Pensiya ilə bağlı dəyişiklik vətəndaşlara nə vəd edir?
Tarix: 08-07-2017 15:53 | Bölmə: Slayd


"Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər iyulun 1-dən qüvvəyə minib.

Qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib. Qanuna 98 dəyişiklik təklif olunub. Dəyilikliklərə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılıb. Pensiya yaşı artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılıb.

Bundan başqa, pensiyanın baza hissəsi ləğv edilib. Beləliklə, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.

Bəs bu dəyişikliklər nə vəd edir?

Reyting.az-ın sualını cavablandıran iqtisadçı-alim Teyyub Əliyev deyib ki, hər şeydən göründüyü kimi, pensiyaya çıxmağın yaş həddinə və staj məsələsinə dair qüvvəyə minən dəyişikliklərdə əsas məqsəd dövlət büdcəsinin yükünü azaltmaqdan ibarətdir. Onun qənaətincə, bu dəyişikliklərdə vətəndaşlar üçün mənfi cəhətlər müsbət cəhətlərdən daha çoxdur:

"Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (!) (2017-ci il yanvarın 1-dək yaşa görəəmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. İddia olunur ki, qanuna edilən bu dəyişikliklər pensiyaya daha gec çıxmağı stimullaşdıracaq(!), pensiyaya daha tez çıxmağa marağı azaldacaq, erkən pensiyaya çıxma hallarını məhdudlaşdıracaq, kişilər və qadınlar üçün pensiya yaşı demoqrafik göstəricilərə uyğunlaşdırılacaq. Təklif olunur ki, kim ki işlədiyi müddət ərzində pensiya almaq üçün kifayət qədər pensiya kapitalı toplamayıbsa və bu səbəbdən pensiyaya çıxa bilmirsə ona imkan yaradılacaq ki (!), istədiyi bankda hesab açsın və gəlirləri ilə onun üstünə əlavələr etməklə 110 manata çatdırsın ki, artıq pensiya ala bilsin. Yəni vətəndaş əlində olan pulunu banka ödəsin ki, sonradan Allah bilir nə müddətdən sonra onu geri ala bilsin!? Belə bir addımı atacaq vətəndaşın ola biləcəyinə kim inana bilər?”.

"Dəyişikliklərin pensiyaya daha gec çıxmağı stimullaşdıracağına” gəldikdə isə, ekspert deyib ki, burada acı həqiqət var. "Bu gün vətəndaşın aldığı pensiyanın məbləği yaşamaq üçün yox, sürünmək üçün kifayət edir. Ona görə də, işləyən heç bir kəs pensiyaya çıxmaq istəmir. Ən xoşagəlməz hal odur ki, bütün ömrü boyu işləməyən, vətənə övladlar verən evdar qadınlar, işlədiyi müddət ərzində (25 ildən az) kifayət qədər pensiya kapitalı toplamayan vətəndaşlar ümumiyyətlə pensiya ala bilməyəcəkələr. 12 illik pensiya alma müddəti bitdikdən sonra yaşayacaq insanlara pensiyanın ödəniib-ödənilməyəcəyi də aydın deyil. Hesab edirəm ki, pensiya haqqında qüvvəyə minən qanunun ömrü çox olmayacaq vəçox da uzaq olmayan zaman kəsiyində ona daha mütərəqqi dəyişikliklər ediləcək”,- deyə T.Əliyev fikrini tamamlayıb.

ZAUR





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}