23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
YAP əleydarlarına yeni imkanlar yaranacaq
Tarix: 14-08-2017 13:30 | Bölmə: Slayd

Artıq bir neçə ildir ki, ölkədə ictimai-siyasi proseslər zəifləyib. Xüsusən də daxili siyasətdə hər hansı aktivlik müşahidə olunmur. Bunu müxtəlif səbəblərlə izah edirlər. İqtidar iddia edir ki, bunun əsas səbəbi həyata keçirdiyi siyasətin uğurlu olması və ölkə müxalifətinə inamın itməsidir. Müxalifət isə bildirir ki, hakimiyyət ölkədə demokratik institutları məhv edib, rəqiblərini müxtəlif yollarla sıradan çıxarıb, əks mövqe ifadə edənlərə qarşı sərt mövqe sərgiləyir, bu isə müxalif mövqedə olanların siyasi meydandan çəkilməsinə səbəb olub.

Hər iki tərəfin haqlı arqumentləri olsa da, daha önəmli məqam var. Belə ki, cəmiyyət də artıq siyasi proseslərdən kənar durmağa çalışır. Təbii ki, bunun obyektiv səbəbləri var.

Son aylar müxalifət düşərgəsi daha passivlik nümayiş etdirir. Ancaq qarşıdan payız fəsli gəlir və siyasi proseslərin aktivləşmə ehtimalı yüksəkdir.

Nəzərə alsaq ki, gələn il ölkəmizdə prezident seçkiləri ilidir, o zaman payızdan başlayaraq, proseslərin aktivləşəcəyini gözləmək olar. Söhbətləşdiyimiz siyasi düşərgə nümayəndələrinin əksəriyyəti də bu fikirdədir.

Payızda kütləvi aksiyalar olacaq

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu müxalifətin yayda passiv olması ilə bağlı fikirlərlə razılışmır.

T.Yaqublu "Reytinq”ə deyib ki, müxalifət kütləvi aksiyalar keçirməsə də, ölkədəki vəziyyətə uyğun fəaliyyətini davam etdirir:

«Müxalifətin fəaliyyəti kütləvi aksiyalarla ölçülmür. Təşkilati işlər var, hakimiyyətin ifşa olunması var - bu məsələlərdə heç bir "ağsaq”lıq olmadı. Bu dövrdə müxalifət özünün təşkilati işləri ilə ciddi məşğul oldu”.

Kütləvi aksiyalara gəlincə, başqan müavini bildirib ki, bu, təkcə müxalifətin özündən asılı deyil: "Bu, həm də camaatın iştirakı ilə bağlı məsələdir. Ona görə də müxalifət yay aylarında kütləvi aksiya qərarı verə bilmir. Çünki obyektiv bir səbəb var: Havalar həddən artıq isti olduğundan insanların saatlarla günün altında dayanması çətin məsələdir. Buna görə də müxalifət bir qayda olaraq, yayda etiraz aksiyaları təşkil eləmir».

Partiya yetkilisinin sözlərinə görə, Azərbaycanda elə gün, elə saat yoxdur ki, hakimiyyətə qarşı etiraz eləmək üçün əsas olmasın:

"Hər gün qanunsuzluq, özbaşınalıq, korrupsiya faktı, anti-milli addımların şahidi oluruq. Hakimiyyət Ermənistanın təhriklərinə baxmayaraq, Qarabağ savaşını başlamaq istəmir.

Analoji vəziyyət həm də iqtidar-müxalifət münasibətlərindədir. İqtidar hər gün müxalifəti dürtmələyir ki, yeni bir şans yaratdım, mənə etiraz elə.

Sözsüz ki, payızda kütləvi aksiyaları başlamaq lazım gələcək. Payızda növbəti prezident seçkilərinə bir il qalır. Bu da kütləvi aksiyaları daha da aktuallaşdırır.

