16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Maliyyə bazarında yeni təhlükə yaranır
Tarix: 29-05-2017 16:17 | Bölmə: Slayd


Son dövrlər dolların məzənnəsi manata qarşı sabit qalsa da, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından sonra ABŞ valyutasının yenidən güclənməyə başlayacağı bildirilir.

İqtisadçı ekspertlər də bir müddət əvvəl dolların qiymətinin ucuzlaşmasını şərh edərək bildirirdilər ki, məqsəd ölkəyə gələn turistlərdən ucuz qiymətə dollar almaq və ölkədə xarici valyutanı artırmaqdır. Bəzi iqtisadçılar isə, oyunlar bitdikdən sonra dolların yenidən bahalaşacağını proqnozlaşdırırdılar.

Daha detallı analizlər də bu istiqamətdə ciddi dəyişikliklərin olacağını deməyə əsas verir. Bildirilir ki, dollar, səhmlərin və ABŞ istiqraz faizlərinin yüksəlməsi ilə əlaqədar olaraq dəyər qazanır. İqtisadi sabitlik və iyunda Fed-in faiz artıracağı ehtimalı da dolların qalxmasına təsir edir.

İnvestorlar ötən həftə dollardakı satış dalğasını "həddindən artıq" kimi qəbul etməyə başlayıblar. ABŞ dolları, 10 mühüm bazar valyutasından 9-u qarşısında dəyər qazanarkən, ən çox funt-sterlinq qarşısında yüksəlib. Funt-sterlinq, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair danışıqlara son verəcəyi ehtimalının gündəmə gəlməsindən sonra, opsiyonlara əsaslanan satışın təsiri ilə geri çəkilib. Asiya səhmləri, ABŞ səhmlərində cümə günü görülən toparlanmadan sonra həftənin ilk iş günündə dəyər qazanıb.

ABŞ-da 10 illik xəzinə istiqrazlarının faizi 2 bənd artaraq 2.25 faizə çıxıb. "Mizuho Securities Co"nun baş valyuta strateqi Kengo Suzuki "Trumpa bağlı satış dalğası həddən artıqdı və makroiqtisadi mühit Fed-i faiz artırmaqda saxlayacaq kimi görünmür. Bu da dolların dəstəklənməsinə yardım edir",- deyib.

ABŞ dollarının 10 mühüm bazar pulu qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot İndeksi, 0.16 faiz qalxaraq 1202.19 olub. Dollar, yapon yeni qarşısında 0.21 faiz yüksələrək 111.50 səviyyəsinə qalxıb. ABŞ dolları, funt-sterlinq qarşısında 0.31 faiz qalxaraq 1.2996-dan alıcı tapıb. Avro/dollar məzənnəsi - 1.1170 səviyyəsinə düşüb (dollar bahalaşıb).

Azərbaycanın maliyyə bazarı da vəziyyətin dolların xeyirinə dəyişəcəyinə işarə verir. Belə ki, 2017-ci ilin I rübü ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə pul siyasəti icmalında öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, hesabat dövründə ötən ilin I rübü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 33,5 faiz azalıb, avro ilə əməliyyatların həcmi isə 5,7 faiz artıb. Rüb ərzində valyuta bazarında əməliyyatların 82,2 faizi ABŞ dollarında, 17,8 faizi digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,1 faiz hissəsi banklararası valyuta bazarında (BVB), 71,9 faizi isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 51,7 faizi bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95 faizini hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin I rübü ilə (147 mln.$) müqayisədə nağd valyutanın xalis satışı (cari ilin I rübündə 77 mln. $) 2 dəfə azalıb.

Təbii ki, ekspertlər də baş verənlərin milli valyutanın taleyinə ciddi təsir göstərəcəyini düşünürlər.

İqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, artıq Azərbaycanda valyuta bazarı canını tapşırıb. Onun fikrincə, belə bir şəraitdə tənəzzülün dağıdıcı təsirindən asanlıqla yaxa qurtarmaq mümkün deyil:

«Mərkəzi Bankın yaydığı məlumatlardan məlum olub ki, cari ilin birinci rübündə dolların alış-satış dövriyyəsi daha 1,8 milyard və ya 33,5 faiz azalıb (ötən ilin eyni dövrü ilə müqayisədə). Bu rüblük göstəricinin ötən il 6 dəfə və ya 18 milyard dollar azalmasını da nəzərə alsaq, o zaman valyuta bazarının nə kökə salınmasını daha bariz təsəvvür etmək mümkündür”.

