Qarabağda gərginlik yenidən artır
Tarix: 26-06-2017 16:40 | Bölmə: Slayd

Qarabağ cəbhəsində vəziyyət ara-sıra stabilləşsə də, yenidən gərginlik başlayıb. İyunun 20-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusu bir erməni kəşfiyyatçını da ələ keçirib. Aparılan araşdırma zamanı məlum olub ki, düşəmən, əlverişsiz hava şəraitindən, yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəliləmək istəyib.

Lakin düşmən tərəf bununla da kifayətlənməyib, həmin gündən təxribatçı fəaliyyətini daha da artırıb.

Rəsmi Bakı ermənilərin bu təxribatçı fəaliyyətindən narahat olduğunu da bəyan edib. 

Mövzu ilə bağlı fikirlərini Reyting.az-la bölüşən Borçalı Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli Qarabağ cəbhəsində baş verənlərin böyük bir siyasi oyunun müəyyən detalı olduğunu bildirib. Onun fikrincə, Rusiya bütün arsenalı ilə Azərbaycan isiqlalına təcavüz şansları aramaqdadır:

"Son zamanlar hətta millət vəkilləri səviyyəsində Rusiyanın - "Rus fili"nin, şüuraltı imperiyanın piarlığını aparanların fəallaşmasını təsadüfi hesab etmirəm. Azərbaycan Rusiyanın bütün anlamlarda ram etdiyi bir məkan obrazındadır. Azərbaycanın Rusiyanın təsir dairəsində qalması, Avropaya inteqrasiyadan imtinası üçün Rusiya Qarabağ kartından həmişə təsir vasitəsi kimi istifadə edir. Cəbhədə gərginlik və daha dəhşətli müharibə anonsları da məncə, bu həlqənin tərkib hissəsidir. Rusiyanın Azərbaycan hakimiyyətindən öz maraqları üçün daha "cəsarətli" antimilli qərarlar istədiyi açıq sezilir. Qərb institutlarının narahatlığının kökündə də ehtimal ki, bu dayanır". 

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli isə deyib ki, cəbhədə bir ildən artıqdır ki, gərginlik səngimir və bu, narahatedicidir. Onun sözlərinə görə, son vaxtlar iriçaplı silahlardan daha çox istifadə edirlər: 

"Əslində minaatanlardan, toplardan atəş açılması müharibənin başlaması anlamına gəlir və bu, cəbhəboyu irimiqyaslı toqquşmalara gətirib çıxarmalıdır.

Onu da deyim ki, indi regionda və dünyada yaranmış situasiya bizim işğal altındakı torpaqlarımızın azad edilməsi üçün münbit şərait formalaşdırıb. Ona görə də artıq Azərbaycanın torpaqları işğal altında ola-ola yalançı sülhsevər obrazı yaratmağa ehtiyac yoxdur. Əksinə, daimi olaraq torpaqlarımızı azad etmək niyyətimizi ortaya qoymalıyıq və hətta bunun üçün Ermənistana və onun havadarlarına açıq-aşkar zaman da verilə bilər".

Maraqlıdır ki, bir sıra beynəlxalq təşkilatlar, hətta ABŞ-dan da narahatlıq bəyanatı gəldi. Belə ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahat olduğunu ifadə etdi. "ABŞ ötən həftə təmas xəttində itki ilə nəticələnən atəşkəs rejiminin pozulmasından dərin narahatdır. Biz tərəfləri eskalasiyadan çəkinməyə, gərginliyin azaldılması üçün səylər göstərməyə çağırırıq",- bəyanatda deyilir.

Z.Məmmədli hesab edir ki, indiki durum davam etdikcə həm Qərb, həm də Azərbaycan uduzacaq. "Azərbaycan və eyni zamanda Qarabağ problemi Rusiyanın təsir dairəsində qaldıqca ölkəmizdə demokratiya qurulmayacaq və Qarabağ Azərbaycana qaytarılmayacaq. Fikrimcə, bu da ABŞ-ı narahat edir. Qərb anlayır ki, Qarabağda Rusiyanın diqtəsi ilə müharibə olarsa, bu, iri neft-qaz layihələrin də təhdidlə üzləşdirər.

Hələ Qafqaz uğrunda mübarizə bitməyib. Bu mübarizənin qalibi regionda avtoritet ola bilər və hətta Orta Şərq layihəsində daha üstün mövqe qazanar. ABŞ-ın bəyanatı daha çox Rusiyanı Qarabağ təxtibatından çəkindirməyə xidmət edir",- deyə müsahibimiz fikrini tamamlayıb.

