QAT sədri dövlət başçısına müraciət edib - Səbəb
Tarix: 11-09-2017 17:20 | Bölmə: Siyasət
QAT sədri dövlət başçısına müraciət edib

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı məcburi köçkün müəllimlərə dondurulmuş əmək haqlarının ödənilməsinin dayandırılması ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

QAT-ın mətbuat xitmətindən Reyting.az-a verilən məlumata görə müraciətdə deyilir ki, məcburi köçkün müəllimlərin böyük bir qrupu məmurların biganə münasibəti nəticəsində ağır vəziyyətlə üzləşiblər:

“Belə vəziyyətlə üzləşənlərin dəqiq sayı 6951 nəfərdir. Onlar ötən ilin sonuna qədər dondurulmuş əmək haqqı alıblar. Bu ilin yanvar ayından etibarən həmin əmək haqqının ödənilməsi dayandırılıb. Bununla böyük bir insan qrupu, ailə üzvləri ilə birlikdə 30-35 min nəfər adam acınacaqlı vəziyyətə salınıb. Onların böyük əksəriyyəti Qarabağ müharibəsi veteranı, əlili, şəhid ailələridir. Bu insanlar bütün instansiyalara müraciət ediblər, lakin problemin həlli üçün heç bir addım atılmayıb. Onlar çıxılmaz vəziyyətdədir, necə yaşayacaqlarını, dolanacaqlarını bilmirlər”.

QAT sədri hesab edirik ki, məcburi köçkün müəllimlərə qarşı bu cür hərəkət yolverilməzdir, bu insanların yaşayış imkanlarına öldürücü zərbədir: “Bəzi məmurlar bu cür “canfəşanlıq” etməklə guya büdcənin xərclərinin azaldılmasına xidmət göstərirlər, əslində isə dövlətin və hakimiyyətin sosial dayaqlarına zərbə vurur, Qarabağın azadlığı işinə xələl gətirirlər. Təqribi hesablamalara görə, məcburi köçkün müəllimlərə dondurulmuş əmək haqlarının ödənilməsi il ərzində 10 milyon manatdan artıq eləmir. Dövlətimiz üçün bu cüzi məbləğin ödənilməsi elə də ciddi problem ola bilməz. Əvəzində isə minlərlə insanın həyat şəraiti yaxşılaşacaqdır.

Onlar yaşayış və iş yerlərini məcburiyyət qarşısında tərk ediblər, bu gün də öz ixtisaslarına uyğun işləmək istəyirlər, lakin onlara iş təklif edən yoxdur. Onlar məmurların biganəliyi və haqsızlığına dözməyərək artıq sərt aksiyalara, digər arzuolunmaz addımlara getmək məcburiyyətdə qalıblar”.

QAT sədri dövlət başçısından xahiş edir ki, insanların bu ağır vəziyyətdən çıxarılması, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerlərindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 saylı qərarının 2-ci hissəsinin müddətinin uzadılması, köçkün müəllimlərə dondurulmuş əmək haqlarının ödənilməsinin bərpa olunması barədə göstəriş versin: “Bütün Azərbaycan vətəndaşlarının, xüsusilə də Qarabağdan didərgin salınmış məcburi köçkünlərin problemlərinə diqqətlə yanaşdığınızı bilir, Sizin humanist münasibətinizə inanır və əvvəlcədən təşəkkür edirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}