Nazir Heydər Əsədovun yalanı üzə çıxır
Tarix: 14-08-2017 12:16 | Bölmə: Slayd


Son illər kənd təsərrüfatının inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilsə də, dövlət büdcəsindən böyük məbləğdə vəsaitlər ayrılsa da, ortada real nəticə yoxdur. Yəni, Azərbaycan hələ də strateji ərzaq məhsulları ilə özünü təmin edə bilmir. İdxaldan asılılıq isə ölkə iqtisadiyyatını zəiflədir, həm də qiymət artımına gətirib çıxarır ki, bu da vətəndaşlara zərər verir. Belə bir məqamda ölkənin kənd təsərrüfatı naziri Heydər Əsədov və komandası vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, fərqli yol seçirlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdi ki, aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artım olacaq.

Nazir çıxışı zamanı Dünya Bankının verdiyi proqnozlara istinad edərək nəzərə çatdırmışdı ki, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017 və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir.

«Bunun da hesabına Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunur. İlkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur. Ümumilikdə iqtisadiyyatın şaxələndirilməsinə nail olunması tapşırığınıza əsasən aqrar sektorun və onun ayrı-ayrı sahələrinin də bu istiqamətdə inkişafı nəzərdə tutulur.

Konkret olaraq heyvandarlıqda hədəfimiz heyvanların cins tərkibini dəyişməklə onları stasionar bəsləmə şəraitinə keçirmək və beləliklə də, boşalan örüş və otlaq sahələrini əkin kateqoriyasına daxil edərək həm yem bazasının, həm də digər ənənəvi bitki növlərinin istehsalının artırılmasına şərait yaratmaqdan ibarətdir», - deyə nazir ölkə başçısı qarşısında çıxışı zamanı bildirmişdi.

Amma ötən dövr ərzində kənd təsərrüfatı sahəsində hər hansı nəzərəçarpacaq irəliləyiş yoxdur. Həm kənd təsərrüfatı məhsullarının idxalının azalmaması, həm də müstəqil ekspertlərin araşdırmalarının nəticəsi göstərir ki, kənd təsərrüfatı nazirinin verdiyi proqnozlar özünü doğrultmur.

Qeyd edək ki, bir neçə ay öncə nazirin verdiyi bir açıqlama qalmaqala səbəb olmuşdu.

Məlum olduğu kimi, Azərbaycanın ərzaq buğdasına olan illik tələbatı 1.7 milyon tondur. Ötən il kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuata açıqlamasında bildirmişdi ki, ölkədə 3 milyon ton taxıl istehsalı proqnozlaşdırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin ötənilki məlumatında isə qeyd olunurdu ki, avqust ayında artıq 2.8 milyon ton taxıl tədarük edilib. Həmin rəqəmə inansaq ötən il üçün ölkədə taxıl istehsalının H.Əsədovun səsləndirdiyi proqnoza tam uyğun olduğunu əminliklə demək olardı. Lakin Dövlət Gömrük Komitəsinin elə həmin vaxtlarda açıqladığı statistikada göstərilirdi ki, ölkəyə hər ay təxminən orta hesabla 100 min ton taxıl idxal olunur. Başqa sözlə, Azərbaycanın ərzaq buğdasına olan tələbatının az qala hamısı idxal hesabına təmin edilir. Çünki Dövlət Statistika Komitəsinin məlumatlarına görə, il ərzində 1,2 milyon ton çörək istehsal olunur. Mətbuatda bu məsələlər müzakirə olunsa da, nazirlikdən rəsmi reaksiya verilməmişdi. Bütün bunlar isə belə bir ehtimal yaradır ki, nazir və rəhbərlik etdiyi komanda «pripiska» ilə məşğuldur.

Məsələylə bağlı fikirlərini Reyting.az-la bölüşən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov deyib ki, kənd təsərrüfatını proqnozla inkişaf etdirmək mümkün deyil. Onun fikrincə, bu sahəni inkişaf etdirmək üçün əsaslı işlər görülməlidir. Bu sıraya kadr hazırlığı, sahibkarların yetişdirilməsi, investisiya qoyuluşu, elmin inkişafı daxildir.

