I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
Tarix: 24-07-2017 18:17 | Bölmə: Slayd


Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 27962 abituriyentdən 1366 nəfəri prosesdə iştirak etməyib. 13 abituriyent qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə iki abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə bir abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Qeyd edək ki, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək. Həmin abituriyentlər üçün "imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}