Bilirsiniz, vəziyyət ağırdır. Göz görəsi ölkə əldən gedir. Qarabağ hər gün bizdən uzaqlaşır. Nə qədər ki, bu adamlar hakimiyyətdədir, Azərbaycanın gününün xoş keçməsi, Qarabağın qayıtması, insanların sosial şəraitinin yaxşılaşması mümkün olmayacaq. Təəssüf ki, hakimiyyətin dəyişməsi məsuliyyətini ancaq müxalifət dərk edir və bu yöndə çalışır.

Əhalinin mütləq əksəriyyəti hakimiyyətdən narazıdır, onun getməsini istəyir. Çox təəssüf ki, bu, istəkdən o yana keçmir. Əksəriyyət anlamır ki, meydanlara çıxıb etiraz etmək lazımdır.

Əvvəl-axır bu hakimiyyət gedəcək, amma proses bir az ağrılı olacaq. Ölkə əhalisinin 0,5 faizinin küçələrə çıxıb haqqını tələb etməsi kifayətdir ki, ölkədə vəziyyət tamamilə dəyişsin. Təəssüf ki, hələlik bu baş vermir. Amma biz bu istiqamətdə mübarizəni davam etdirməliyik».

2018-də siyasi münasibətlər gərginləşəcək

ADP sədrinin müavini Həsrət Rüstəmov isə deyib ki, yay aylarında bütün dünyada siyasi aktivlik aşağı düşür. Onun fikrincə, bizdəki siyasi passivliyin daha ciddi səbəbləri olduğundan, siyasi passivlik təkcə istirahət mövsümünün başlaması ilə əlaqəli deyil:

«Siyasi passivliyin səbəblərindən çox danışılıb, amma bir daha xatırladım ki, əsas səbəb siyasi fəaliyyət üçün meydanın olmaması, hakimiyyətin insanların siyasi hüquqlarını, ümumiyyətlə, insan hüquq və azadlıqlarını vecinə almaması, siyasi təqiblərin olması, dünyanın demokratik kəsiminin bizim demokratiya uğrundakı mübarizəmizə dəstək verməməsidir. Bu cür vəziyyətin davam edəcəyi təqdirdə payızda da ciddi siyasi fəallığın ola biləcəyini düşünmürəm. Amma nəzərə alsaq ki, yaşadığımız regionda böyük güclərin siyasi maraqları son zamanlar ciddi şəkildə toqquşmağa başlayıb, bu səbəbdən ölkə daxilində də siyasi proseslərin fəallaşacağı istisna deyil. Daha çox siyasi münasibətlərin növbəti ildə gərgin və aktiv şəkil alacağını düşünürəm. Çünki növbəti ildə bizim ölkədə prezident seçkiləri keçirilməlidir. Hansı ki, bu seçkilərin təkcə müxalif siyasi qüvvələr üçün deyil, həm hakimiyyət, həm də beynəlxalq güclər üçün fərqli bir seçki olması ehtimalı yüksəkdir».

Siyasi partiyalar məqsədindən yayınır 

Siyasi icmalçı Nəsimi Məmmədli isə bildirib ki, siyasi fəaliyyət fasiləsiz və ardıcıl prosesdir. Bunun üçün qarşıya qoyulmuş məqsədlərə, hədəflərə doğru aydın proqramla hərəkət etmədikdə, mütləq başqalarının addımlarını təqib etməli olursan. Yəni, öz məqsədlərini həyata keçirmək əvəzinə, rəqibin addımlarına cavab verməklə onun müstəvisində məşğul olursan:

«Belə fəaliyyət siyasi partiyaları məqsədindən yayındırır və cəmiyyət də tədricən o qurumlara ciddi maraq göstərmir. Xüsusilə də siyasi azadlıqların tamamilə boğulduğu mühitdə siyasi fəaliyyətin fəsillərə görə planlaşdırılması olduqca yanlışdır. Aydın və real məqsədləri olan təşkilatlar ilin 365 gününün konkret və hesabatlı planını hazırlamalıdır. Səs-küyə salmadan əhali ilə intensiv iş aparılmalı, vizual fəaliyyətlə iş bitmiş saymamalıdır. Təəssüf ki çox zaman biz yalnız bu halları müşahidə edirik”.

