Nazirlik təhsildəki problemləri həll edə bilmir
Tarix: 11-06-2017 14:44 | Bölmə: Slayd

Son 4 ildə Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edənlərin keyfiyyət göstəricisi açıqlanıb. Nəticələrə görə, 2014/2015-ci tədris ilində qəbul imtahanlarında iştirak edən 92 641 abituriyentin keyfiyyət göstəricisi 34,7 faiz idisə, 2015/2016-cı tədris ilində 82 925 abituriyentin keyfiyyət göstəricisi 40 faiz, 2016/2017-ci tədris ilində isə 78 545 abituriyentin keyfiyyət göstəricisi 43,9 faiz olub.

2017/2018-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının birinci mərhələsində (30 aprel-7 may) iştirak edən 64 420 abituriyentin keyfiyyət göstəricisi 48,9 faiz təşkil edib.

2017/2018-ci tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına gəlincə, növbəti tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının I mərhələsində (30 aprel, 7 may) 64 220 abituriyent iştirak edib. Onlardan 17 033-ü (8 554-ü I, 4 176-sı II, 3 396-sı III, 907-si IV ixtisas qrupu üzrə) 0-99, 15 804-ü (6 079-u I, 4 758-i II, 4 162-si III, 805-i IV ixtisas qrupu üzrə) 100-199, 12 708 (4499-u I, 3 997-si II, 3 468-i III, 744-ü IV ixtisas qrupu üzrə) 200-299, 13 906-sı (4 436-sı I, 4 228-i II, 4 081-i III, 1 161-i IV ixtisas qrupu üzrə) 300-499, 4 769-u (1 486-sı I, 1 190-ı II, 1 255-i III, 838-i IV ixtisas qrupu üzrə) isə 500-700 arası bal toplayıb. Qəbul imtahanının I mərhələsində iştirak edən 64 220 abituriyentdən 31 383-ü müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan da 10 421-i I, 9 415-i II, 8 804-ü III, 2 743-ü isə IV ixtisas qruplarının payına düşüb.

Bakı Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimli "Reytinq” qəzetinin əməkdaşına deyib ki, Azərbaycanın təhsil sistemində ciddi problemlərin olduğu hər zaman deyilib və SSRİ dağıldıqdan sonra bu sferada ciddi uğursuzluqlarla qarşılaşırıq:

"Sosialist iqtisadiyyatının dağılması ilə əhalinin həyat səviyyəsinin aşağı düşməsi çoxsaylı alimlərin ölkəni tərk etməsi ilə nəticələndi. Bu, təhsil sisteminə vurulan ilk zərbə oldu.

Bundan sonra müəllimlərin cəmiyyətdə nüfuzunun aşağı düşməsi ikinci böyük zərbə oldu. Üstəlik, adi bir məmurun əmək haqqının müəllimin maaşından bir neçə dəfə yüksək olması da müəllimləri həm maddi, həm də mənəvi baxımdan əzdi. Müəllimin nüfuzu olmayan ölkədə hansı yüksək təhsildən danışa bilərik? Oxuyub təhsil alan, öz biliyini başqasına öyrədən və vaxtilə müqəddəs peşəyə çevrilən müəllimlərə hörmət qoyulmursa, uşaqların təhsilə marağı ola bilərmi?!

Görünən odur ki, savadsız, yüksək əxlaqi keyfiyyətlər daşımayan, lakin pulu çox olanların cəmiyyətə təsiri daha çoxdur. Mediaya da baxsaq bunu aşkar şəkildə görmək olar. Çünki biz mediada hər hansı bir məsələyə müəllimin münasibətinin verildiyini müşahidə etmirik, daha fərqli peşə sahibləri danışırlar. Baxmayaraq ki, müəllim həm savadlıdır, həm də tərbiyəçi, məhz o çıxış etməlidir”.

Müsahibimiz qeyd edib ki, bütün bunlar orta təhsil müəssisələrində dərslərin formal keçirilməsinə səbəb olur. "Şagirdlərin əksəriyyəti repetitor yanına gedir. Maddi vəziyyəti ağır olanların övladları isə belə imkanlardan məhrumdurlar. Niyə bunun səbəblərini aradan qaldırmaq üçün işlər görülmür? Məhz buna görə də ali təhsil almaq istəyənlərin təxminən dörddə biri çox aşağı – 100-dən az bal toplayır. Hələ bunlar özündə cəsarət tapıb ali təhsil üçün sənəd verənlərdir. Təsəvvür etmək olar ki, digər şagirdlər hansı biliyə sahibdirlər. Ona görə də təhsil sahəsində islahatları reallığa uyğun - problemləri qiymətləndirərək aparmaq lazımdır. Zəncirin elə həlqəsindən tutmaq lazımdır ki, ardınca bütövlükdə digərlərini də çəkib gətirsin. Belə olmayacağı təqdirdə təhsil sahəsində nəyisə düzəltmək mümkün olmayacaq və yenə də ölkədən beyin axınını təəssüflə müşahidə etmək məcburiyyətində qalacağıq”.

Qeyd edək ki, aidiyyatı qurumlar mövcud problemləri aradan qaldırmaq əvəzinə, başqa variantlara əl atırlar. Xəbər verdiyimiz kimi, iyunun 13-də "Təhsil haqqında” Qanuna dəyişiklik məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Dəyişikliyə əsasən, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılacaq vəbu ödənişli hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.

