17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dərslik yazanların əksəriyyəti orta məktəb proqramını bilmir - Ekspert
Tarix: 10-07-2017 15:15 | Bölmə: Slayd

Son illər Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır. Dərs vəsaitlərinin plagiat olması, şagirdlərin formalaşmasına zərərli halların aşkarlanması və digər problemlər haqlı narazılıqlara səbəb olur.

Analoji problemlər son həftələr ərzində də müzakirə mövzusuna çevrilib. Belə ki, "Azərbaycan tarixi” və "Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində səhv və plagiat halların olması ilə bağlı iddialar ətrafında mətbuatda və sosial şəbəkədə müzakirələr davam edib. Dərslik layihəsinin qalibi heç bir ədəbi oğurluğun olmadığını desə də, qarşı tərəfəksini iddia edir. Məsələ ondadır ki, analoji problemlər digər dərsliklərdə də mövcuddur.


Təhsil eksperti Kamran Əsədov Reyting.az-a deyib ki, dərslik təkcə ölkə təhsilinin prioritet məsələsi deyil, həm də dövlətin strateji, ideoloji hədəflərini həyata keçirən vasitədir. Ekspert təəssüflə vurğulayıb ki, zaman-zaman dərslik inhisarının təzyiqi ilə ciddi qüsurları olan, dövlət siyasətinin və məqsədlərinin əksinə olan, yararsız dərsliklər şagirdlərimizin istifadəsinə verilib: «Qüsurlu, yararsız dərslik müəllifləri də sonradan utanmadan car çəkirlər ki, dərslik müəllifiyəm”.

Ekspert dərslikləri bir neçə hissəyə bölüb:

"Məktəbəqədər təhsil üçün, ibtidai sinif üçün, ümumi orta təhsil üçün, tam təhsil üçün, peşə ixtisas təhsili üçün, kolleclər üçün, ali təhsil müəssisələri üçün və sinifdən - dərsdən xaric oxu dərslikləri. Təəssüf ki, hazırda bu pillələr arasında əlaqələr ciddi şəkildə pozulub. Hər pillə üçün dərslik yazanlar nə özlərindən əvvəlki ilə, nə də sonrakı ilə maraqlanırlar”.

Ekspert qeyd edib ki, orta məktəblərin ibtidai sinif dərsliklərində müasir tələblər çox diqqətlə nəzərə alınmalıdır: "Müasir tələblər odur ki, məlum standartlara uyğun yazılmış dərsliklər şagidlərin bilik qazanması ilə yanaşı, onları həyata hazırlayan bir vasitə olmalıdır. Həyati bacarığın ilkin formalaşması ailədən başlanmasına baxmayaraq, sonradan övladlarımızın təhsil müddətində əllərinə aldığı dəsliklərdəki məzmun və şəkillərdir. Dərsliklərdə uşaqlara milli kimliyimiz olan Ana dilimizə - Azərbaycan dilinə xüsusi diqqət yetirilməlidir. Sonra isə dərsliklərdə yer alan görüntülərə diqqət olmalıdır. Qəti surətdə zorakılıq və qəddarlığı açıq-aşkar göstərən görüntülərin dərsliklərdə yer almasına yol vermək olmaz. Onsuz da internet əsridir və indiki məktəblilər istər-istəməz yad məlumat və gərəksiz görüntüləri oxuyur, görürlər».

Dərsliyin dövlət vəsaiti olduğunu xatırladan ekspert hesab edir ki, uyğunsuz görüntülərin qarşısı qəti surətdə alınmalıdır. Onun qənaətincə, dərslikdə gedən hər hansı bir görüntü - əgər orada intihar səhnəsi açıq şəkildə göstərilirsə, bu, iradəcə hələ tam formalaşmayan şagirdlərdə mənfi düşüncənin yaranmasına gətirib çıxara bilər: «Bu cür görüntülər şagirdlərimizin psixologiyasının pozulması hallarına da gətirib çıxarır. Dərslik yazılarkən, onun ekspertizasında iştirak edən eskpertlər belə halları nəzərə almalıdırlar. Təəssüf hissi ilə bildirirəm ki, bəzi hallarda dərslikləri ekspertizadan keçirən "ekspert” adlanan müəllim heyəti, dərsliyi yazan müəlliflərdən nəzəri bilgi və metodika cəhətcə çox geri qalırlar. Məhz bəzən də müəllif tərəfindən gözdən qaçan qüsurları həmin zəif ekspertlər vaxtında görə bilmirlər. Nəticədə ekspertlərin səthi biliklərinin səviyyələrinə uyğun dərsliklər qüsurla çapa verilir. Əgər dərslikləri yoxlayan ekspertlər həm bilik, həm də yaradıcı cəhətcə güclü olsalar, o zaman dərsliklərimizdə qüsurlar olmaz. Dərsliklərin ekspertləri öz üzərlərində çox çalışmalıdırlar. Hər adam dərslik eksperti ola bilməz. Bunun nəticəsidir ki, dərsliklərimizdə hələ də nöqsanlar qalmaqdadır».

K.Əsədov onu da qeyd edib ki, alternativ dərsliklərin yaradılması müsbət addımdır. Onun sözlərinə görə, bu, dünya təcrübəsində istifadə edilən metoddur: «Çünki bir dərslik ölkə ərazisində bütün şagirdlərin eyni səviyyədə mənimsəməsi deməkdir ki, bu da mümkün deyil. Ona görə də, müəllim dərs dediyi sinifin səviyyəsinə uyğun olaraq dərslik kompleksi seçə biləcək. Bu da şagirdlərin yaxşı mənimsəməsi ilə nəticələnə bilər”.

Müsahibimiz xüsusilə qeyd edib ki, bizim dərsliklər informasiya yükünə malikdir, şagirdlərin yaş həddinə uyğun tərtib olunmayıb: "Bu da ondan irəli gəlir ki, dərslik yazanlar orta məktəb müəllimi və orta məktəb proqramı ilə tanış deyillər. Dərsliklər tərtib olunarkən mümkün qədər sadə, oxunaqlı, anlayışlı formada təqdim olunmalıdır. Müəllif dərsliyi o qədər peşəkar səviyyədə tərtib etməlidir ki, şagirdlər müəllim və əlavə kömək olmadan təkbaşına onu mənimsəyə bilsinlər. Təəssüf ki, bu kriteriyalara cavab verən dərsliklər ya yoxdur, ya da çox azdır».

Z.MƏMMƏDLİ





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}