Komitə sədri Nazim İbrahimov İlham Rəhimova minnətçi düşüb
Tarix: 15-05-2017 12:03 | Bölmə: Slayd


Məlum olduğu kimi, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının, digər xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin narahatlığına səbəb olub.

Hətta ötən gün Diasporla İş üzrə Dövlət Komitəsi bununla bağlı bəyanat yayaraq təəssüf hissi ilə bildirir ki, son dövrlərdə daxil olmuş məlumatlar Rusiya Federasiyasında müəyyən anti-Azərbaycan qrupların ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərdiyini, mayın 15-nə təyin olunmuş məhkəmə prosesinə təşkilatın bağlanması üçün təzyiq etmək cəhdlərinin intensivləşdiyini söyləməyə əsas verir.

Reyting.az-ın əldə etdiyi məlumata görə isə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov sözügedən qurumun taleyi ilə bağlı ciddi şəkildə narahat olub. Bu səbəbdən də Rusiyanın yuxarı dairələrinə yol tapmağa çalışır.

Ciddi qaynaqlardan aldığımız məlumatda bildirilir ki, Rusiyanın Ədliyyə Nazirliyinin rəhbər şəxslərinə, eləcə də diaspora ilə əlaqədar qurumlara "xod" axtaran kömitəsədrinin cəhdləri hələ ki müsbət nəticə vermir. Bu səbəbdən də məsələni ictimailəşdirərək fərqli müstəviyə çəkməyə çalışır.

Məlumata görə, hakimiyyətin yuxarı dairələrindən Nazim İbrahimova təpki göstərilib və bildirilib ki, yarıtmaz fəaliyyəti nəticəsində belə bir vəziyyət yaranıb:

"Bu səbəbdən də komitə sədri məsələ ilə bağlı bəyanat verərək məsuliyyətini azaltmağa çalışır, digəri tərəfdən isə Rusiyanın hakimiyyət ierarxiyasında söz sahib olan şəxslərə nüfuz etməyə cəhd göstərir". 

Məlumatda qeyd edilir ki, Nazim İbrahimov Rusiya prezidenti Vladimir Putinin dostu, azərbaycanlı iş adamı İlham Rəhimovdan da problemin həllində kömək istəyib:

"Komitə sədri bu məsələnin problemsiz həll olunması üçün İlham Rəhimova minnətçi düşüb. İş adamı isə məsələnin artıq geniş miqyas aldığını, amma əlindən gələni əsirgəməyəcəyi vədini verib".

Onu da xatırladaq ki, son illərə kimi N.İbrahimova yaxın şəxslər Rusiyada nufuz sahibi olan İ.Rəhimovun əleyhinə qərəzli kampaniya aparırdılar. Tarixin sərt üzü isə indi N.İbrahimovu iş adamına minnətçi düşmək məcburiyyətində qoyub.

Sonda qeyd edək ki, ÜAK-ın ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesinin necə nəticələnəcəyini demək çətindir. Amma bu proses bir daha göstərdi ki, Azərbaycan Diaspora Komitəsinin fəaliyyəti yarıtmazdır və bunun nəticəsidir ki, Rusiya kimi bir dövlətin nazirliyi Konqresin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edir. Yəqin ki, prosesin nəticəsindən asılı olaraq, N.İbrahimovun bundan sonrakı karyerası ilə bağlı qərar verilə bilər.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}