14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ölkədə daha bir neçə bank bağlana bilər
Tarix: 18-06-2017 12:42 | Bölmə: Slayd


Dünya bazarında neftin qiymətinin enməsindən sonra baş verən devalvasiya Azərbaycan banklarına böyük zərbə vurdu. Bəzi bankların bağlanması, bəzilərinin birləşdirilməsi isə bank sektorunu vəziyyətdən çıxarmadı. Bununla bağlı gərginlik bir müddət səngisə də, son günlər narahatlıq yenidən artıb.

Beynəlxalq investor xidməti Moody's Azərbaycanın dörd bankının reytinqini aşağı salıb və göstəricilərinin pisləşməsi barədə xəbərdarlıq edib. Bunlar bank-maliyyə sektorunda aparıcı mövqelər tutan "Xalq Bank", "Bank Respublika", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. 

Real Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli məsələni şərh edərkən "Reytinq"ə deyib ki, devalvasiyadan sonra ümumilikdə iqtisadiyyatda və bank sektorunda çox ciddi neqativ proseslər başlayıb. Ekspert təəssüflə qeyd edib ki, Mərkəzi Bank da, hökumət də, bankların özləri də birgə "yol xəritəsi" hazırlayıb bu neqativ proseslərin dərinləşməsinin qarşısını ala bilmədilər:

"Sadə dillə desək, bank sektorunda ciddi problem geri dönüşü mümkün olmayan kreditlərin sayının artmasıdır. Neft bumu dövründə banklar xaricdən kifayət qədər böyük həcmli kreditlər cəlb eləyib, həmin valyutanı manata çevirib çox yüksək faizlə vətəndaşlara həm istehlak, həm də biznes kreditləri formasında verirdilər. Devalvasiyadan öncə kreditlər valyuta ilə rəsmiləşdirilirdi. İki devalvasiyadan sonra bankların ümumi durumunda çox bərbad bir vəziyyət yarandı, kreditlər iki dəfədən çox bahalaşdı. Bu da insanların ödəniş qabiliyyətlərinə mənfi təsir göstərdi".

N.Cəfərlinin sözlərinə görə, 2014-cü ilin sonundan başlayaraq, əhali həm biznes, həm də istehlak kreditlərini ödəməkdə çətinlik çəkib. Üç ilə yaxın vaxt keçsə də, bunun qarşısı zamanında alınmayıb: "Bu üçillik dövrdə problemli kreditlərin həcmi kifayət qədər artdı. Elə banklar var ki, kredit portfelinin yarıdan çoxu problemlidir. Bu da o deməkdir ki, banklar kreditləri toplaya bilmir, yenidən kreditləşmə xətləri açmaq mümkün olmur. Nəticədə biznes mühiti zəifləyir, iqtisadi aktivlik aşağı düşür".

İqtisadçının fikrincə, yüksək faizli kreditlərin verilməsi davam etsə də, buna maraq azalıb. Çünki o faiz dərəcələri ilə kredit götürüb hansısa iş görmək mümkün deyil. Ona görə də bütün banklarda aşağı-yuxarı vəziyyət eyni cürdür. Müsahibimiz deyir ki, Beynəlxalq investor və reytinq xidməti Moody's-in Azərbaycanın dörd bankının reytinqini aşağı salıb və göstəricilərinin pisləşməsi barədə xəbərdarlıq etməsi də təbiidir. Onun qənaətincə, açıqlanan rəqəmlər və verilən proqnozlar göstərir ki, bəzi banklarda problem daha çoxdur:

"Adıçəkilən 4 bankda problemlərin daha ciddi olduğu göz önündədir. Hətta bəzi banklarda geri dönüşü mümkün olmayan kreditlərin həcminin 10 dəfədən çox artdığı bildirilir. Digər tərəfdən, həmin bankların xarici öhdəliklərinin yerinə yetirilməsində problem var. Çünki xarici valyuta ilə götürdükləri kreditləri qaytara bilmirlər. Bütün bunlar ümumilikdə bank sektorunun ağır vəziyyətdə olduğunu göstərir.

Beynəlxalq Bankla bağlı proseslər də sübut etdi ki, hətta dövlətə məxsus ölkənin böyük bankında problemlər yaşanırsa, digər banklarda da buna bənzər problemlərin yaşanması normaldır".

Bank sektorunu iqtisadiyyatın onurğa sütunu adlandıran N.Cəfərli qeyd edib ki, bu sahədəki problemlər həll olunmasa, iqtisadi aktivliyə nail olmaq mümkünsüzdür:

"Təəssüflə qeyd etməliyəm ki, artıq bu problemin həlli üçün xeyli gecikmişik. Dövlətin - yəni Neft Fondunun birbaşa dəstəyi olmadan, bu problemləri həll etmək mümkünsüzdür. Yəqin ki, ilin sonuna doğru bir sıra bankların bağlanmasını, yaxud birləşməsini görəcəyik. Bu prosesdən sonra ayaqda qalan daha sağlam banklara çox güman ki, dövlət dəstək verəcək. Ancaq dövlətin də əlində olan imkanlar məhduddur. Büdcəmiz kiçilir, neft gəlirləri azalır... Ona görə də bu vəziyyətdən çıxış çox ağrılı olacaq".

İqtisadçı qeyd edib ki, mövcud vəziyyət vətəndaşların iqtisadi durumuna da ciddi şəkildə mənfi təsir göstərib. "İqtisadi aktivlik azalıb, təqribən 2,2 milyon insanın banklara borcu var. Bu borcların qaytarılmasında da ciddi problemlər yaşanır. Hətta bu, iqtisadi problem müstəvisindən çıxaraq böyük sosial-psixoloji problemə çevrilib. İntiharların artmasında, ailələrin dağılmasında bu borcların mühüm rol oynadığı getdikcə daha çox hiss olunur. Əhali bu borcları qaytara bilmədikcə, bankların da vəziyyəti pisləşir. Yəni, bu, zəncirvari prosesdir",- deyən N.Cəfərli sonda qeyd edib ki, vətəndaşların kütləvi şəkildə məhkəmələrə verilmə halları da artıb: "Hətta məhkəmələrdəki proseslərin 70 faizi bank işləri ilə bağlıdır ki, bu da böyük yük yaradır. Yəni, bank sistemi düzəlməsə, iqtisadiyyatda canlanma olmayacaq, insanların gəlirləri azalıb, sosial vəziyyəti daha pisləşəcək". 

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}