Ölkə təhsili ilə bağlı həyəcan təbili çalınır
Tarix: 02-05-2017 13:27 | Bölmə: Slayd


Partiya sədri Azərbaycan təhsilindəki problemləri hökumətin fərsiz siyasəti ilə əlaqələndirsə də, təhsil eksperti Dövlət İmtahan Mərkəzinin məlumatını həqiqət saymır

Ölkənin təhsil sistemindəki problemlər son illər daha da dərinləşir. İstər buraxılış, istərsə də qəbul imtahanlarının mənfi nəticələri orta təhsil müəssisələrində verilən təhsilin aşağı səviyyədə olduğunu göstərir.

Təbii ki, bütün bunlar dövlət qurumlarının açıqladığı hesabatlarda öz əksini tapıb. Belə ki, ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxumağı bacarmaması məlum olub.

Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdirdiyi "Abituriyent" jurnalının 12-ci sayında qeyd olunub ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. 11-ci siniflər arasında 22 nəfər, 9-cu siniflər arasında isə 69 nəfər belə şagird olub:

"Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək mümkündür".

Belə şagirdlərin 9-cu, 11-ci sinfə qədər gəlib çatması müəmmalıdır. 11-ci siniflər üzrə yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir:

Lənkəran rayonunda 4 nəfər, Bakı şəhərində və Bərdə, Füzuli, Gədəbəy, Salyan rayonlarının hərəsində 2 nəfər, Ağdam, Cəbrayıl, Göyçay, Göygöl, Kürdəmir, Lerik, Neftçala və Sabirabad rayonlarının hər birində 1 nəfər.

9-cu siniflərdə yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir:

Cəlilabada rayonunda 8 nəfər, Salyan rayonunda 6 nəfər, Füzuli, Lənkəran və Qazax rayonlarının hər birində 3 nəfər, Daşkəsən, Biləsuvar, Gədəbəy, Göygöl, Qusar, Tovuz və Ucar rayonlarının hər birində 2 nəfər, Gəncə, Şirvan və Yevlax şəhərlərinin, Kəlbəcər, Kürdəmir, Neftçala, Qax, Qobustan, Şəki, Zaqatala və Zərdab rayonlarının hərəsində 1 nəfər.

"280-dən aşağı bal toplayanlar ali məktəbə qəbul olunmamalıdır” 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş sədri, təhsil üzrə ekspert Vurğun Əyyub isə məsələyə birtərəfli yanaşmanı doğru saymır.

V.Əyyub Reyting.az-a deyib ki, yazmaqla oxumaq fərqli məsələlərdir və bunları bacarmamağın səbəbləri başqadır:

"Əvvəla onu deyim ki, orta məktəb şagirdi yazı yaza, oxuya bilmirsə, bu o deməkdir ki, orta məktəb öz funksiyasını icra edə bilmir. Dövlət orta təhsilə bu qədər pul ayırır. Nəticə belədirsə, deməli, bu pullar havaya sovrulub. İndiki orta təhsil orta məktəbin yox, repetitorların gördüyü işə çevrilib.

Yazı məsələsi isə bir az mürəkkəbdir. Müasir texnologiyanın inkişafı insanlarda yazı vərdişini yoxa çıxardır. Məsələn, 60-70-ci illərin adamları gözəl xətlərinin olması ilə fəxr edərdilər. O vaxt orta məktəblərdə hüsnü-xətt dərsi keçirdilər. Amma indi kim əl yazısı ilə məktub, yaxud məqalə yazır? Yəni, texnologiyanın inkişafı bəzi məsələləri arxa plana keçirib.

Mən heç də demək istəmirəm ki, gözəl və düzgün yazı gərəksizdir. Sadəcə olaraq, onun sıradan çıxmasının obyektiv səbəbini göstərmək istəyirəm. Sözümün canı odur ki, yazı ilə bağlı problemdə obyektiv səbəblər də var. Amma şagird kitab oxuya bilmirsə, bu o deməkdir ki, bu adam ümumiyyətlə, təhsil almayıb".

