Həbsdəki məmur övladını məsuliyyətdən yayındırmaq istəyirlər
Tarix: 25-09-2017 14:32 | Bölmə: Slayd
Həbsdəki məmur övladını məsuliyyətdən yayındırmaq istəyirlər

Prezident İham Əliyev məmurlara ərköyün övladları ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, bəzi məmurlar bundan ciddi nəticə çıxarmır. Hələ də, cəmiyyət belə məmurların ərköyün övladlarının müxtəlif xuliqanlıq əməllərinə, “avtoşou”larına dözmək məcburiyyətindədir.

Doğrudur, övladlarının cinayət əməlinə görə cəzalandırılan məmurlar da var. Məsələn, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev oğlunun xuliqanlıq əməlinə görə vəzifəsini itirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov da belə aqibətlə üzləşənlərdəndir.

Avqustun 3-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev törətdiyi qəzaya görə həbs edilsə də, R.Orucovdan fərqli olaraq, N.Allahverdiyevin nə atası, nə də babası cəzalandırılmayıb.

Qeyd edək ki, oğlunun əməlinə görə tənbeh olunmayanlardan biri də Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovdur. Amma A.Əsgərov bu sırada tək deyil. Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov da belələrindəndir.

Xatırladaq ki, ölkə KİV-ləri Şahmar İbadovun oğlu Elmir İbadovun avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçdığını yazmışdı. Ərköyün oğulun törətdiyi hadisə zamanı qadın vəfat etsə də, oğul İbadovun hərəkətinə görə ata İbadova “gözün üstə qaşın var”,- deyən olmayıb.

Maraqlıdır ki, ayda 1000 manat civarında maaş alan icra başçısı müavininin övladı 100-150 min manatlıq “Range Rover”lə qadını vurub öldürsə də, icra başçısı Abdin Fərzəliyev müavini ilə yollarını ayıra bilməyib. Tam əksinə, Şahmar İbadovun oğlu ilə bağlı xəbər əksər saytlardan çıxarılıb.

Şahmar İbadov isə oğlunun ağır yol qəzası törətməsiylə bağlı yayılan məlumatlara “orjinal” cavab verib. Deyib ki, oğlu hadisə yerindən qaçmayıb və qadının ölümünü qəzayla bağlamaq olmaz.

İddialara görə, A.Fərzəliyev prezidentin xəbərdarlığından nəticə çıxarıb, müavininin fəaliyyətinə qiymət verə bilmir.

Reyting.az-a daxil olan məlumata görə, bu səbəb Nərimanovda Abdin Fərzəliyevdən daha çox Şahmar İbadovla RİH-in təsərrüfat şöbəsinin müdiri Rəşid Ağayevin söz sahibi olmalarıdır:

“Maliyyə ilə bağlı bir çox məsələlər Şahmar İbadovun kurasiyasında olsa da, bu o demək deyil ki, Rəşid Ağayev maliyyədən uzaqda saxlanııb. Dəqiq deyə bilərəm ki, Nərimanov Rayon İcra Hakimiyyətinin “boz kardinal”ı Rəşid Ağayevdir. Bu həmin Rəşid Ağayevdir ki, Eldar Əzizov Nizami rayonuna rəhbərlik etdiyi dövrdə imkanları daha da artıb. Sonra isə Abdin Fərzəliyevlə sıcaq əlaqə yaradaraq, onun inamını qazanıb”.

Fərzəliyev Nizami rayonundan Nərimanova transfer olunanda onunla birgə bu rayonda yeni vəzifəyə sahiblənən Ağayev, Ayna Sultanovanın heykəli ətrafındakı ərazilərin, o cümədən 5 saylı xəstəxananın arxa tərəfindəki qəbirstanlığın köçürülməsi kimi böyük işlərdə “sehirli çubuğu” öz əlində saxlaya bilib. “Sözüm ondadır ki, adıçəkilən hər iki şəxs rayonda əsas səlahiyyət sahibidir. Yəqin buna görədir ki, Abdin Fərzəliyev, oğlunun törətdiyi qəzaya görə Şahmar İbadovla yollarını ayıra bilmir”,-deyə mənbəmiz bildirib.

Bəzi KİV-lər isə iddia edirlər ki, Ş.İbadov oğlunun azadlığa çıxması üçün müxtəlif vasitələrə əl atır. Ş.İbadovun oğlunun azadlığa çıxma ehtimalının güclü olduğunu deyən mənbəmiz qeyd edib ki, ölən qadının yaxınları şikayətçi olmasalar da, bu o demək deyil ki, Ş.İbadovun oğlu barədə seçilmiş həbs-qətimkan tədbiri bitən kimi, azadlığa çıxa bilər.

Xatırladaq ki, ölkə başçısı məmurlara ərköyün övladlarına görə bir neçə dəfə barmaq silkələyib. “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”,- deyən İ.Əliyev bildirib ki, bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar: “Onları saymırlar, təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”.

Təəssüflər olsun ki, ölkə başçısının bu xəbərdarlıqları A.Fərzəliyevlə Ş.İbadovun simasında Nərimanov rayonunda keçərsizdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}