11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Müxalifət öhdəliyinə əməl edə bilmir
Tarix: 06-06-2017 13:05 | Bölmə: Slayd


Son illər Azərbaycanda ictimai-siyasi düşərgənin fəaliyyəti ciddi şəkildə zəifləyib. Siyasi qüvvələrin yazda aktiv fəaliyyətə keçəcəyi gözlənilsə də, bu dönəmdə passivlik davam etdi.

Maraqlıdır, görəsən, siyasi qüvvələrin yay planı varmı?

Siyasi icmalçı Nəsimi Məmmədli «Reytinq»ə deyib ki, siyasi fəaliyyət fasiləsiz və ardıcıl prosesdir. Onun fikrincə, insanların həyat və fəaliyyətini, onun düşüncəsi və özünü ifadəsini bütövləşdirən bir prosesi fəsillərə bölərək sürdürmək doğru olmaz:

«Əvvəllər belə bir yanaşma çox populyar idi, müxalifətin fəsillərə görə planları elan edilirdi. Təəssüf ki, çox zaman tamamilə nəticəsiz başa çatırdı.

"Müxalifətdən nəyisə tələb etmək ədalətli deyil” 

Mənim qənaətim belədir ki, indi ümumiyyətlə, siyasi fəaliyyətin ənənəvi müstəvisi yoxdur. İstər qanunvericilik, istərsə də praktik baxımdan tam bir məhdudiyyət mövcuddur. Demək olar ki, artıq ölkədə seçki də yoxdur. Olmayan bir şeyə hazırlaşmaq mənasız bir iş olar.

Qismən sosial şəbəkələrdə, sosial mediada və çox böyük itkilər hesabına başa gələn dinc mitinqlərdə müxalifəti görmək mümkündür. Bu isə siyasi fəaliyyətin böyük uğura aparmasına imkan vermir. Odur ki, belə şəraitdə siyasi müxalifətdən konkret olaraq nəyisə tələb etmək və ya gözləmək ədalətli deyil”.

N.Məmmədli qeyd edib ki, müxalifət adına iddialılar çox olsa da, müzakirələr yalnız real fəaliyyətdə olduqları üçün iqtidarın daim basqılarına məruz qalan qüvvələr ətrafındadır: "Təsadüfi deyil ki, cəmiyyətin fəal kəsiminin əksəriyyətinin gözləntiləri məhz bu qüvvələrdəndir».

Müsahibimiz vurğulayıb ki, antidemokratik mühitdə aparılması qəbul edilən mübarizə metodları ilə antidemokratik mühitin özü ilə aparılan mübarizə arasında ciddi fərq var:

«Hökumət istəyir ki hər kəs antidemokratik mühitlə barışıb mübarizəsini bu çərçivədə aparsın. Əks halda ona qarşı ən amansız təqib metodları tətbiq edilir. Kim ki hökumətin müəyyən etdiyi çərçivədə davranıb tənqid edirsə, ona elə bir təzyiq də olmur”.

Siyasi şərhçinin sözlərinə görə, canlanma üçün ən azı üç mühüm şərt önəmlidir.

"Birincisi, əksəriyyətin qəbul edəcəyi vahid ideyanı müxalifət düşərgəsinə mənimsətməkdir. Yəni, təşkilatların məhdud maraqlarının hüdudlarını aşan ideyanın dominantlığına nail olmaq.

İkincisi, əsas və real müxalif təşkilatlardan birinin lokomotivliyi ilə bu ideya ətrafında siyasi birliyi təşkil etməkdir.

Üçüncüsü, əhali arasında yeni metodlarla və ən əsası da çox səssiz təşkilatlanmanın aparılmasıdır.

Dinc və kütləvi prosesləri canlandırmaq üçün ilin 365 gününü planlaşdırmağa zərurət var»,- deyə N.Məmmədli fikrini tamamlayıb.

Ölkənin siyasi həyatı mövsümə uyğun olacaq

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirib ki, qarşıdan gələn yay aylarında ölkədə elə bir siyasi kampaniya və ya seçkilər olmadığından müxalifətin, o cümlədən ADP-nin hansısa proqram həyata keçirməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, hansısa istisnalar olmasa, qarşıdan gələn yay aylarında ölkənin siyasi həyatı mövsümə xarakterik olacaq.

O ki qaldı ölkənin siyasi həyatının canlamasına ehtiyacın olub-olmamasına, T.Əliyev hesab edir ki, buna çox ciddi ehtiyac var: "İstər ölkə daxilində baş verən son hadisələr, istərsə də regiondakı mövcud geopolitik vəziyyət, o cümlədən qarşıdan gələn 2018-ci il prezident seçkiləri ölkə müxalifətinin təmərküzləşməsini diqtə edir. Hesab edirəm ki, yay aylarından sonra ölkənin siyasi həyatında canlanma müşahidə ediləcək.

Bütün seçkilərdə cəmiyyət müxalifətin yanında olub və müxalifətin namizədlərinə səs verib. Sadəcə, ölkədə seçkilərin total saxtalaşdırma praktikası bu səslərin hüquqi status almasına imkan verməyib. Digər siyasi kampaniyalarda, o cümlədən müxalifətin təşkil etdiyi mitinqlərdə də cəmiyyətin müxalifətə dəstəyini ifadə etməyə imkan verilməyib».

