16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qarabağda daha təhlükəli plan hazırlanır
Tarix: 22-05-2017 16:15 | Bölmə: Slayd


Ermənistanın təxribat xarakterli fəaliyyəti Qarabağ cəbhəsində vəziyyəti yenidən gərginləşdirib. Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistanın hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA" zenit-raket kompleksi ilə hava məkanımızı nəzarətə götürməyə cəhd göstəriblər.

Bundan sonra hərbçilərimiz Ermənistanın zenit-raket kompleksini və nəqliyyat-doldurucu maşınını tam sıradan çıxarıb, şəxsi heyəti məhv ediblər.

Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Ağdam istiqamətində Azərbaycan ordusunun mövqelərini və müdafiənin dərinliyində yaşayış məntəqələrini müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Yaranmış gərginlik ATƏT-in Minsk Qrupunu da narahat edib. Minsk Qrupu həmsədrlərinin bəyanatında Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər atəşkəs rejiminin pozulma halları pislənir, tərəflər gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağrılır.

Sənəddə zərbələrin endirildiyi obyektlərə, habelə qurbanlar və dəymiş zərərə dair ziddiyyətli məlumatların olduğu da qeyd edilir.

Amma rəsmi Bakı həmsədrlərin münaqişənin tənzimlənməsi və gərginlik dönəmində verdiyi bəyanatları həzm edə bilmir. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Minsk Qrupu həmsədrlərinin 18 may 2017-ci il tarixli bəyanatını şərh edərkən deyib ki, bu bəyanat simptomatik xarakter daşıyır:

"Azərbaycanın digər işğal olunmuş rayonlarının əhalisi kimi 80.000-nə yaxın Laçın sakini 25 ildir, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk Qrupu həmsədrləri tərəfindən bu haqda heç nə deyilməməsi ədalətsiz və qeyri-obyektiv yanaşmadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərir və Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin işğalı fonunda ölkəmizin müdafiəsini və mülki əhalinin təhlükəsizliyini təmin edir. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükəni və Azərbaycanın hava məkanının dərinliklərinə nəzarət etmək cəhdinin qarşısını almaq üçün mayın 15-də provokativ şəkildə müdafiənin ön xəttinə çıxarılmış Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA" zenit-raket kompleksi legitim hərbi hədəf olaraq məhv edilib. Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edən Minsk Qrupu həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur. Həmçinin, həmsədrlərin bəyanatında Ermənistan silahlı qüvvələrinin keçən ilin aprelində olduğu kimi, cəbhənin Ağdam və Tərtər istiqamətləri boyunca sıx yaşayan mülki əhalini və mülki obyektləri 16-17 may tarixlərində minaatanlardan və digər silahlardan intensiv atəşə tutması və sonra video-görüntülər yayaraq bunu rəsmən etiraf etməsi barəsində heç nə deyilmir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu cəbhədə gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir".

Politoloq Zərdüşt Əlizadə isə məsələylə bağlı Reyting.az-a deyib ki, Minsk Qrupunun bəyanatı, Azərbaycan XİN-nin ona cavabı, tərəflərin cəbhədə yaratdıqları vəziyyət planlı siyasətin tərkib hissəsidir. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan tərəfi uzun müddətdir ki, bu "ssenari" üzrə davranır:

"Təbii ki, hər kəsin öz missiyası var: Gərginlik olan kimi ATƏT-in Mink Qurupu reaksiya verir, Rusiya müdaxilə edərək, bu regionun lideri olduğunu bəyan edir, münaqişə tərəfləri də həmişəki bəyanatlarını səsləndirirlər. Əslində isə heç bir yenilik yoxdur. Cəbhədə gərginliyin yaranması da ümumi "ssenari"nin bir hissəsidir. Ermənistan tərəfi cəmiyyətinə deyir ki, müharibə alovlana bilər, hakimiyyətin ətrafında birləşmək lazımdır, Azərbaycan tərəfi isə mesaj verir ki, Qarabağı unutmamışıq, hər zaman müharibəyə hazırıq. Rusiya da dünyaya göstərir ki, baxın, burada real müharibə olar, amma mən qarşısını alıram.

Gördüyünüz kimi, həmsədrlər də bəyanat verməkdən başqa bir şey bacarmırlar. Xarici İşlər Nazirliyi də guya mövcud durumundan narazıdır və hər şeyə etirazını bildirir. Əslində nə baş verir? Reallıq odur ki, bu "ssenari" 20-25 ildir ki, gedir. Bütün bunlar isə münaqişənin dondurulmasına xidmət edir".

