Azərbaycanda idarəetmə sistemi dəyişir
Tarix: 03-06-2017 16:34 | Bölmə: Slayd


Dövlət başçısı İlham Əliyevin iyunun 1-də imzaladığı sərəncamlarla Prezident Administrasiyasında struktur dəyişikliyi aparıldı. Dəyişikliyə əsasən, bir neçə müşavirlik ləğv olundu və Prezidentə yeni köməkçilər təyin edildi.

Məlumat üçün bildirək ki, Azərbaycan Prezident Administrasiyasının yeni strukturu təsdiqlənib və Administrasiyanın bəzi vəzifəli şəxsləri yeni strukturda yer almayıblar.

Azərbaycan Prezidentinin köməkçisi Tariyel Ağayev, Millətələrarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev, İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev yeni strukturda yer almayıblar.

Bundan əlavə, yeni simalar Prezident Administrasiyasında yüksək vəzifəyə təyin olunublar.

Uzun müddətdir ki, gözlənilən bu dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmır. Hakim komanda bu dəyişikliyi islahat kimi təqdim etsə də, bəzi siyasi dairələr baş verənləri yerdəyişmə kimi qəbul edirlər.


Məsələylə bağlı ilk rəsmi reaksiya Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovdan gəlib.

Ə.Həsənov məsələni şərh edərkən deyib ki, Prezidentin ərəncamı ilə həyata keçirilən struktur dəyişikliyi yeni situasiyaya və çağırışlara uyğun olaraq ölkənin ali icra orqanının fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədini daşıyır:

«Mövcud struktur dəyişikliyinə əsasən, öncə Birinci vitse-prezidentin xidməti formalaşdırıldı. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin köməkçilərinin sayı 10-a çatdırıldı. Onlardan 8-i eyni zamanda müvafiq şöbələrə rəhbərlik edirlər. Bundan başqa, dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi ləğv olundu, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradıldı, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edildi. Əminəm ki, Administrasiyanın yeni strukturu cənab Prezidentin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdırmaq və qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra etmək üçün səmərəli mexanizm kimi özünü təsdiq edəcəkdir”.

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa isə «Reytinq»ə deyib ki, dəyişikliyə həm kadrların keyfiyyəti, həm də struktur baxımdan yanaşmaq olar. Onun fikrincə, Prezident daha çevik idarəetmə mexanizminə keçməyi məqsədəuyğun saydığı üçün belə bir dəyişikliyə gedib:

«Administrasiyanın tərkibində olan ayrı-ayrı strukturlara birbaşa köməkçi statusu verərək özünün idarəetmədə iştirakını aparat mexanizmi ilə yox, bir başa, konkret strukturlarla həyata keçirmək istiqaməti götürdü. Aparatın funksional fəaliyyəti Administrasiya tərəfindən tənzimlənir, amma Prezidentin kokret sahələrlə bağlı tapşırıqları köməkçilər vasitəsi ilə həyata keçirilir. Yəni, bu, daha çevik idarəetmə imkanı kimi nəzərdə tutula bilər.

Digər tərəfdən, həm vəzifədən gedənlər, həm gələnlər kifayət qədər təcrubəli dövlət adamlarıdır. Ona görə də burada hansısa neqativ axtarmaq doğru deyil. Uzun illər bu posta işləyiblərsə, deməli, qaneedici fəaliyyətləri olub. Vəzifə daimi deyil deyə, bunu normal qarşılamaq lazımdır. Məsələn, hərbi siyasətlə, hüquq quruculuğu siyasətinin birləşdirilməsi daha effektli yoldur. Həmin posta Fuad Ələsgərov kimi uzun illər bu qurumda təmsil olunan şəxsin təyin oluması idarəetmənin daha effektli olacağına inam yaradır”.

F.Mustafanın fikrincə, həm hüquq-mühafizə orqanları ilə iş sahəsində, həm də hərbi sahədə onsuz da ortaq bir fəaliyyət gerçəkləşdirilir: "Belə bir vəziyyətdə bu cür idarəeetmə strukturu ilə bunun həyata keçirilməsi müəyyən dərəcədə iş potensialına qənaət olunmasına da xidmət edir».

Millət vəkili gənclər siyasətinə önəm verilməsini də müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu istiqamətdə edilən təyinatın da müsbət nəticələr verəcəyinə ümid edir:

«Bu yeni idarəetmə mexanizminə keçiddir və müəyyən dərəcədə bir-birini təkrarlayan strukturların azaldılması və birləşdirilməsidir. Hesab edirəm ki, bu addım idarəetmədə daha effektli və daha çevik qərarların verilməsi, sənədlərin hazırlanması və icrası üçün vacibdir.

