11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Mərkəzi Bankla Maliyyə Palatası vəziyyəti gərginləşdirir
Tarix: 26-06-2017 15:31 | Bölmə: Slayd


Br neçə gün öncə Mərkəzi Bankın (AMB) İdarə Heyəti 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12 faizdən 10 faizə endirilməsi ilə bağlı qərar qəbul edib. AMB-nin İdarə Heyətindəki iclasda qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub, ixracın artımı və idxalın azalması nəticəsində tədiyə balansı profisit mövqeyə keçib:

"Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. Mərkəzi Bank monetar şəraitdə müəyyən kəmiyyət dəyişikliyi etsə də, mühafizəkar pul-kredit siyasətini davam etdirir və ilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialını qeyd edir",-deyə AMB-dən bildirilib.

Təkamül Partiyasının sədri, iqtisadçı-alim Teyyub Əliyev isə "Reytinq" qəzetinə deyib ki, Mərkəzi Bankın bu qərarı gözlənilən idi:

"Yəqin səhv etdiklərini başa düşüblər. Bu, bir daha göstərir ki, Mərkəzi Bankın rəhbərliyi nə ölkədə, nə də dünyada baş verən prosesləri dərindən izləyə, təhlil edə bilmir. Qəbul etdikləri yanlış qərarların ölkə iqtisadiyyatına vurduğu zəzərə görə məsuliyyət daşımayacaqlarına da əmindirlər".

Müsahibimiz son illər yürüdülər pul-kredit siyasətinə də toxunub. Onun sözlərinə görə, pul-kredit siyasətinin başlıca alətlərindən biri milli valyutanın məzənnəsinin dəyişdirilməsindən ibarətdir:

"Valyuta məzənnəsinin dəyişməsi milli iqtisadiyyatda baş verən makroiqtisadi proseslərə və ölkənin xarici iqtisadi mövqelərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Ölkənin tədiyyə balansının, xarici ticarətinin, kapitalının uzunmüddətli və qısamüddətli hərəkətinin vəziyyəti milli valyutanın məzənnəsindən bilavasitə asılıdır. Ona görə də valyuta məzənnəsinin tənzimlənməsi makroiqtisadi siyasətin məqsədlərini və dünya bazarlarında, eləcə də daxili bazarda, mövcud olan konkret situasiyaları nəzərə almalıdır. Ölkəmizdə devalvasiya yolu ilə manatın məzənnəsinin dəyişdirilməsində başlıca məqsəd ixracın stimullaşdırılması və idxalın məhdudlaşdırılması yolu ilə makroiqtisadi proseslərə təsir etməkdən ibarət idi".

T.Əliyev bildirib ki, manatın məzənnəsinin aşağı düşməsi hələlik ixracı stimullaşdırmasa da, ölkədə qiymətlərin qalxmasına səbəb olub. Son zamanlar manatın məzənnəsinin bir qədər qalxması isə qiymətlərin düşməsinə heç bir təsir göstərməyib.

İqtisadçı-alimin sözlərinə görə, ölkəmizdə inflyasiyanın səviyyəsinin yüksək olması daxili qiymətlərlə valyuta məzənnəsinin səviyyəsi arasındakı qarşılıqlı əlaqəni əhəmiyyətli dərəcədə modifikasiyaya uğradıb: "Nəticədə iqtisadiyyatın "dollarlaşması" deyilən vəziyyət yaranıb. Ona görə də hazırkı şəraitlərdə qiymətlərin çoxu faktiki olaraq dollarla ifadə edilir və sonra mövcud anda mövcud bazar məzənnəsinə vurularaq manatın qiymətinə çevrilir. Ona görə də ölkəmizdə daxili bazar qiymətləri bilavasitə və praktiki olaraq manatın məzənnəsinin dəyişməsinin ardınca sürünür".

T.Əliyev hesab edir ki, hazırda manatın məzənnəsinə təsir göstərmək və beləliklə də qısamüddətli xarici kapitalın hərəkətinə təsir etmək üçün Mərkəzi Bank mərkəzləşdirilmiş faiz dərəcələrini 3 faizdən 15 faizə qaldırıb. Onun qənaətincə, tədiyyə balansının pisləşdiyi dövrlərdə faiz dərəcələrinin yüksəldilməsi faiz dərəcələrinin aşağı olduğu ölkələrdən kapitalın cəlb edilməsinə şərait yarada bilər:

"Bu, manatın məzənnəsinin yüksəldilməsinə və tədiyyə balansının vəziyyətinin yaxşılaşdırılmasına imkan yarada bilərdi. Ancaq bunun üçün xarici valyutanın cəlbediliciyinə təsir göstərə biləcək köklü iqtisadi islahatların aparılması tələb olunur. Bu baş vermədiyindən, faiz dərəcələrinin yüksəldilməsi ölkəmizdə kreditlərin bahalaşmasına səbəb olmaqla, iqtisadi inkişafa və beləliklə də, makroiqtisadi proseslərə mənfi təsir göstərir".