Ekspertlər hesab edirlər ki, təklif olunan dəyişiklik cari il üçün nəzərdə tutulmayıb. Ona görə ki, 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinə rəsmi qəbul başlayıb. Bundan əlavə, ali təhsil müəssisələrinin belə bir hazırlıq qruplarının yaradılmasına hələ başlanmayıb.

Maraqlı məqamlardan biri isə odur ki, bu dəyişikliyi dəstəkləyənlər də var. "Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev ölkə KİV-lərinə açıqlamasında təhsil qanununa ediləcək dəyişikliyi yaxşı istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirirb

"Mənə elə gəlir ki, bu qərar çox düzgündür. Çünki gənclər bir il müddətində universitetlərin nəzdində açılacaq hazırlıq kurslarında hazırlaşacaq və həmin istiqamət üzrə təhsillərini davam etdirə biləcəklər. Bundan yaxşı qərar ola bilməz. Orta məktəblərdə məktəbəqədər təhsil müəssisələri var. Bu da hazırlıq rolunu oynayır. "Təhsil haqqında” qanuna gözlənilən dəyişiklik də bunun yuxarı pilləsidir”.

Rektor bu dəyişikliyə qarşı çıxan deputatların düzgün fikirləşmədiyini deyib. "Hazırlıq qruplarına tələbə qəbulunun test üsulu üzrə imtahanların nəticələrinə görə aparılması nəzərdə tutulduğu üçün bu qruplarda qəbul zamanı şəffaflıq tam təmin ediləcək. Hazırlıq qruplarında təhsil alanlar bir illik təhsil müddəti başa çatdıqdan sonra yalnız buraxılış imtahanlarını müvəffəqiyyətlə verdikdə ali məktəblərə daxil olmaq hüququ qazana biləcəklər. Ona görə də mən burada hər hansı neqativ halın olacağına inanmır”,– deyə rektor əlavə edib.

M.Rəhimli də bu məsələyə münasibət bildirərkən deyib ki, bakalavr pilləsinə imtahansız qəbul inkişaf etmiş ölkələrdə də mövcuddur. Onun sözlərinə görə, orta məktəbi bitirən abituriyent öz sənədlərini müvafiq ali təhsil müəssisəsinə göndərir: "Orada abituriyentin fənlər üzrə topladığı bal, bilik səviyyəsi, qabiliyyəti tamamilə obyektiv əks olunur. Bizdə isə hələ bu barədə danışmaq tezdir. Zənnimcə, bu qərar təhsilə daha çox biznes təfəkkürü ilə yanaşmanın nəticəsidir. Çünki son illər ölkəmizdə ali təhsil müəssisələrinə qəbul oluna bilməyən çoxsaylı abituriyent xarici ölkələrə üz tutur. Onlar orada təhsil almaqla bərabər, həm də həmin ölkəyə valyuta aparmış olurlar. İndi bu qərarla çox güman ki, ölkədən valyuta axınının qarşısını almaq istəyirlər. Həm də xarici ölkələrdən ölkəmizə tələbə cəlb etməklə valyuta gətirmək niyyəti güdmüş ola bilərlər. Artıq biz İraqdan, Pakistandan, Banqladeşdən bu cür tələbə müraciətləri müşahidə edirik. Ancaq düşünürəm ki, təhsili biznesə çevirmək yaxşı hal deyil və uğurlu nəticələr doğura bilməz”.

Nəzərdə tutulan bu dəyişiklik barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri, filologiya elmləri namizədi Vurğun Əyyubun da mövqeyi sərt olub. Onun fikrincə, Azərbaycanda tələbə qəbulu test sistemi ilə keçirilməyə başlanan vaxtdan bəri tələbə qəbulunda şəxsi maraqlarından çıxış edənlər dəfələrlə ya tətbiq olunan sistemin ləğvi, ya da şəxsi maraqlarının ödənilməsi istiqamətində çalışıblar. V.Əyyub bu təklifi növbəti dəfə test sisteminin ləğvi və şəxsi maraqların ödənilməsi istiqamətində atılmış addım kimi dəyərləndirib:

"Universitetlərin nəzdində hazırlıq kurslarının açılması müsbət hadisədir. Amma orada oxuyanlar hansı məntiqlə universitetlərə imtahansız daxil olmalıdırlar?

Qəbul imtahanları bir bilik yarışmasıdır. Hazırlıq kurslarında təhsil alanlar nəyə görə yarış şərtlərinin fövqündə dayanmalıdırlar? Bu, gecə-gündüz oxuyan, əziyyət çəkən abituriyentlərin haqqının tapdalanması deyilmi? Bəs bərabər imkan, bərabər şərait prinsipləri harada qaldı?

Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu zərərli təklifə etirazını bildirməlidir".

Göründüyü kimi, ölkədə orta təhsilin səviyyəsi günü-gündən aşağı düşür, ali məktəblərə qəbulda balların aşağı salınması isə tələbə adını qazananların bilik səviyyəsinin zəif olmasına səbəb olur. Üstəlik, bakalavr pilləsinə qəbulun da imtahansız olması ilə bağlı təkliflərin gündəmə gəlməsi gələcək üçün daha ağır perspektiv vəd edir.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}