Siyasi şərhçi qeyd edib ki, hazırda ölkəmizdə siyasi fəaliyyət müstəvisinin hakimiyyət tərəfindən daraldılması partiyaların əl-qolunu bağlayıb:

"İstər qanunvericilik, istərsə də praktik baxımdan tam bir məhdudiyyət hökm sürür. Qismən sosial şəbəkələrdə, sosial mediada, həmçinin çox böyük itkilər hesabına başa gələn dinc mitinqlərdə və siyasi məhbusların məhkəmə proseslərinin keçirildiyi zalların qarşısında müxalifəti görmək mümkündür. Bu yanaşma iləsiyasi fəaliyyətin böyük uğura aparması mümkün deyil. Odur ki, belə basqıçı şəraitdə nə siyasi müxalifətdən konkret olaraq nəyisə tələb etmək olur, nə də onlar bu strategiya ilə məhsuldar nəticə ortaya qoya bilirlər.

Partiyaların sayı çox olsa da, əslində cəmiyyətin fəal kəsiminin əksəriyyətinin gözləntiləri yalnız bir-iki siyasi qurumdandır».

Müsahibimizin fikrincə, ciddi qüvvələr nəzərə almalıdır ki, anti-demokratik mühitdə aparılması qəbul edilən mübarizə metodları ilə anti-demokratik mühitin özü ilə aparılan mübarizə arasında ciddi fərq var. Onun sözlərinə görə, hökumətin müəyyən etdiyi anti-demokratik çərçivə ilə barışmayıb mübarizə aparan qüvvələrə qarşı ən amansız təqib metodları tətbiq edildiyi halda, məhdud çərçivəni qəbul edən siyasi qurumlara elə də ciddi basqı müşahidə edilmir.

N.Məmmədli düşünür ki, siyasi canlanma üçün ən azı üç mühüm şərt önəmlidir:

Birincisi, əksəriyyətin qəbul edəcəyi vahid ideyanı müxalifət düşərgəsinə mənimsətməkdir. Yəni, təşkilatların məhdud maraqlarının hüdudlarını aşan ideyanın dominantlığına nail olmaqdır.

İkincisi, əsas və real müxalif təşkilatlardan birinin lokomotivliyi ilə bu ideya ətrafında siyasi birliyi təşkil etməkdir.

Üçüncüsü, əhali arasında yeni metodlarla və ən əsası da çox səssiz təşkilatlanmanın aparılmasıdır.

"Dinc və kütləvi prosesləri canlandırmaq üçün bu amillərə zərurət var. Ölkədə irimiqyaslı dinc və kütləvi siyasi proseslər üçün hazırda olduqca münbit şərait yetişir»,- deyə N.Məmmədli əlavə edib.

Narazılar müxalifətlə məsafə saxlayır

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə hesab edir ki, müxalifətin aktivliyi və gücü mövsümlərdən deyil, ölkədəki proseslərdən və cəmiyyətin fəallığından asılıdır: «Cəmiyyət də həmişə aktiv olmur. Hərəkətlilik adətən seçki dönəmlərində, yaxud da iqtisadi vəziyyətlərlə bağlı olur. Azərbaycan kimi dövlətlərdə isə xarici aləmin də təsiri az rol oynamır.

Cari ildə ölkədə heç bir seçki gözlənilmir, əhalinin başı əsasən öz problemlərinin həllinə qarışıb. Digər tərəfdən, cəmiyyət, xüsusən də narazı elektorat müxalifətlə məsafə saxlamağa çalışır. Bu, həm qorxudan irəli gəlir, həm inamsızlıqdan, həm də iqtidarın uzun illər apardığı təbliğatdan. Eyni zamanda, müxalifət düşərgəsindəki daxili çəkişmənin yaratdığı neqativ təsirin də bu məsələdə rolu var”.