T.Əliyevin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının apardığı məhdudlaşdırıcı pul siyasəti bu vəziyyəti daha da mürəkkəbləşdirir:

"Hazırda Mərkəzi Bank eyni zamanda həm manatın məzənnəsinə, həm də faiz dərəcəsinə nəzarəti həyata keçirmək üçün valyuta məzənnəsinin müxtəlif aralıq və hibrit növlərindən ("valyuta dəhlizi", "sürüşən fiksasiya" və s.) istifadə edir. Manatın məzənnəsinin fiksasiya edilmiş səviyyəsinin rəsmən elan edilməsi, eyni zamanda onun fiksasiya edilmiş səviyyədən geniş şəkildə fərqlənməsinə imkan verir, yaxud da bu səyiyyəni tez-tez dəyişir. Ќəticədə tətbiq edilən valyuta rejimi nə manatın məzənnəsinin sabitliyini, nə də pul kütləsinin idarə edilməsində sərbəstliyi təmin etmir. Həm də, qeyd etmək lazımdır ki, manatın məzənnəsinin aralıq rejimi kifayət qədər şəffaf deyildir. Deməli, bazarda lazımı etibarı da yoxdur. Manatın məzənnə rejiminə etibarın aşağı olması isə dövlətin makroiqtisadi siyasətinin digər tədbirlərinin səmərəliliyini şübhə altına alır".

İqtisadçı-ekspert Nemət Əliyev də maliyyə bazarında vəziyyətin acınacaqlı olduğunu bildirib. Onun sözlərinə görə, belə pul-kredit siyasəti ilə nəinki irəli getmək, heç yerində də saymaq mümkün deyil:

"Bu tip siyasətlər ancaq geriyə dartır. Ölkədə iqtisadi fəallığı yüksəltmək, dönüş yaratmaq üçün fərqli siyasətə ehtiyac var.

İqtisadiyyata qoyulmuş kreditlər son bir ildə 3,4 milyard dollar və ya 27 faiz azalıb. Manatla verilmiş kreditlərin səviyyəsi 1,7 milyard manat və ya 17 faiz, xarici valyuta ilə verilmiş kreditlərin səviyyəsi isə 1,6 milyard dollar və ya 27 faiz düşüb. Hazırkı pul-kredit siyasəti son bir ildə problemli kreditləri 15,4 faiz artıraraq 1,6 milyard manata yüksəldib. Mərkəzi Bankın 01.05.2017-ci il tarixə açıqladığı məlumata görə, ümumi kredit portfelinin 10,3 faizi problemlidir. Halbuki bu göstərici 2015-ci ilin əvvəlinə 5,3 faiz olub. Bu nəticələrdən ibrət götürülməlidir. Çünki ucuz kredit resursları təklif etmədən, xüsusən də kiçik və orta sahibkarlıq sahəsində canlanma yaratmaq, problemli kreditlərin səviyyəsini aşağı salmaq çox çətindir".

Maraqlı məqamlardan biri də odur ki, ölkədəki iqtisadi sıxıntılar, bank-maliyyə sektorundakı vəziyyətin kritikləşməsinə baxmayaraq, hökumət rəsmiləri iqtisadi və sosial inkişafla bağlı bəyanatlar verirlər.

T.Əliyev deyir ki, son zamanlar iqtisadi və sosial inkişafla bağlı bir sıra mühüm qərarlar qəbul edilib və onların sırasında "yol xəritələri"ni xüsusi qeyd etmək olar. "Ancaq hakimiyyətin bəzi nümayəndələri sözçülüyə "yol xəritələri"ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən daha çox fikir verirlər. Nəticədə iqtisadi inkişafda nəzərəçarpacaq dəyişikliklərə nail olmaq mümkün olmur. Ancaq sosial inkişafda geriləmələr göz qabağındadır. Devalvasiya nəticəsində qiymətlərin qalxması real əmək haqqının səviyyəsinin aşağı düşməsinə səbəb olub. Bunun qismən də olsa, kompensasiya edilməsi üçün əmək haqları qaldırılmadığından əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməkdədir. Ona görə də hesab edirəm ki, hökumətin sosial-iqtisadi siyasətində korrektə edilməsinə ehtiyac vardır",- deyə iqtisadçı-alim fikrini tamamlayıb.

Nemət Əliyev isə hökumət rəsmilərinin açıqlamalarının heç bir əsası olmadığını nəzərə çatdırıb. Onun sözlərinə görə, hakimiyyət mənsubları ancaq iqtisadi və sosial inkişaf nağılları söyləyirlər: "Bu nağılları bir kənara buraxmaq lazımdır. Onsuz da belə nağılların əhaliyə təsiri qalmayıb. Ölkəyə nağıl yox, gerçək islahatlar gərəkdir".