Onu da nəzərə çatdıraq ki, ötən il I-IU ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb.

DİM-in nəşr etdirdiyi "Abituriyent" jurnalının 12-ci sayında bildirilib ki, I-IU ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 32,61 faizi 0-99 bal yığıb.

Qeyd olunub ki, oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər. V.Əyyub isə artıq bu barədə danışmaqdan yorulduğunu deyir. Onun sözlərinə görə, bu nəticələr təhsilin hansı səviyyədə olduğunu göstərir:

"Nazirlər Kabineti bir plan təsdiq edir. Bu planı doldurmaq üçün tələbə qəbulunda keçid ballarını aşağı salırlar. 700 ballıq sistemdə biliyin 40 faizi 280 bal edir. Hələ sovet dönəmində biliyin 40 faizini mənimsəyənə 3 qiymət yazırdılar ki, müsabiqədə iştirak edə bilər. 90-cı illərdə biz tələbə qəbulu sistemini yaradanda 280 bal toplaya bilməyən abituriyenləri müsabiqəyə buraxmırdıq. Bu məsələyə fərqli prizmadan baxanlar da var. Bəzi təhsil işçiləri hesab edirlər ki, abituriyentin nə qədər bal toplaması əsas deyil. Əsas onun universitetdə necə oxumasıdır. Onda sual çıxır: Ən adi bilik bazası olmayan şəxs gəlib universitetdə necə oxuyacaq?

Təbii ki, istisna hallar ola bilər, amma istisnalar qanunauyğunluq deyil. 10 min abituriyentdən bir-iki nəfər az bal toplaya, amma sonradan istedadı nəticəsində yüksək nəticələr əldə edə bilər. Ona görə də mən hesab edirəm ki, universitet tələbələrinin minimum bilik səviyyəsi olmalıdır. 280-dən aşağı bal toplayanlar ümumiyyətlə, ali məktəbə qəbul olunmamalıdır. Amma indiki hökumət belə bir xətt götürüb və bəzi təhsil işçiləri də o fikirdədir ki, əsas məsələ onları ali məktəbdə oxutmaqdır.

Bəs universitetlərdə təhsilin səviyyəsi necədir? Bunun özü də bir müzakirə mövzusudur".

"YAP-çıların neqativ fəaliyyəti gələcək nəslin formalaşmasına da zərbə vurub" 

Vətəndaş və İnkişaf Partiyasının sədri, Tibb Universitetinin dosenti Əli Əliyev isə Reyting.az-a deyib ki, keçirilən imtahan bir daha təhsilin səviyyəsinin göstəricisidir. Onun fikrincə, məsələyə birtərəfli yanaşma düzgün olmaz, çünki mövcud real durum çoxcəhətli problemlərin məcmusudur:

"İlk növbədə təbii ki, məsuliyyəti Təhsil Nazirliyi daşımalıdır. Lakin bu nazirliyi hakimiyyətdən əlahiddə bir orqan kimi dəyərləndirmək yanlışdır. Hökumət bütöv bir orqandır. Təhsil Nazirliyi tam hökumətin bənzəri, yürüdlən siyasi fəlsəfənin inikasıdır. Ölkədə savad, dürüstlük, peşəkarlıq yaşam meyarı deyilsə, bunun əvəzində yerlibazlıq, qohumbazlıq, rüşvət və s. digər amillər rifah ekvivalentidirsə, cəmiyyətdən təhsil səviyyəsi gözləmək düzgün deyildir. Hökumətin fərsiz siyasəti nəticəsində müəllimlərin hörmət instansiyasından seçki saxtakarı və potensial rüşvətxora çevrilməsi də səviyyəyə öldürücü zərbə vurur. Əmək haqlarının aşağı olması, müəllim avtoritetinin "öldürülməsi" bu hakimiyyətin ən ciddi yanlışlarındandır. Ümumiləşdirərək onu deməliyəm ki, nəticələrdə səviyyənin aşağı olmasını təhsilə yürüdülən ümumi siyasətdə göstərilən münasibətdə axtarmaq lazımdır".