Düşünürəm ki, bir çox strukturlarda, universitetlərdə birləşmə prosesini aparmaq lazımdır. Çünki daha yığcam və çevik mexanizmlərin olması idarəetməni bir az da asanlaşdırır. Hazırlanan sənədlərin hüquqi əsasını təşkil edən müəyyən addımlar, fəaliyyət istiqamətləri eynidir. Belə olanda çox şaxələnmiş idarəetmə sistemi müəyyən dərəcədə problemlər, ziddiyyətlər yaradır. Bu baxımdan çevik mexanizm olaraq düşünürəm ki, bu, müsbət haldır. Hər halda, ilkin addım atılıb. Yəqin, bu istiqamətdəki fəaliyyət davamlı olacaq».

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə "Reytinq” qəzetinin əməkdaşına deyib ki, Prezident Administrasiyasında dəyişikliklər əslində ciddi yeniliklər sayıla bilməz, lakin məqbul qərar hesab olunmalıdır: «Çünki eyni statuslu vəzifələr fərqli adlarla adlandırılırdı. Ancaq demək olar ki, səlahiyyətlər eyni idi, bu da müəyyən çaşqınlıq yaradırdı.

Müşavir statuslu vəzifələr Prezidentin məsləhətçisi, köməkçisi səlahiyyətlərini daşıyırdı. Ona görə də, bu statusu daşıyan vəzifələrin hamısı ya müşavir, yaxud da köməkçi adlandırılmalı idi. Görünür, 1-ci vitse-prezident və vitse-prezidentlər postunun olması nəzərə alınaraq bütün bu vəzifələr köməkçi kimi təsbit edildi. Əslində hakimiyyətin içərisində ciddi nüfuzu olan şəxslərə toxunulmayıb, vəzifəsini itirənlər isə artıq kifayət qədər işləmişlərdir. Zənnimcə, onlar da daxilən çoxdan bu dəyişikliyə hazır idilər. Ona görə də bu dəyişikliyin hakimiyyət daxilində narazılıq yaradacağı istisnadır. Üstəlik, hakimiyyətdə Prezidentin qərarına qarşı kimsənin etiraz edəcəyi indiki halda mümkün deyil. Vəzifə sahibləri öz postlarında qalmaq üçün Prezidentə daha yaxın olmaq, onun xoşuna gəlmək üçün çalışırlar, nəinki narazı obraz yaradaraq ikibaşlı oynamaq istəyirlər».

Maraqlı məqamlardan biri də odur ki, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkə həyatı üçün çox vacib olan digər qərarlar da verib. Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad olunub, onun rəhbəri olduğu qurum isə digəri ilə birləşdirilib.

Bu məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Prezident Administrasiyası strukturu artıq daha müasir idarəetmə formasında, bəzi şöbə və xidmətlərdə yeni tərkibdə fəaliyyətini davam etdirəcək:

«Şəxsən mənə görə, bu, çox normal və dövləti idarəetmə sistemində zaman-zaman lazımlı prosedurdur. Ölkə rəhbəri də nəyi nə zaman etməyi bizim hamımızdan daha yaxşı hiss edir və lazımı qərarlarını verir.

İndi gəlirəm bu gün daha çox müzakirə olunan iki generalın - Vahid Əliyevlə Məhərrəm Əliyevin və onların rəhbərlk etdikləri xidmətlərin istiqamətinin dəyişdirilməsi, digər şöbə və xidmətlərlə birləşdirilməsi və təkmilləşdirilməsinə.

Ən doğrusunu və düzgününü Ali Baş Komandan bilir. Yaxşı komandir hər zaman istəyir ki, onun güclü və bacarıqlı komandası olsun. Ona görə də, hesab edirəm ki, bu addımdan Azərbaycan adlı ölkəmiz udmalıdır ki, uduzmayacaq. Dövlət heç zaman bir və ya üç şəxsin vəzifədən getməsindən zəifləyə bilməz və düşünürəm ki, ölkə başçısının qəbul etdiyi qərar da idarəetmə sistemində operativliyi daha da artıracaq”.

Konkret şəxslərə gəldikdə, Ü.Cəfərov hesab edir ki, onların hər biri vaxtıykən həvalə edilən işləri bacardıqları şəkildə yerinə yetiriblər: "Bu gün isə tələblər və kriteriyalar bir qədər fərqli olduğuna görə məsləhət olub ki, bir qədər yenilik edilsin. Belə dəyişiklik dövlətin idarə olunması üçün çox effektlidir.

Dünyanın böyük dövlətləri hər zaman özünü güclü və güvənli hiss etmək üçün kadrlarını yeniləyir və bu proses sonsuzdur.

General Vahid Əliyevi zamanında xidməti fəaliyyəti ilə əlaqədar ən çox tənqid edən şəxslərdən biri mən olmuşam. Amma, tənqidin məqsədi də o olub ki, yol verilən nöqsanlar, ortada olan boşluqlar tez bir zamanda aradan qaldırılsın. Hesab edirəm ki, onun vəzifəsindən dəyişdirilməsinin bir səbəbi də onun sağlamlıq durumunun son zamanlar xeyli zəifləməsidir. O dövlət başçısının - ən mühüm sahələrdən biri kimi müdafiə və təhlükəsizlik məsələlərində köməkçisi idi. Səhhəti narahatlıq doğuran insan xidməti işlərindən daha çox səhhətinin qaydasına qoyulması məsələləri ilə məşğul olurdu. Sözsüz ki, digər məsələlər də Prezidenti bu qərarı verməyə məcbur etdi.

