Azərbaycan müxalifətinə qarşı yeni plan hazırlanır - Layihə
Tarix: 10-09-2017 12:51 | Bölmə: Slayd
Azərbaycan müxalifətinə qarşı yeni plan hazırlanır

"Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər ediləcək. Milli Məclisdən verilən məlumata görə, artıq bununla bağlı layihə hazırlanır. Layihədə siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə bağlı bəzi dəyişikliklər əksini tapacaq. Qanuna ediləcək dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsini şərh edərkən deyib ki, "Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər var. “Bu təkliflər siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə əlaqədardır”, - deyə komitə sədri bildirib.

S.Novruzovun sözlərinə görə,, qanuna təklif olunan dəyişikliklər əsasən maliyyə hesabatlarını təqdim etməyən partiyalarla əlaqədardır:

"Burada da əsas məqsəd şəffaflığın təmin olunmasıdır. Maliyyə hesabatlarını təqdim etməyən partiyalar barədə qanuna dəyişiklik edildikdən sonra, hər hansı bir qərar qəbul ediləcək. Hazırda isə partiyaların ləğv edilməsi "Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq aparılır. Qanunda göstərilən tələblərə cavab verən partiyalar ya fəaliyyət göstərir, ya da ləğv edilir”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə «Reytinq» qəzetinə deyib ki, əslində baş verən hadisələr ümumi idarəçilik fəlsəfəsinin tərkib hissəsidir. Onun qənaətincə, hakimiyyət hər vəchlə siyasi rəqabət imkanlarını məhdudlaşdırır: «Bütün alternativlərə qarşı məhdudlaşdırıcı işlər görülür. QHT sektoru qrantlarla, mətbuat mənzil və digər şirnikləndirici üsullarla ram edilib. Biznes total nəzarət altında inləyir. Siyasi təşkilatların da əhəmiyyətli hissəsi ələ alınıb. Mənzərədən aydın olur ki, institusional olaraq müqavimət imkanları zəiflədilib. Belə üstün şəraitdə, əlavə olaraq, yeni addımlar vəziyyətin iqtidar üçün fənalığından xəbər verir. Son dünya çaplı qalmaqallar hakimiyyətin reputasiyasına ciddi zərbə olmaqla yanaşı, həm də perspektivləri sual altına alan gələcək vədidir”.

Əli Əliyev qeyd edib ki, iqtidar nümayəndələrinin “Qlobal Maqnitski” aktına cəlb edilməsi də sıradan olan olay deyil: “Ona görə də iqtidar müxalifət partiyaları üçün yeni əngəllər yaratmaq istəyər. Təklif olunan əlavə və dəyişikliklərin nə üçün ortaya çıxdığını dəqiq demək mümkün olmasa da, yaxşı heç nə vəd etmədiyini əminliklə təsdiqləmək olar. Yəqin yeni plan partiyaların zəiflədilməsi məqsədini güdür».

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, "Siyasi partiyalar haqqında” qanuna ediləcək dəyişikliklər barədə parlamentə təqdim olunan layihədə siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə bağlı əksini tapacaq bəzi dəyişikliklər haqqında əlində dəqiq bilgi yoxdur. Onun sözlərinə görə, burada narahatverici məqam ondan ibarətdir ki hakimiyyət siyasi partiyaların fəaliyyətini daha da məhdudlaşdırmağı, yaxud da ləğvini daha da asanlaşdırmaq məqsədini güdür:

«Hökumət yetkililəri bunu şəffaflığın artırılması ilə yoxmağa çalışırlar. Amma şəffaflıq ilk növbədə hökümətin özündə olmalıdır. “Məmurların gəlir deklorasiyası haqqında” qanunun imzalanması 10 illərdir yubadılır. Mədən Sənayesində Beynəlxalq Şəffaflıq Qurumu qeyri-şəffaflığa görə Azərbaycanı sıralarından çıxartdı və s.

Mən, heç də siyasi partiyalarda şəffaflığın təmin olunmasının əleyhinə deyiləm. Əksinə, biz həmişə bütün sferalarda və həyatın bütün sahələrində şəffaflığın və aşkarlığın tərəfdarı olmuşuq. Şəffaf olmayan iqtidarın bunu başqalarından tələb etməsi isə absurddur və bu, daha çox partiyalara təzyiqdir».

İctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas İlqar Altay isə Reyting.az-a açıqlamasında qeyd edib ki, siyasi partiyalar hər bir respublika tipli demokratik ölkədə siyasi mühitin əsas komponentini təşkil edir, vətəndaş cəmiyyətinin avanqard hissəsi sayılır:

«Siyasi sistemin parlamentdə qanunvericilik və dövət hakimiyyəti idarəciliyi fəliyyətini də üstünə gəldikdə, ölkənin əsas sütunlarındandır. Dövlət rəhbəri, parlament çoxluğu, mərkəzi icra hakimiyyəti də siyasi partiya üzvləri olduqda, həmin ölkədə siyasi partiya sisteminin nə qədər agır çəkiyə malik olması göz önünə gəlir. Ona görə də, siyasi partiyalarla dövlət və cəmiyyət arasındakı münasibətlərin, bu münasibətlərin tənziminin xüsusi vacib əhəmiyyəti var. Bu tənzim də təbii ki, xüsusi qanun əsasında aparılır ki, Azərbaycanda bunun adı "Siyasi partiyalar haqqında" qanundur. Bu qanunun da zamanın, xalqın, cəmiyyətin, dövlətçiliyin tələbini ödəyəcək qədər təkmil və əhatəli olmasından cox şey asılıdır. Bu son iki keyfiyyət isə qanundakı mütəmadi müsbət keyfiyyət dəyişikləri hesabına baş verir».

Müsahibimizin sözlərinə görə, ölkədəki siyasi partiyalar mühitini tənzim edən "Siyasi partiyalar haqqinda" qanun xeyli dərəcədə təkmildir. «Ən azı, bu tənzim prosesində, partiyaların fəaliyyət və mübadilə, secki və s. proseslərində qanun baxımından hansısa qüsur və problemə rast gəlməmişik. Ancaq, bu sahədə daha əlavə dəyişikliklər barədə Milli Məclisə yeni təkliflərin verilməsində də qeyri-adi bir şey görmürəm. Əsas odur ki, bu təkliflər xalqın, dövlətin, ölkənin siyasi sisteminin azad inkişafı mövqeyindən ortaya cıxsın, şəxsi, qrup ya digər aidiyyətsiz maraqlardan yox. Bu dəyişikliklər imperativ xarakter daşıyacaqsa, yəni qadağa, məhdudiyyət, cəza xarakterli olacaqsa, bunun muzakirəsinə daha diqqətlə yanaşılmalıdır. Çünki, bu hal mürtəce yönlü olsa, ölkədə siyasi sistemin, partiyaların sıxıntısına, demokratiyanin geriyə atılmasina gətirib çıxara bilər.

Ancaq dəyişiklik bir sıra partiyaların ziyanlı fəaliyyət və davranışını qayda və normaya salınması üçündürsə, bu, təbii ki, lazımdır. Çünki inkişaf etmək istəyən ölkəyə siyasi sistemlilik nə qədər xeyirdirsə, siyasi buraxmalıq da o qədər ziyandır.

Hələ ki, "Siyasi partiyalar haqqında” qanuna deyişiklik təklifləri barədə konkret acıqlama verilməyib. Veriləndən sonra onun məğzinə baxıb nə dərəcədə üstünlük və mənfiliyi barədə bir hüquqşünas kimi öz dəyərləndirməmi edəcəyəm», - deyə hüquqşünas fikrini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}