Tofiq Zülfüqarov: “Azərbaycan Minsk qrupu ilə münasibətləri bir müddət dayandırmalıdır”
Tarix: 06-07-2017 14:17 | Bölmə: Slayd

"ATƏT-in Minsk qrupunun təsir mexanizmləri yoxdur. Birləşmiş Millətlər Təşkilatı yeganə qurumdur ki, onun sülhə məcburetmə siyasəti var. Amma ATƏT və digər beynəlxalq təşkilatların nizamnaməsi imkan vermir ki, onlar hansısa ölkəni sülhə məcbur etsin. Bu baxımdan məsələ doğurudan da gərgindir”.

Reyting.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq nazir bildirib ki, Azərbaycan məsələləri sülh yolu ilə həll etmək istəyir, amma Ermənistan hər zaman buna maneəçilik törədir və demək olar ki, sülh prosesini tam şəkildə pozur.

"Sadəcə olaraq danışıqlar prosesi gedir. Təbii ki, bu da Azərbaycan tərəfindən qəbul olunmur. Ermənistan tərəfinin məqsədi təmas xəttinin sərhəd olmasıdır. Təəssüflər olsun ki, Minsk qrupunun həmsədrləri də buna qarşı çıxmırlar”.

T.Zülfüqarov qeyd edib ki, Azərbaycan tərəfi cəbhədə baş verən son hadisədən sonra Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir.

"Hesab edirəm ki, Azərbaycan ATƏT-in Minsk qrupu ilə münasibətləri bir müddət dayandırmalı, Vyana görüşündən imtina etməlidir. Həmçinin cəbhə bölgəsində mülki əhalinin təhlükəsizliyi təmin edilməsə, danışıqları bərpa etmək niyyətində olmayacağını açıqlamalıdır.

Şərtlərdən biri də erməni işğalçı ordusunun cəbhə xəttində indiki mövqeyindən 5-10 kilometr geriyə çəkilməsi ilə bağlı olmalıdır. Yalnız bunlar həyata keçirildikdən sonra biz görəcəyik ki, Ermənistan tərəfi danışıqlara hazırdır. Hesab edirəm ki, bu şərtləri irəli sürməliyik. Həmsədrlər də bu tələbləri təmin etməlidirlər. Fikrimcə, Azərbaycan tərəfi bunları etsə, daha məqsədəuyğun olar”.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}