söyləməsi oyundan başqa bir şey deyil:

"Guya narazıdırlar. Ancaq əslində, Moskva görüşündə birbaşa özləri maraqlıdırlar. Çünki bilirlər ki, Kreml Ermənistanın maraqları əleyhinə addım atmayacaq. Əskinə, naz eləməklə Azərbaycanda "Əgər Ermənistan danışıqlarda iştirak etmək istəmirsə, Moskvanın dəvətindən imtina edirsə, deməli, bu, avtomatik bizim xeyrimizədir, ona görə də Kremlin görüş təklifinə biz düşünmədən razılaşmalayıq",- müzakirələrinin genişlənməsinə şərait yaradırlar.

Biz də görüşə dərhal razılaşırıq, bizdən sonra onlar da razılaşır, danışıqlar başa çatır, biz görüşdən narazı, onlar isə razı qayıdırlar. Belə görüşdən niyə imtina etsinlər ki? Bu da informasiya müharibəsinin tərkib hissəsidir. Status-kvonun, o cümlədən atəşkəsin uzanmasına yol açan bütün müzakirələr Ermənistanın xeyrinədir".

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}