N.Əliyev qeyd edib ki, yerli müəssisə və təşkilatlar bu ilin yanvar-may dövründə ölkəmizdə vur-tut 251 milyon dollar ekvivalentində kapital-pul yatırımı həyata keçiriblər. Halbuki bu göstərici 2016-cı ilin yanvar-may dövründə 512 milyon dollar, 2015-ci ilin yanvar-may dövründə isə 2,1 milyard dollar olub:

"Göründüyü kimi, yerli investorlarımız kapital-pul yatırımlarının həcmini ötən ilə nəzərən 2 dəfədən çox və ya 51 faiz, 2016-cı ilə nəzərən 8 dəfədən çox və ya 88 faiz azaldıb.

2016-cı ilin yanvar-may dövründə ölkəmizə yatırımları 18 faiz azaldan xarici investorlar isə bu il bu göstəricini daha 9 faiz azaldıb. Beləliklə, məlum olur ki, həm yerli, həm də xarici investisiya hələ də ölkəni tərk edir. Həqət, investisiya resurslarına, xüsusən də indiki zamanda hava-su qədər ehtiyacımız var. Burada - gözünün qarşısında, bir addımlıqda olan resursları tutub saxlaya, qoruya bilməyən hakimiyyətin xarici ölkələrdən resurs cəlb edə biləcəyini düşünmək absurddur. Nəzərə almaq lazımdır ki, investisiyaların xaricə axının hazırkı səbəbi əsasən ölkədaxili əlverişsiz şəraitlə əlaqədardır".

Ekspert diqqəti başqa məqamlara da çəkib. O, əmək haqlarının və işləyənlərin sayının artmasına dair Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri analiz edib. Bildirib ki, komitə də cəmiyyəti aldatmaqla məşğuldur: "Guya muzdla çalışanların sayı bu ilin "yanvar-aprel" dövründə 4,4 min nəfər, aylıq əmək haqqı isə 6 manat 20 qəpik artıb. Bu dövlət komitəsində çalışan savadlı və təcrübəli mütəxəssislərin olmasına heç şübhəm yoxdur. Lakin siyasi don geyindirilmiş bu cür açıqlamalar illərini bu sahədə xərcləmiş dəyərli mütəxəssislərin üzərinə kölgə salır. Çünki indiki şərtlər altında həm muzdlu işçilərin sayı, həm də orta əmək haqqının artmasına dair yayılan məlumatlar təsdiq olunmur. Əgər hər iki göstərici üzrə artım olubsa, bu, mütləq şəkildə özünü dövlət büdcəsində göstərməliydi. Gəlir vergisi üzrə büdcəyə daxilolmalar çoxalmalıydı. Lakin bu baş verməyib. Gəlir vergisindən dövlət büdcəsinə daxilolmalar nəinki artmayıb, əksinə, azalıb.

Son məlumatlar açıqlanmasa da, aprel ayının əvvəlinə olan məlumatlara görə gəlir vergisindən büdcəyə daxilolmalar 37 faizə yaxın azalıb. Azalma tendensiyasının hələ də davam etməsi şübhə doğurmur.

Bilmək lazımdır ki, əmək haqlarından tutulan gəlir vergisinin həcmi azalıbsa, bu, işçilərin əmək haqlarının, ümumi əmək haqqı fondunun mütləq azalması anlamına gəlir (hazırkı qaydalara görə). Belə olan halda, hətta işçilərin ötən ildəki sayı dəyişməz qalsa belə, orta əmək haqqı arta bilməzdi, əksinə, azalmalıydı.

Əgər muzdlu işçilərin sıra sayı bu il, DSK-nın iddia etdiyi kimi daha 0,3 faiz artıbsa, ortaəmək haqqı səviyyəsi daha çox azalmalıydı. Bu vəziyyətdə əmək haqqının 6,8 faiz artmasından deyil, hansısa faiz nisbətində azalmasından danışmaq yerinə düşərdi. Yox, əgər orta əmək haqqı "yanvar-aprel" dövründə artıbsa, bu yalnız və yalnız işçilərin sayının kəskin şəkildə azalması hesabına mümkün ola bilərdi, bu səbəbə ki, ümumi əmək haqqı fondu azalıb. Unutmaq olmaz ki, orta əmək haqqı ümumi əmək haqqı fondunun işçilərin orta illik siyahı sayına olan nisbətini xarakterizə edən göstəricidir. Bu halda həm işçi sayının, həm də orta əmək haqqının artması mümkün deyil. Belə şəraitdə isə DSK gərək muzdlu işçilərin sıra sayının azalması haqqında məlumat yayaydı".

N.Əliyev sonda qeyd edib ki, gündə bir müəssisənin bağlanması haqqında məlumatların qulaq deşdiyi bir vaxtda işçilərin sayının artmasından danışmaq çox absurddur.

Reyting.az

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}