M.Rəhimli isə deyib ki, son vaxtlar regionda, o cümlədən, Dağlıq Qarabağ məsələsində Rusiyanın fəal və təsiredici mövqeyi görsənməkdədir. Onun fikrincə, ABŞ-da Trampın hakimiyyətinin hələ də tamamilə oturşmaması, ABŞ-Qərb münasibətlərindəki anlaşılmazlıqlar, Yaxın və Orta Şərqdəki böhranlar Rusiyanın nüfuzunu artırmaqdadır: "Belə bir vaxtda Qafqazda hər hansı bir hadisənin baş verməsi ABŞ və Qərbi narahat etməyə bilməz. Ona görə də həm ABŞ, həm də Qərb cəbhə xəttində atəşkəsin pozulmasından narahatlıqlarını ifadə edirlər. İndi bizim üçün əsas məsələ Dağlıq Qarabağda baş verən hadisələrin Azərbaycanın milli maraqlarına nə qədər uyğun olmasıdır. Biz bu məsələni təbii ki, Azərbaycan-Rusiya münasibətlərinin indiki konteksindən qiymətləndirə bilərik. Ona görə də ilk növbədə Rusiyanın Azərbaycanın geosiyasi, geoiqtisadi istəklərinə baxmalıyıq. Əgər tərəflər bu prosesdə qarşlıqlı razılaşma əldə etsələr problemin ölkəmizin haqlı tələblərinin tamamilə yerinə yetirilməsi aspektində həllinə şahidlik edə bilərik. Razılaşmaya uyğun olaraq problemin qismən həllini, yaxud indiki status-kvonu da müşahidə etmək mümkündür".

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirib ki, son günlər cəbhə xəttində baş verən məlum olaylar bədnam qonşularımızda çox böyük ruh düşkünlüyü və əsəbi atmosfer yaradıb. Onun sözlərinə görə, belə bir vəziyyət, Ermənistanda 2017-ci ilin əvvəlində yaşanmışdı və bu səbəbdən də təxribatçı fəaliyyətin, yalan informasiya siyasətini daha da gücləndirir.

O, qeyd edib ki, ATƏT və BMT boş və mənasız qurumlardır:

"Ard-arda xeyli sayda döyüş və qeyri-döyüş şəraitində əsgər və zabit itkiləri ilə qarşılaşan haylar Ermənistanın siyasi-hərbi rəhbərliyinin gününü "qara əskiyə" bükmüşdülər. İndi də, cəbhədə verdikləri ciddi itkilərdən hiss olunur ki, ermənilərdə bir psixoz atmosfer hökm sürür. Bunun davamını mütləq gətirmək lazımdır. Özü də, cəbhənin ayrı-ayrı istiqamətində.

Bu ATƏT-di, BMT-di hamısı boş və mənasız qurumlardır. Nə vaxt bu beynəlxalq təşkilatlar öz nizamnamələrinə, qəbul etdikləri sənədlərə əhəmiyyət verəcəklərsə, onda biz Azərbaycan dövləti və ictimaiyyəti olaraq onlara hörmətlə yanaşarıq. Hələliksə, bu qurumlar sırf erməni və havadarlarının maraqlarına uyğun hərəkət sərgilədiklərinə görə, biz öz bildiyimizi etməliyik. Yəni, işğalçı dövlətin əsgər və zabitlərini məhv etməklə onları çaşqın vəziyyətə salmalıyıq. Bunu etmək üçün isə müdafiə naziri general-polkovnik Zakir Həsənov yerlərdəki hərbi hissə və birləşmələrin komandirlərinə lazım olan göstərişləri verməlidir. Onsuz da düşmənlə təmas xəttində göz qırpmadan xidmət aparan əsgər və zabitlərimiz qarşı tərəfin bütün hərəkətlərini izləməkdə davam edirlər. Sadəcə, o igid balaları maddi həvəsləndirmək lazımdır ki, onlar əvvəlkindən də daha şövqlə düşmənə qarşı sarsıdıcı zərbələr vursunlar".

Hərbi ekspert hesab edir ki, Azərbaycanın imkanlı insanları da hazırkı məqamda öz əsgər və zabitlərini, özü də Silahlı Qüvvələr günü öncəsi maddi baxımdan həvəsləndirsələr, çox gözəl olar:

"Onsuz da, bizim düşməni "başa salmaq" üçün ən uyğun və optimal yollarımızdan biri məhz onu davamlı şəkildə məhv etməyimizdir. Bu mənasız və prespektivsiz danışıqlara çox vaxt itirdiyimizdən, indi daha müasir və optimal yol düşməni metodiki şəkildə, davamlı məhv etmək, sarsıtmaqdır. Müharibə etməyə, torpaqlarımızı güc yolu ilə azad etməyə hələ ki, böyük dövlətlər o qədər də həvəsli görünmədikləri üçün, təklif edirəm ki, bu üsuldan istifadə edək. Və sizi inandırım ki, tez bir zamanda bunun necə gözəl effekt verəcəyinin şahidi olacağıq. Bu deyilənləri yerinə yetirməklə yanaşı, ön xətdə olan komandir və rəis heyətlərimiz də şəxsi heyətin həyatını qorumaq üçün bəzi əlavə tədbirləri həyata keçirməlidirlər. Sözsüz ki, son günlər verdikləri itkiləri və bundan sonra üzləşəcəkləri durumdan çıxmaq üçün namərd və xain qonşularımız bəzi addımlar atmağa hazırlaşırlar. Ona görə də, tez bir zamanda, elə bu saatlarda, bu günlərdə Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindəki bütün canlı qüvvə və texnikası məhv edilməlidir". 

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}