13:25 / 25-09-2017
Lümpenləşən ziyalılar
Hüseynqulu Bağırovun yeni direktor təyinatı təəccüblə qarşılanır - Yenilənib
Tarix: 13-09-2017 13:02 | Bölmə: Slayd
Hüseynqulu Bağırovun yeni direktor təyinatı təəccüblə qarşılanır

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun orta ixtisas təhsilli şəxsi müəssisə direktoru təyin etdiyi bildirilir.

Bu barədə Reyting.az saytına Ağcabədi rayonundan məlumat verilib. Sakinlərin iddiasına görə, Ağcabədi rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə direktor təyin edilən Cahid Məmmədov orta ixtisas təhsillidir.

Bildirilir ki, Cahid Məmmədov əvvəllər Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsində müavin vəzifəsində çalışıb və o zaman da onun vəzifə təyinatında orta ixtisas təhsilli olduğu qeyd edilib. Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq direktoru Müzəffər Cəfərov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildikdən sonra müəssisəyə rəhbərlik Cahid Məmmədova həvalə olunub.

Məlumata görə, bu təyinat həm Ağcabədi rayon ictimaiyyətində, həm də Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri arasında təəccüblə qarşılanıb. “Bizi təəccübləndirən Cahid Məmmədovun orta ixtisas təhsilli olduğu halda müssisəyə rəhbər təyin edilməsidir”,- deyə rayon sakinləri bildiriblər.

Qeyd edək ki, Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq rəhbərlərinin fəaliyyəti ilə bağlı bu günə kimi çoxsaylı şikayətlər səslənib. Həmin şikayətlərin əksəriyyəti rəhbərliyin bəzi işbazlarla əlbir olaraq Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə aid ərazilərin zəbt edilməsinə şərait yaratmaq, yaşıllıqların məhvi və Meşə Fonduna ziyan vurmaqla bağlı olub. Bu əməllər isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsində cinayət əməli kimi tövsiv olunur.

Sakinlər bildiriblər ki, rayon ərazisində yaşıllıqlarla bağlı baş verən neqativ halların bir səbəbi də nazir Hüseynqulu Bağırovun doğru olmayan kadr siyasətidir.

Onu da qeyd edək ki, H.Bağırovun bəzi kadrlarının iştirakı və ya susqunluğu nəticəsində ayrı-ayrı iş adamları, məmurlar tərəfindən Meşə Fonduna ciddi ziyan vurulması ilə bağlı müxtəlif KİV-lərdə məlumatlar yer alıb. Belə məlumatlar digər rayonlar üzrə də redaksiyamıza daxil olub. Həm bu, həm də nazirin Ağcabədidəki təyinatına hələlik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin münasibətini öyrənə bilməmişik. Nazirliyin məsələyə münasibətini öyrənməyə çalışırıq.
**
Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin hüquqşünası Malik müəllim qeyd edib ki, direktor vəzifəsinə təyin edilən C.Məmmədov ali təhsillidir. Hüquqşünas deyib ki, əgər bu işin araşdırılmasında maraqlı şəxslər varsa, nazirliyə sorğu verib ətraflı araşdırsınlar.

Reyting.az



473 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
7-09-2017, 14:53 Bəzi banklar bağlanacaq