Əli Ömərov qardaşına və Gəncənin başçısına problem yaradıb
Tarix: 20-09-2017 19:12 | Bölmə: Slayd
Əli Ömərov qardaşına və Gəncənin başçısına problem yaradıb

Azərbaycanın sabiq baş prokuroru Əli Ömərovun Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından istefa verərək iqtidar əleydarlarını dəstəkləməsi onun ailə üzvləri ilə yanaşı Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevi də problemlə üzləşdirib.

Reyting.az-a daxil olan məlumatda bildirilir ki, keçmiş baş prokurorun YAP-dan istefa verib Milli Şuranın 23 sentyabra təyin etdiyi mitinqə dəstək çağırışı etməsi onun Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin direktor müavini (Adının Diləm olduğu bildirilir-Red.) vəzifəsində çalışan qardaşının karyerasını bitirə bilər.

Qeyd olunur ki, vaxtilə Mingəçevir şəhərinin icra başçısı işləmiş bu şəxsi hazırki vəzifəyə Gəncənin başçısı Elmar Vəliyev təyin edib. İddiaya görə, sabiq baş prokurorun radikalların tərəfinə keçməsi E.Vəliyevin onu vəzifədə saxlamaq imkanını əlindən alır.

Bildirilir ki, YAP-ın bəzi funksionerləri Ə.Ömərova qarşı barışmaz mövqe tələb edirlər. Böyük ehtimalla onların Ə.Ömərova qarşı mövqeyini E.Vəliyev də müdafiə edəcək. Yəni Vəliyev, vəzifəyə təyin etdiyi bu şəxslə yollarını ayırmaq məcburiyyətində qalacaq.

Xatırladaq ki, Ə.Ömərov bu gün Facebook səhifəsində belə bir status yazıb:

“Milli demokratik ölkələrdə söz və insan azadlığı normal bir haldır. Vətəndaşlar öz fikirlərini açıq-aydın bildirmək hüququna malikdirlər. Bu baxımdan da mən hər bir qanuni mitinqi, o cümlədən sentyabrın 23-ü keçirilməsi nəzərdə tutulan mitinqi dəstəkləyirəm.

Bundan başqa, həmin gün mitinqin keçirilməsinə tam şərait yaradılmalı, mitinqə gələnlərin qarşısı alınmamalı və bununla da bütün dünya görməlidir ki, Azərbaycan sözdə deyil, əməldə də demokratik ölkədir”.

Doğrudur, hakim partiyanın siyasətini bəyənməyən Ömərovun bu statusunda və YAP-la vidalaşmasında qeyri-qanuni nəsə axtarmaq ədalətsizlik olardı. Amma ictimaiyyət arasında nüfuz sahibi olan şəxslərin belə fikirlərini hazırki reallıqda hakim düşərgə təmsilçilərinin əksəriyyəti süngü ilə qarşılayır.

Qeyd edək ki, məsələni dəqiqləşdirmək üçün musavat.com Ömərovla da əlaqə saxlayıb. Sabiq baş prokuror deyib ki, açıqlamanı özü yazıb və fikirlərində aydın olmayan nə isə yoxdur.

Bu arada isə musavat.com xatırladır ki, Ə.Ömərov 1994-cü ildə baş prokuror vəzifəsində işləyərkən mitinq keçirmək istəyən AXC-nin qərargahından silah-sursat tapıldığını, buna görə cinayət işi açıldığını bəyan etmiş, dövlət televiziyasına bu mövzuda müsahibə vermişdi. Hətta o zaman AXC rəhbərlərindən olan Əli Kərimli həbs edilib təcridxanaya salınmışdı. “İndi həmin adamın xalqı eyni təşkilatın mitinqinə çağırması, bir zamanlar həbs etdirdiyi şəxsə dəstək verməsi müxalifət camiəsində təəccüb və istehza doğurur”,- sayt yazır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}