Nazirliyin məsul şəxsləri qeyri-müəyyən vəziyyətlə üzləşib
Tarix: 26-06-2017 16:00 | Bölmə: Slayd


Məlum olduğu kimi, prezident İlham Əliyevin 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilib. Daha dəqiqi, vaxtı ilə Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək, bazasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Prezidentin digər sərəncamı ilə keçmiş rabitə və yüksək texniologiyalar naziri Ramin Quluzadə birləşdirilmiş yeni nazirliyin rəhbəri təyin olunub, Ziya Məmmədovsa işsiz qalıb.

Lakin bir neçə ay bundan əvvəl Ziya Məmmədovun keçmiş müavini Musa Pənahovun Ramin Quluzadəyə müavin təyin olunması, o cümlədən məmmədovlar ətrafında cərəyan edən hadisələr prosesə fərqli müstəvidə baxmağa sövq edir.

Ləğv olunmuş Nəqliyyat Nazirliyinin məsul əməkdaşlarından biri Reyting.az-a deyib ki, onlar bu günədək hələ də öz vəzifələrini icra edirlər: "Çünki ləğvetmə prosesi başa çatmayıb və biz 5 ay əvvəl necə və hansı vəzifədə işləyib maaş alırdıqsa, yenə də həmin işimizin başındayıq. Baxmayaraq ki, prezident bu barədə sərəncam verərkən hökumətə iki ay vaxt verərək, bu müddətdə yeni nazirliyin əsasnaməsini hazırlamağı həvalə edib...".

Qeyd edilən 2 ay müddəti aprelin 13-də bitib. Üstəlik, elə həmin sərəncamda o da vurğulanıb ki, yeni nazirliklə bağlı Nazirlər Kabineti normativ hüquqi aktların uyğunlaşdırılmasını üç ay müddətində təmin edib, ölkə başçısına məlumat verməlidir. Bu müddət də mayın 13-də başa çatıb. Ancaq yeni nazirliyin və hökumətin bu müddətlərdə üzərlərinə qoyulmuş tapşırıqları hazırlayıb-hazırlamadıqları dəqiq bilinmir.

Nazirlik əməkdaşı deyib ki, həmin vaxt bitər-bitməz uzun müddət Ziya Məmmədovun müavini olmuş Musa Pənahov Ramin Quluzadəyə müavin təyin edilsə də, digər işçilərlə bağlı hər hansı əmr verilməyib:

"Hələ də bir neçə nəfər istisna olmaqla, hamı öz işinin başındadır. Və biz nə vaxt iş yerimizi tərk edəcəyimizi və yaxud bizə hansı vəzifənin veriləcəyini bilmirik. Bəziləri prezdentin qeyd edilən sərəncamında digər məsələlərlə bağlı qoyulmuş vaxtı əsas gətirib, barəmizdə məhz bundan sonra qərar veriləcəyini deyir".

Nazirlik əməkdaşı bildirib ki, məlum sərəncamda bir məqam da var - o da Nazirlər Kabinetinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlayıb, icrası barədə beş ay müddətində prezidentə məlumat verilməsidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat verəcək.

Göründüyü kimi, sərəncamın tam icrası üçün 5 ay müddət nəzərdə tutulub. Bu müddət də iyunun 13-də yekunlaşıb. Ancaq aradan 12 gün vaxt ötsə də, nə yeni nazirliklə bağlı diqqət çəkən kadr təyinatları olub, nə də...

"Düzdür, bəziləri deyir ki, bu ayın sonunadək dövlət başçısı İlham Əliyev Ramin Quluzadənin müavinləri ilə bağlı sərəncam verəcək. Hətta bu dəfə onun 3 deyil, 4 müavini olacağı xəbəri də yayılıb. Lakin Nəqliyyat Nazirliyində uzun illər şöbə müdiri və digər vəzifələrdə işləmiş insanlarla bağlı hansı qərar veriləcəyi dəqiq bilinmir",- deyən nazirlik əməkdaşı sabiq nazir Ziya Məmmədovun daha onlarla heç bir əlaqə saxlamadığını da bildirib:

"Məncə, ötən 5 ayda Ziya Məmmədovla bağlı məsələ tam aydınlaşıb. Onun qardaşı, keçmiş deputat Elton Məmmədovun mülkiyyətində olan Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin mülkiyyətçisi də dəyişib. Avtovağzal Kompleksinin fəaliyyətini kurasiya edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azadlıq" radiosunun informasiya sorğusuna verdiyi rəsmi cavaba əsasən bu mülkiyyətçi "Azerbaijan Graund Services" MMC şirkətidir.

Nazirliyin cavab məktubunda deyilir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin nazirliyin tərkibinə daxil olan təsərrüfat hesablı müəssisələr siyahısına daxil edilməsi istiqamətində də iş aparılmır. Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini gerçəkləşdirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanı olaraq, ölkənin sərnişindaşımada vacib strukturu olan Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini diqqət mərkəzində saxlayır".

Müsahibimiz deyib ki, bu və ya digər faktları nəzərə aldıqda belə qənaətə gəlmək olar ki, Ziya Məmmədov azadlığını qorumaq üçün bütün tələblərə boyun əyib, toladığı bütün sərvətlərdən vaz keçməklə, gələcəyə doğru addım atmaq istəyir: "Düşünürəm, Ziya Məmmədov revanşa hazırlıq görür. Baxın, son bir ayadək Ucardan çıxmayan keçmiş nazirin artıq Bakıda tez-tez görünməsi, hətta hakimiyyətdə güclü mövqeyə sahib olan şəxslərlə bir yerdə görünməsi haqda dəqiq məlumatlar var.

Ziya Məmmədovu kifayət qədər yaxşı tanıyıram, o, sakit duran, taleyi ilə barışan deyil. O, "saraydaxili oyunlar"dan dəfələrlə uğurla çıxıb. Hesab edirəm, o, gec-tez hansısa vəzifə ilə mükafatlandırıla bilər". 

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}