N.Əliyev qeyd edib ki, I rübdə ümumi valyuta əməliyyatlarının 82,2 faizi ABŞ dolları ilə aparılıb. Nağd valyuta bazar seqmentində dolların xalis satış həcmi bu ilin birinci rübündə 2 dəfə azalaraq 77 milyona enib: "Bu sonuncu göstərici 2015-cı illə müqayisədə 56 dəfə, 2014-cü illə müqayisədə 23 dəfə düşüb. Xarici bazarlardan asılılıq səviyyəsinin yüksək olduğu bir şəraitdə valyuta bazarının bu dərəcədə zəiflədilməsindən sonra hər hansı iqtisadi fəallıqdan danışmaq yersizdir».

Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Əliyev də nikbin deyil.

T.Əliyev Reyting.az-a deyib ki, dolların manata nisbətən mövcud məzənnəsi ölkəmizdəki real iqtisadi vəziyyətə uyğun deyil:

«Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının apardığı yanlış monetar siyasət iqtisadi inkişafı ləngitməklə dollara olan tələbin azalmasına səbəb olub. Bunu və qarşıdan "Formula-1” oyunlarının gəldiyini nəzərə alsaq, yaxın zamanlarda dolların bahalaşacağı gözlənilmir. Ancaq fikrimcə, noyabr ayının sonlarından dolların bahalaşması qaçılmaz olacaq».

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov da analoji mövqedədir.

Deputat bildirib ki, turistlərin gəlişi dolların ucuzlaşmasının səbəblərindən biridir: "Bunu turistlərin gəlişi ilə əlaqələndirirlər. Əlbəttə, həm də onunla bağlıdır. Amma Mərkəzi Bankın yürütdüyü digər siyasəti də vurğulamaq lazımdır. Belə ki, dolların qiymətini "üzən məzənnə” siyasəti müəyyən edir. Bu da tələb və təkliflə, idxal-ixrac əməliyyatları ilə əlaqədardır”.

Milli Məclis üzvünün sözlərinə görə, 2016-cı ilin ikinci yarısından başlayaraq, o cümlədən 2017-ci ildə Azərbaycanda ilk dəfə ticarət balansında müsbət saldo yaranmışdı: "Yəni idxal ixracdan az idi. Bu da milli valyutaya təsir eləyən amillərdən biridir. Bundan əlavə, Mərkəzi Bank tərəfindən aparılan siyasət nəticəsində maliyyə bazarında müəyyən stabilləşmə həyata keçirilirdi. Bu da əsasən manatın müəyyən qədər stabil qalmasına gətirib çıxardı. O cümlədən real sektorun inkişafına müəyyən qədər az vəsait buraxıldı və s. Yəni sterilizasiya tədbirləri, monetar siyasəti həyata keçirən Mərkəzi Bank manatın kursunun stabilləşməsinə nail oldu. Hesab edirəm ki, bu siyasət davam edərsə, manatın dollara olan münasibəti elə bu səviyyədə qorunub saxlana biləcək”.

V.Əhmədovun fikrincə, maliyyə bazarına vəsait buraxılsa, manat üçün problem yarana bilər:

"Azərbaycanda real sektorun inkişafı üçün real vəsait lazımdır. O vəsait də, mənə elə gəlir ki, Azərbaycanın dövlət büdcəsindən nəzərdə tutulub. Ona görə də pul qıtlığı yaratmamaq üçün, ola bilər ki, maliyyə bazarına müəyyən qədər vəsait buraxılsın. Vəsait buraxılsa, onda manatın məzənnəsi ilə bağlı müəyyən problemlər yarana bilər. Hələlik isə məzənnə qorunub saxlanılır, bu da önəmli məsələlərdən biridir”.

V.Əhmədov sonda qeyd edib ki, manatı uzun müddət bu həddə saxlamaq çətindir. "Neftin qiymətində artım olarsa, əlbəttə, heç bir problem yaşanmaz. Amma onsuz da manat gec və ya tez öz qiymətini bazarda almalıdır”,-deyə millət vəkili fikrini tamamlayıb.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}