Ə.Orucovun fikrincə, müxalifətdə daxil siyasi düşərgələr o zaman fəallaşacaq kı, cəmiyyət siyasi cəhətdən fəallıq göstərəcək, öz dövlətinə, gələcəyinə və taleyinə biganə münasibət səgiləməkdən əl çəkəcək:

"Amma bədbin də deyiləm. Çünki payızdan ölkədə ciddi proseslər başlayacaq. Bu proseslər gələn ilin prezident seçkilərinədək artan xətlə inkişaf edəcək. Baxın, MTN, "Rabitə işi”, "Azəriqaz”, keçmiş Nəqliyyat Nazirliyi və digər dövlət orqanlarında baş verən korrupsiya halları ilə bağlı məhkəmə proseslərində və beynəlxalq qurumların hesabatlarında, digər araşdırmalarda dəhşətli faktların, sübutların ortaya çıxmasına rəğmən cəmiyyətdən ciddi təpki gəlmədi. Halbuki normal və inkişaf etmiş ölkələrdə bunların yüzdə biri baş versəydi hakimiyyətdəkilərin əksəriyyəti həbsxanalara atılardı. Deməli, məsələ ictimai münsibətə baxışda və yetişkənlikdədir».

YAP seçim məcburiyyətində qalıb

Vətəndaş və İnkişaf Pariyasının (VİP) sədri Əli Əliyev isə "Reytinq”ə deyib ki, müxalifətin, yaxud siyasi həyatın vəziyyəti mövsümü xarakter daşımır. Onun qənaətincə, passivlik başqa səbəblərdən qaynaqlanır:

«Hakimiyyət siyasi mühitin dar olması üçün əlindən gələni uzun illərdir tətbiq və bəzən hətta eksperiment edir. Sınaq, o baxımdan ki, sistemin qurucusu, mərhum Heydər Əliyev idarəçiliyində, son 14 ildə istifadə edilən məhdudlaşdırıcı işlər görülmürdü. Aydın olması üçün bir neçə dəlil gətirmək istərdim:

O zaman kütləvi tədbirlər keçirilir, partiyaların ofisləri və mətbuata çıxışı, seçki komissiyalarında iştirakı, parlamentdə fəaliyyəti, televiziyalarda birbaşa efirlər və s. kimi bu gün azadlıq hesab ediləcək fərqliliklər mövcud idi.

Heydər Əliyev dövlət xadimi olduğundan onun atributlarını zahiri də olsa, qorumağa çalışırdı. Bu səbəbdən siyasi prosesin və mübarizənin elementlərini zəiflətsə də, məhv etmirdi.

Lakin son illər idarəçilikdə dövlətə xas xüsusiyyətlər sıradan çıxarılıb. Hər bir şey müqəvvalaşdırılıb. İstər mətbuat, istərsə də sistem müxalifəti pul gücünə "sındırılıb”. Eyni amil - pul vasitəsilə beynəlxalq ictimaiyyət də susdurulub. Belə şəraitdə siyasi proseslərdə hərəkətlilik gözləmək yanlışdır”.

Başqa səbəblərə gəlincə, Ə.Əliyev qeyd edib ki, bu sırada dünyanın Azərbaycana göz yumması da dayanır:

"Planetdə miqyaslı dəyişikliklər baş verir. Sosialist düşərgəsi və SSRİ çökdürüldükdən sonra sıra Rusiyanındır. Putin, Qorbaçov və Yeltsindən fərqli personajdır. Ona görə də, qlobal dəyişikliklər ləngiyir.