Müzakirə etmədən deyirəm ki, inşallah, baş verən dəyişikliklər Azərbaycan üçün xeyirli-uğurlu olacaq. Düşünmürəm ki, general Vahid Əliyev bundan sonra aktiv hərbi fəaliyyətlə məşğul olsun. Hər halda, ən doğrusunu ölkə rəhbəri bilir».

Azərbaycanda idarəetmə sistemi dəyişirMillət vəkili Əli Məsimli də maraqlı məqamlara toxunub. O bildirib ki, əvvəlki mərhələyə uyğun olan, dövrünü çoxdan başa vurmuş idarəetmə sistemindən daha işlək idarəetmə sisteminə keçilir. Həmin islahatlar isə həm də müəyyən dərəcədə kadr islahatları ilə paralel aparılır:

"Düşünürük ki, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmısinə yönəlik bu islahatlar Prezident Administrasiyasında həyata keçirilən sözügedən struktur dəyişiklikləri ilə məhdudlaşmayacaq. Böyük ehtimalla Nazirlər Kabinetini, eləcə də bu və ya digər formada başqa strukturları, bütünlükdə dövlət idarəetmə sistemini də əhatə edəcək. Yaxşı olar ki, nazirlik, dövlət komitələri, idarə, xidmət, digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturun aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyata keçirilməsi və sair istiqamətlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımlar atılsın”.

Millət vəkili ümid edir ki, sözügedən islahatlar ölkədə idarəetmə sistemində şişirdilmiş aparat probleminin aradan qaldırılmasına, dövlət idarəetmə və tənzimləmə sisteminin əsaslı surətdə modernləşdirilməsinə, dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən "çevik və kiçik hökumət” modelinə keçilməsinə səbəb olacaq. Onun fikrincə, bu islahat idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsinə, iqtisadiyyatın çevik tənzimlənməsi sahəsindəki qeyri-müəyyənliyin və hadisələrin arxasınca sürünmə hallarının aradan qaldırılmasına, koordinasiya işinin səmərəliliyinin artırılmasına, məlum problem və çatışmazlıqların aradan qaldırılamsının sürətləndirilməsinə xidmət edəcək.

"Ona görə ki, struktur və kadr islahatlarının real nəticələri dövlət idarəetmə sisiteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına, ölkənin sosial-iqtisadi inkişafının sürətlənmsinə və əhalinin güzəranını yaxşılaşdırılmasına verilən töhfələrlə ölçülməlidir. İdarəetmənin təşkilatı srtukturunun təkmilləşdirilməsinə yönələn islahatlar prosesində həqiqətən öz işini yüksək səviyyədə bilən əsl professionallar, texnokratlar, güclü kadrlarla yanaşı, istedadlı, perspektivli gənc kadrların da rolunun artırılması və onların innovativ generatora çevrilməsinin işlək mexanizminin hazırlanıb tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir”- deyə, millət vəkili bildirib.(Gununsesi.info)

Müstəqil ekspertlər də islahatların davamlı olmasını arzulayırlar. Təklif edilir ki, ixtisarlar və birləşdirilmələr digər qurumlarda da aparılsın.

Bu barədə maraqlı təkliflərlə çıxış edən iqtisadçı-ekspert İlham Şaban gələcəkdə hansı qurumların ləğv edilməsinin mümkün olduğunu açıqlayıb: "Əgər Azərbaycanda 5 milyard pul bir bankdan çıxarılırsa, maliyyə sektoru çətin vəziyyətə düşürsə, heç bir problemi həll etmirsə, o zaman Maliyyə Nazirliyi lazımdırmı?

Əgər Prezident sərəncam verirsə, büdcəni bölürsə, Vergilər Nazirliyi də vergini yığıb təhvil verirsə, bəs Maliyyə Nazirliyi nə edir? Üstəgəl, heç nəyə də məsuliyyət daşımır.

Bundan əlavə, Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi lazımdırmı? O nazirlik nə işlə məşğul olur?

"Meliorasiya və su təsərrüfatı” ASC isə "Azərsu” ya birləşdirilə bilər. Büdcədən pul alır, kanal çəkir, nəticəsi nədir?

İdarəetmədə hər şey effektivliklə ölçülür. İndi Pirallahı rayon statusu alıb. 4 minə yaxın adam yaşayır. Ancaq 400 min əhalisi olan rayonlar da rayon statusundadır. Xərc məsələsini nəzərə alıb rentabellikdən çıxış etmək lazımdır”.

İ.Şaban qeyd edib ki, bundan sonrakı dövrlərdə neft və qaz gəlirləri əvvəlki illər səviyyəsində olmayacaq. Ona görə də dövlət aparatının və icra strukturlarının xeyli azaldılması məqsədəuyğundur. Bunun əvəzində isə onların effektivliyi məsələsi gündəmdə olmalıdır.

Z.ƏHMƏD

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}