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə deyib ki, siyasət fasiləsiz fəaliyyətdir, siyasi proseslər bir qayda olaraq mövsümi xarakter daşımır. Ona görə də siyasi təşkilatların fəaliyyətində dayanma olmur, yalnız səngimə və sürətlənməni qeyd etmək olar:

«Düzdür, adətən yay mövsümündə işlərin bir qədər öləziməsi müşahidə olunur. Lakin bununla yanaşı, Azərbaycan iqtidarı bu səngimədən daim yararlanmağa çalışır. YAP iqtidarı ömrünün uzadılmasında xüsusi rola malik 2002 və 2016-cı il referendumları məhz yayın qızmarında elan olunub ki, cəmiyyətin adekvat reaksiyası olmasın. Seçkilərin də başlanğıc mərhələsi məzuniyyətlərin və bağ mövsümünün qaynar fazasına salınır ki, cəmiyyət proseslərə layiqincə qoşula bilməsin. Bir sözlə, fəallığın qarşısı bu yolla alınır. Qarşıdan gələn istirahət mövsümündə də belə "sürpriz”lər ehtimal olunandır.

"YAP namizəd dəyişikliyinə gedə bilər” 

Mətbuata bildirmişik ki, bu il Prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi versiyası mövcuddur. Fikrimizcə, YAP namizəd dəyişikliyinə gedə bilər. Gündən-günə pisləşən daxili, regional və beynəlxalq situasiya respublikanın 100 illik yubileyində Əliyevçilərlə Rəsulzadəçilərin qarşıdurmasında hakim partiyanın şanslarını azaldır. Bu baxımdan biz partiya olaraq, bu il seçki keçirilmə ehtimalını mümkün sayırıq. Sözsüz ki, başqa versiyalar da mümkündür».

Partiya sədri qeyd edib ki, hadisələrin bütün inkişaf variantlarında Azərbaycan müxalifəti vəziyyəti düzgün dəyərləndirməlidir. «İqtidar xeyli ciddi təhdidlərlə üz-üzədir. Müxalifətin qərarları da belə durumda əlavə "ağırlıq” yaratmaq potensialına malikdir. Bu baxımdan fəallaşma, təmərküzləşmə və təşkilatlanma, əhali ilə kommunikasiyanın artırılması müxalifətin silahı ola bilər”.

Ə.Əliyevin fikrincə, AzTV-də Trampın bəyanatından yapışılması zəifliyin göstəricisidir: "Trampın "dəstək” bəyanatı Azərbaycanı Rusiya və İrana qarşı ABŞ planlarına cəlb etmək məqsədi güdür. Tramp Azərbaycanı gördüyünü nümayiş etdirsə də, hakimiyyət ideoloqları bunu dəstək kimi cəmiyyətə sıramağa təşəbbüs göstərib, cəmiyyəti azdırmaq istəyirlər. Əminəm ki, yaxınlarda "sabun köpüyü” partlayacaq. Azərbaycan Trampın layihəsində yer tutsa, dərhal qonşulardan "zərbə” alacaq. Almasa, Qərbin təzyiqinə tuş gələcək. Bütün deyilən və deyilməyən çoxsaylı səbəblər müxalifətin yetkinliyini tələb edir. Çalışmaq lazımdır ki, müxalifət təşkilatları düzgün qərarlar qəbul etsinlər».

AMİP Siyasi Şurasının üzvü Əli Orucov da hesab edir ki, yay mövsümündə ictimai-siyasi fəalliq nisbətən aşağı olur. Onun fikrincə, cəmiyyətin fəal kəsimi istirahətə üstünlük versə də, müxalifət günün nəbzini tutmağı bacarmalı, hadisləri öz maraqlarına uyğun dəyişməlidir:

Əsas mübarizə qruplaşmalar arasında gedəcək 

"Siyasi düşərgələr arasında rəqabət və mübarizə davamlı xarakter almasa, inkişaf da, dəyişikiliklər də baş verməz.

Hakimiyyətin proqramı, hədəfləri aydındır, ömrünü nəyin bahasına olursa-olsun uzatmaq, 2018-ci il seçkilərinə rahat və əmin şəkildə getmək. Ancaq təəssüflər olsun ki, müxalif düşərgənin nə istədiyi və istədiklərinə necə çatacağı yolları haqqında aydın təsəvvürlər yoxdur. Misal üçün, bir necə pratiya ADP kimi 3 aylıq məzuniyyətə çıxdıqlarını elan edəcək, bir qismi isə ara-sıra mətbuatda görünməklə kifayətlənməli olacaqlar. Əsas hərəkətlilik və mübarizə hakimiyyətdaxili qruplaşmalar arasında gedəcək. Bu da, təbii ki, həmin qruplaşmalarla bu və ya digər şəkildə əlaqələri olan - istər hakimiyyət içərsində olsun, istərsə də hakimiyyətdən kənar qüvvələrə də təsirini göstərəcək”.

Ə.Orucov sonda qeyd edib ki, region uğrunda supergüclərin mübarizəsi də, daxildəki iqtisadi vəziyyət də günbəgün gərginliyin artmasına təsir göstərəcək.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}