Müsahibimiz onu da diqqətə çatdırıb ki, Təhsil Nazirliyinin də fərdi məsuliyyəti aşağı nəticələrdə mövcuddur. Dosentin sözlərinə görə, subyektiv faktoru nəticəsizlikdə nəzərə almamaq yanlışlıqdır:

"Lakin təhsil həm də əhalinin rifahına bağlı, kapital qoyuluşu tələb edən sahədir. Biz azərbaycanlılar daim gənc nəslin təhsilinə xüsusi önəm vermişik. Lakin məsələnin obyektiv maddı təməlləri mövcuddur. Yüksək təhsil, ona ayrılan diqqət birbaşa pula bağlıdır. Burada da hakimiyyətin səhv siyasəti əhalinin kəskin "zəifləməsinə", müvafiq olaraq göstərilən nəticələrin aşağı düşməsinə gətirib çıxarıb. Bir sözlə, yüksək təhsil hakimiyyət məsələsidir. Keçirilmiş imtahan nəticələri bir daha sübut edir ki, YAP-çıların neqativ fəaliyyəti gələcək nəslin formalaşmasına da uzunmüddətli zərbə vurub".

Dövlət İmtahan Mərkəzi nəticələrinə laqeyd yanaşıb 

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi məlumat əslində o deməkdir ki, 9-cu sinfi bitirən 108.563 nəfər şagirdin 108.487 nəfəri oxuyub-yazma bacarığına və eləcə də digər savadlılığa malikdir:

"9-ci sinfi bitirən şagirdlərdən isə 88.363 nəfərdən 88.339 nəfəri həm oxuyub-yazma bacarığına, həm də digər savadlılığa malikdir. Bu isə 99.93 və 99.97 faiz göstərici deməkdir. Bundan başqa, Dövlət İmtahan Mərkəzinin elə bir funksiyası yoxdur ki, şagirdlərin oxuyub-yazma qabiliyyətini yoxlasın. Onlar yalnız imtahanda iştirak edənlərin cavab kartlarına qeydləri əsasında bunu müəyyənləşdiriblər. Hansısa şagird hanısa səbəbə görə cavab kağızını ağ qoyubsa, bu onun oxuyub-yaza bilməməsi demək deyil".

Təhsil ekspertinin fikrincə, Dövlət İmtahan Mərkəzi açıqladığı məlumatda həm də özünü tənqid etmiş olur:

"Bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi 5-ci sinifdən başlayaraq məktəblərdə monitorinq imtahanları keçirir. Belə çıxır ki, onlar bu imtahanlara və onun nəticələrinə laqeyd yanaşıblar.

Bundan əlavə, bu statistikada diqqəti çəkən 11-ci siniflərlə bağlı oxuyub-yaza bilməyənlərdir. Axı həmin 11-ci sinifdə oxuyan iki il əvvəl 9-cu sinifdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında iştirak edib və müsbət qiymət alıb. Necə oldu ki, onlar iki il ərzində oxuyub-yazmaq qabiliyyətlərini itirdilər?".

Ekspert, BMT-nin İnkişaf Proqramının saytına istinadən qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi məlumat həqiqətə uyğun deyil:

"BMT qeyd edir ki, Azərbaycan dünyada 15-24 yaş arasındakı əhalinin savadlılıq dərəcəsi 100 faiz olan çox azsaylı ölkələrdən biridir. Bu göstərici Azərbaycanla yanaşı, 187 ölkənin insan inkişafı indeksinin qiymətləndirildiyi hesabatda 4 ölkədə - Moldova, Koreya Xalq Demokratik Respublikası, Polşa və Kubada da qeydə alınıb.

Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi isə 99,8 faizdir. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi məlumat heç də təhlükəli deyil".

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}