147 dövlət əmlakı hərraca çıxarılır - Siyahı
Tarix: 06-09-2017 12:05 | Bölmə: Slayd
147 dövlət əmlakı hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi 3 oktyabrda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirəcək.

Komitənin məlumatına görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 147 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 62-si kiçik dövlət müəssisə və obyekti, 54-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 20-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Yun” ASC-dir. Adıçəkilən əmlakın səhminin 20 faizi 240 min manata yaxındır. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Mingəçevir Qum Çınqıl” ASC-dir. Həmin əmlakın 30 faizi səhmi isə 156 min manata yaxın təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Yevlax, Şəki, Sumqayıt, Ucar, Balakən, Mingəçevir və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 4 min 397 kvadratmetr arasında dəyişir.

Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Balakəndə yerləşən əmlak kompleksidir. Adıçəkilən əmlak 550 min manata təklif edilir. Torpaq sahəsi 90 min kvadratmetrə, ümumi faydalı sahəsi isə 3 min kvadratmetrə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Bakının Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC və Nərimanov rayonunda yerləşən 7 saylı mağaza qiyməti ilə seçilənlər sırasındadır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Suraxanı rayonunda yerləşən 91 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 250 kvadratmetrə yaxındır.

Bundan başqa, Yevlaxda yerləşən 14 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 50-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 225 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kvadratmetr ilə 500 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Sumqayıtda yerləşən 21,7 kvadratmetr olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2000 manat təşkil edir. Həmçinin paytaxtın Xətai rayonunda yerləşən, sahəsi 15 kvadratmetr, ilkin start qiyməti 4 min 450 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.(APA-Economics)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}