Separatçılar Qarabağda növbəti cinayətə hazırlaşır
Tarix: 10-07-2017 13:57 | Bölmə: Slayd


Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim özünə yeni rəhbər seçməyə hazırlaşır.

İyulun sonuncu on günlüyündə qondarma rejimin "parlament"i yeni "prezident" seçəcək. Məlumata görə, yeni başçı 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə rəhbərlik edəcək, ondan sonra isə qondarma rejimin "yeni konstitusiyası"na görə separatçılar yeni rəhbər və "parlament" seçəcəklər.

Qeyd edək ki, beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağı və Ermənistanın işğalı altında olan digər əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır və oradakı hansısa "seçki"nin nəticələrini tanımır.

Maraqlıdır, separatçıların növbəti cinayətinə Azərbaycan hansı cavabı verməlidir? Görəsən, Azərbaycan ərazisində fəaliyyət göstərən cinayətkar rejimi dudurmaq üçün hansı vasitələrdən istifadə oluna bilər?

Ayrı-ayrı ekspertlər "Reytinq” qəzetinin bu və ya digər suallarına cavab veriblər.

"Ermənistanın mövqeyinə ciddi zərbə endirməliyik”

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib ki, Azərbaycan tərəfi artıq ortaya qəti mövqe qoymalıdır: 

«Azərbaycan tərəfdən yalnız qondarma respublikanın Xankəndidə yerləşən qondarma parlamentinin bombalanması addımı atıla bilər. Onsuz da bu bəyanatların mənası yoxdur. Biz çalışmalıyıq ki, müasir texnikadan istifadə edib ermənilərin bu kimi addımlarının qarşısını alaq. Hesab edirəm ki, bunları yalnız bu yolla dayandırmaq olar. Çünki ermənilər üçün artıq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü kimi anlayış yoxdur. Xüsusən dəiki yaşlı körpənin öldürülməsindən sonra Ermənistanın hansısa mövqeyinə ciddi zərbə endirməliyik. Bəlkə də texniki imkanlarımız o dərəcədə deyil ki, Xankəndini bombalayaq, amma bu barədə ciddi düşünməliyik. Çünki bunları özbaşına qoymaq olmaz. Belə getsə, bunlar özbaşına rəhbər seçəcəklər, qanunlar formalaşdıracaqlar, idarə olunacaqlar. Amma əmin olsunlar ki, belə davam etməyəcək. Biz zor yolu ilə də olsa, onları Azərbaycan qanunlarına tabe etdirməyi bacarmalıyıq. Azərbaycan Ordusunun əlində imkanlar var, istənilən an onlara yerlərini göstərməliyik».

Separatçıları məhv etmək üçün plan hazırlamalıyıq


Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə "Reytinq”ə deyib ki, Azərbaycan qondarma seçki prosesinə təsir etmək, mane olmaq imkanlarına malik deyil:

"Bəli, 24 dekabr 1994-cü ildə ilk "prezidenti”ni seçən qondarma Dağlıq Qarabağ Respublikası iyulun 19-dan sonra dördüncü prezidentini seçməyə hazırlaşır. Separatçıların qanununa görə, eyni şəxs iki müddətdən artıq seçilə bilməz. İndiki başçı Bako Saakyan da 2007-ci ildən qondarma qurumun prezidentidir və 19 iyulda səlahiyyət müddəti başa çatır.

Biz bu seçkilərə mane ola bilərikmi? Əgər 24 ildə mane ola bilməmişiksə, indi də belə bir cəhd olmayacaq”.

Azərbaycan kəşfiyyatı bu işi pozmaq üçün nə etməlidir- sualına isə İ.İsmayıl sualla cavab verib:

"24 ildə xüsusi xidmət orqanları qarşısında belə bir vəzifə qoyulubmu?

Yox. Belə bir tapşırıq verilməyib. Bu işi görə biləcək strukturlar müstəqil olaraq belə bir təşəbbüsdə çıxış edə bilməzlər. Təşəbbüs və konkret plan irəli sürə bilərlər, amma bu sonunda daha yuxarı instansiya ilə razılaşdırılmalıdır.

Seçki kimi ciddi siyasi aksiya bir tərəfə, indiyədək separatçıların hansı siyasi-hərbi-mədəni tədbirini poza bilmişik, ya buna cəhd etmişik? Belə bir aksiyamız yadıma gəlmir.

Hər il Şuşanın işğalını qələbə bayramı kimi qeyd edən separatçıların həmin gün qanını qaraldan bir aksiya 1992-ci ildən bəri tərəfimizdən həyata keçirilməyib. Etmək mümkündürmü? Bəli. Seçkilərin də, işğal edilən ərazilərdə məskunlaşmanın qarşısını almağın da, Xocalı soyqırımı icraçılarının bu illər ərzində harada olmaqlarından asılı olmayaraq məhvi üçün də konkret işlər həyata keçirmək olardı. Düşmən o zaman danışıqlara daha tez gələrdi. İndi uduzan tərəfik və uduza-uduza da gedirik”.

"Qarabağ separatçılarının nazı ilə çox oynadıq”

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, qondarma rejiməbu dəfə kimi "seçəcəklərsə" ən böyük şapalaq da məhz o adama dəyəcək. Onun qənaətincə, hamı hiss edir ki, son vaxtlar Qarabağla bağlı vəziyyət yavaş-yavaş çox tündləşib və bu gedişlə, yaxın zamanlarda orada aktiv hərəkətin olması qaçılmazdır:

"Bunu ermənilərin özləri və havadarları süni şəkildə yaratmışdılar və yəqin ki, bu "tamaşa" tez bir zamanda başa çatacaq. Qarabağ separatçılarının nazı ilə çox oynadıq. Əslində biz daha çox beynəlxalq qurumların bu münaqişənin ədalətli və düzgün həllində tutacaqları mövqeyə arxayın olduq və xeyli vaxt itirdik. Bundan sonra isə bizim bu qədər də gözləməyə nə səbrimiz, nə də vaxtımız yoxdur. Ümumiyyətlə, bu yaramaz separatçı qurum, ona maddi və mənəvi dəstək verən görünən və görünməyən qüvvələr çox dəyərləri pozdular”.

Ü.Cəfərov inanır ki, Azərbaycanın qətiyyətli mövqeyi tez bir zamanda müsbət bir sonluğa gətirib çıxaracaq: "Bir sıra siyasi, geosiyasi, çox zaman dilə gətirilməyən amillər var ki, məhz onlar bu və buna oxşar münaqişələrin tez bir zamanda ədalətli, beynəlxalq hüquq və normalar çərçivəsində həllinə mane olur. Artıq o güclər də, bəzi qarşısalınmaz proseslər də dolayısı ilə yavaş-yavaş zəifləyiblər və özlərinin yaratdıqları problemlər içərisində çabalayırlar”.

Ümumi rəy ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin özünə yeni rəhbər seçmək istəyi bizim istəklərimizdən asılı olmayaraq baş tutacaq. Amma Azərbaycan ortaya iradə qoyarsa, bu qondarma seçki prosesinə ciddi zərbə vura bilər.

Zaur ƏHMƏD

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}