Dünya gücləri də, bu günə qədər Azərbaycan hakimiyyəti kimi avtoritar rejimləri törəmə fəsad saydığından, ona can verən səbəbi, əsas bəlanı aradan qaldırmağa girişiblər. Bu səbəbdəndir ki, iqtisadi və maliyyə müstəvisində Qərbin bütün ehtiyaclarını açıq və gizli müstəvidə təmin edən YAP hakimiyyətinə dəyilmir. Qərbi Azərbaycanın sərvəti və xalqının kölə olması maraqlandırır…».

VİP sədri onu da qeyd edib ki, nədənlər düzənində müxalifətin də taktiki və strateji səhvləri yer almaqdadır.

Ə.Əliyev hesab edir ki, müstəqillik xəttinin təmsilçilərinin birinci sırası açıq şəkildə rəqibləri Əliyevlərə məğlub olublar: «Bunu qəbul etsələr də, etməsələr də fakt ortadadır. Bu günün özündə də yanlışları aradan qaldırmaq üçün pərakəndəliyi dəf edə bilmirik. Xalq bu kəsimə ötən əsrin son onilliyində maksimum dərəcədə etimad payı ərmağan etmişdi. Lakin səhv qərar və hərəkətlər nəticəsində qısa müddətdə pay edilmiş qiymətsiz etimad sərmayəsi darmadağın edildi. O zamandan bu günə özümüzə gələ bilmir, xalqı toparlamaqda və inandırmaqda çətinlik çəkirik.

Çox bədbin deyiləm. Proseslər yenidən xalqın xeyrinə dəyişməkdədir. Hakimiyyətin yeganə universal arqumenti - pul tükənib. Beynəlxalq proseslər də iqtidarın ziyanına cərəyan etməkdədir. Gərginləşən Qərb-Rusiya, Qərb-İran, Qərb-Türkiyə münasibətləri, hakim partiya olan YAP-ı seçim məcburiyyətində qoyur. Manevr imkanları daralıb. Pulsuzluq şəraitində Qərb korrupsioner çevrələri YAP-ın lobbiçiliyinə həvəs göstərmir, komandanın daxilində münasibətlər gərginləşir. Komandada dəyişikliklər təşəbbüsü müqavimətlə üzləşir, sabotajın baş verəcəyi hər addımda gözlənilir».

Həmsöhbətimiz onu da vurğulayıb ki, belə münbit şəraitdə müxalifət inteqrasiyaya can atmalıdır. «Narazı elektoratın konsolidasiyası vacib şərtdir. Cazibə mərkəzi yaradılmalıdır. Maqnetizmi olan müxalifət nüvəsi hakimiyyətin də, beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edəcək ictimai güc funksiyasını yerinə yetirə bilər. Dövlətin dayanaqlığının təminatı üçün hakimiyyətin sağlam seqmentinin, biznes elitanın cəlbi mühüm şərtlərdəndir. Qarşıdakı prezident seçkiləri çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan yol ayrıcındadır”,- deyən VİP sədri bildirib ki, qarşıda Suriya yolu da, Tunis marşrutu da var: "Hansını seçəcəyimiz ölkə vətəndaşlarından və onun siyasi qüvvələrindən asılıdır. Unutmayaq ki, Suriyanı viran qoyan təkcə Əsədin ambissiyaları deyil, həm də havadarları - Rusiya və İran oldu. Hər iki dövlət Yeni Azərbaycan Partiyasını dəstəkləyən qüvvələrdir. Müxalifətə məsuliyyətli olmaq birinci dərəcəli vəzifədir. Gözlədiyimiz prezident seçkilərində vahid platforma, vahid namizəd çox mühüm prinsipdir. Lakin bu mövqe ölkənin iç qüvvələrinin fəaliyyəti nəticəsində yaranmalıdır. Kənardan idxal ediləcək bütün uğurlu görünən layihələr ziyanımıza işləyə bilər”.

Z.ƏHMƏD

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}