Z.Əlizadə geniş müqyaslı müharibənin başlanacağını istisna edir. Onun qənaətincə, tərəflərə geniş miqyaslı müharibə sərf eləmir: "Bu səbəbdən də düşünürəm ki, geniş miqyaslı müharibə olmayacaq. Döyüşlər şiddətlənə, yaxud səngiyə bilər. Hətta aprel döyüşlərinin təkrarlanması da mümkündür. Nəzərə almaq lazımdır ki, aprel döyüşləri iştirakçıların sayı, cəlb edilmiş silahların növünə görə məhdud miqyaslı toqquşma idi. Yəni, bu cür toqquşmalar yenə ola bilər, amma onun geniş miqyaslı müharibəyə keçmə ehtimalı çox zəifdir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ermənistan cəbhədə gərginlik yaratmaqla demək istəyir ki, istənilən hücuma qarşı əks-hücumla cavab verəcək. Ancaq Ermənistanın bu əks-hücumları cəbhə bölgəsində problemlərin daha da artmasına xidmət edir, çünki, Azərbaycan ordusu da separatçıların əks-hücumlarını cavabsız qoymayacaq.

Politoloq bildirib ki, cəbhə bölgəsində gərginliyin artmasının bir neçə səbəbi var:

"Birincisi, danışıqlarda irəliləyiş yoxdur. Azərbaycan və Ermənistan xarici işlərin nazirlərinin ötən günlərdə Moskvada keçirilən görüşü də nəticəsiz qaldı.

İkincisi, Ermənistan ordusu əvvəlkitək Dağlıq Qarabağın ətrafında - işğal altındakı ərazilərdə hərbi təlimlər keçirir, hərbi istehkamlar qurur. Halbuki, rəsmi Bakı dəfələrlə Ermənistanı xəbərdar edib ki, Dağlıq Qarabağdan kənardakı hərbi istehkamlar vurulacaq. "OSA" zenit-raket kompleksinin vurulması da bu siyasətin tərkib hissəsidir.

Üçüncüsü, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi yay aylarında döyüş əməliyyatlarının aparılması üçün münbit şəraitin yaranmasıyla bağlıdır.

Dördüncüsü, vəziyyətin gərginləşməsinə Ermənistanın işğal altındakı ərazilərdə həyata keçirdiyi fəaliyyət də təsir edir. Ermənistan bir tərəfdən status-kvonu qorumağa çalışsa da, vaxtilə azərbaycanlıların yaşadığı şəhər və qəsəbələrə köçürülmə həyata keçirir, infrastruktur layihələri reallaşdırılır. Halbuki, bütün həll planlarına görə həmin şəhər və qəsəbələr azad olunmalı və həmin yerlərə azərbaycanlılar qayıtmalıdır".

Onu da nəzərə çatdıraq ki, erməni separatçıları Qarabağ ərazisində - işğal altındakı dağ massivlərinin birinin hündür yerində xaç işarəsini əks etdirən 50 metr hündürlükdə dəmir konsturksiya quraşdırıblar. Həmin konstruksiya üzərində işıq sistemi də quraşdırılıb ki, axşamlar da uzaq məsafədən görünsün. Həmin konstruksiya hündürlüyünə görə Avropada ikinci xaç abidəsidir. Maraqlıdır, erməni separatçılarının pula ehtiyacları olduğu halda bu cür bahalı konstruksiyanın tikintisinə niyə bu qədər önəm veriblər?

E.Şahinoğlunun fikrincə, bunun birinci səbəbi odur ki, separatçılar Dağlıq Qarabağı beynəlxalq aləmə xristian məskəni kimi tanıtdırmaq istəyirlər.

İkinci səbəbi isə odur ki, nə zamansa həmin konstruksiya dəqiq raket zərbəsiylə dağıdılarsa, bunu beynəlxalq aləmə "vandalizm" kimi qələmə verməyə çalışacaqlar.

"Beləliklə, separatçılar bilərəkdən qarşıdurmaya dini rəng verirlər. Müsəlman torpaqlarında xristianlığın bu şəkildə zorla yayılmasını İslam dünyası da pis qarşılayacaq. Bütün bu addımlar cəbhə bölgəsində gərginliyin daha da artmasına, 2016-cı il aprel hadisələrinin istənilən an təkrarlana biləcəyindən xəbər verir",- deyə politoloq fikrini tamamlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}