"Kənd təsərrüfatı sahəsindəki problemlər tələb edir ki, bu sahəyə kompleksli və sistemli yanaşılsın. Proqnozla, yalan məlumatlarla əhalini aldatmaq doğru deyil”,- deyən V.Məhərrəmovun sözlərinə görə, dünyada kənd təsərrüfatı yuxarıda sadaladığı qaydalarla inkişaf etdilir:

"Kənd təsərrüfatının bu vəziyyətə gəlib çıxmasına qeyri-peşəkarlıq səbəb olub. Uzun müddətdir Azərbaycanda kənd təsərrüfatı sahəsini idarə edənlər bu sahənin adamı deyillər. Nazirin özü də kənd təsərrüfatı sahəsinə yaddır. Ətrafına da diplomu olub, təcrübəsi və bilgisi az olan adamları toplayıb. Belə insanlar isə kənd təsərrüfatının problemlərini həll edə bilmir və onun bir az da dərinləşməsinə səbəb olurlar. Son günlər bunun şahidi oluruq.

Əvvəl istədilər taxılçılığı inkişaf etdirsinlər, bərbad hala saldılar. İndi də pambıqçılığı inkişaf etdirmək istəyirlər. Onun da aqibəti taxılçılıq kimidir. Bu da ondan irəli gəlir ki, sahəni idarə edənlər qeyri-peşəkarlardır».

Ekspert bir sıra önəmli məqamlara da toxunub. Bildirib ki, hökumətin təbii biçənək və örüş sahələrini kəndlilərin əlindən alaraq əkin üçün oliqarx-məmurlara verməsinin nəticəsi ağır olub: «Çıxış yolu tapa bilməyən kəndlilər isə uzun müddət damazlıq və təkrar istehsal məqsədi ilə bəslədikləri inəkləri kəsimə verdilər. İndi də heyvanların baş sayı azalmaqla yanaşı ölkədə ət, süd istehsalı kəskin şəkildə aşağı düşüb. Artıq nəticə göz qabağındadır”.

Aqrar sahə mütəxəssisi "Bu ilin 6 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə ət idxalı 61 faiz, kərə yağı idxalı isə 27 faiz artıb”,- statusunu hələ bir il əvvəl, 2 avqust 2016-cı ildə yazdığını bildirib.

O, təəssüflə qeyd edib ki, 2017-ci ildə vəziyyət daha da pisləşib:

"Heyvandarlıq məhsulları istehsalı azalıb, idxalı isə kəskin şəkildə artıb. Bu ilin altı ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2,5 dəfə, süd məhsulları idxalı isə 70 faiz artıb. Hakimiyyət əhalinin ət və süd məhsullarına olan ehtiyacının ödənilməsini idxaldan asılı vəziyyətə salıb.

Onu da qeyd etməliyəm ki, ölkənin ərzaq buğdasına, çaya, şəkərə, bitki yağlarına olan tələbatı idxal məhsullarının hesabına ödənilir.

Son illərdə yeyinti məhsulları idxalı kəskin şəkildə artıb, ixracı isə azalıb. Misal üçün, 2014-cü ilin birinci yarımilliyində ölkəyə 502 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunub. Növbəti ili "Kənd təsərrüfatı ili" elan edib, 50-yə yaxın sərəncam və fərman imzalasalar da, dövlət büdcəsindən on milyonlarla manatı kənd təsərrüfatının inkişafı adı ilə sahəyə ayırsalar da, son üç ildə yeyinti məhsulları idxalı 122 milyon dollar dəyərində, yəni 24 faiz artaraq, 2017-ci ilin altı ayı ərzində 624 milyon dollar olub. Eyni müddət ərzində ərzaq malları ixracında azalma 81 milyon dollar təşkil edib. Bir yandan ərzaq malları idxalı ciddi şəkildə artır, bir yandan da yeyinti məhsulları ixracı azalır».

Onu da nəzərə alaq ki, ölkədə sosial-iqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Əhalinin əsas hissəsinin gündəlik tələbatına daxil olan kənd təsərrüfatı məhsulları ilə bağlı yaranan hər hansı bir çətinlik ciddi problemə səbəb olur. Yaranan bahalıq isə insanların haqlı narazılığına gətirib çıxarır ki, bu zaman da etirazlar həm də Kənd Təsərrüfatı Nazirliyinə yönəlir. Belə bir məqamda H.Əsədov və komandasının ciddi iş görmək əvəzinə, yalan üzərində "var-gəl” eləməsi vəziyyəti daha da qəlizləşdirir. Təbii ki, bütün bunlar H.Əsədova qarşı narazılığın miqyasını böyüdür. Belə vəziyyət isə H.Əsədovu hakimiyyətin yuxarı dairələrinin hədəfinə çevirə bilər.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}