Qəbul imtahanları ilə bağlı müəmmalı vəziyyət yaranıb - Ekspertlər
Tarix: 01-10-2017 19:08 | Bölmə: Slayd
Qəbul imtahanları ilə bağlı müəmmalı vəziyyət yaranıb

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Reyting.az saytı DİM-ə istinadla xəbər verir ki, iclasda müzakirə olunan məsələlərdən biri də 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilmə (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli olub.

Müzakirələrin sonunda Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan yeni model qəbul edilib.

Qəbul olunmuş model aşağıdakı kimidir:

Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilmə (buraxılış) imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək. Birinci mərhələdə tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək. İkinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə olunacaq.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirmə (buraxılış) imtahanları isə bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər:

Riyaziyyat, Azərbaycan dili (rus dili), Kimya, Fizika, Coğrafiya, Tarix, (Azərbaycan və Dünya tarixi), Biologiya, Kimya, Ədəbiyyat.

Bir daha qeyd olunmalıdır ki, yuxarıda göstərilən model 2019-cu ildən etibarən tətbiq olunacaq. 2018-ci ildə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları 2017-ci ildə olduğu kimi keçiriləcək. 2018-ci ilə dair yeganə dəyişiklik ondan ibarətdir ki, ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus (gürcü, ingilis) bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən imtahan verəcəklər.

Görəsən, bu yeniliklər nə vəd edir? Həqiqətənmi qəbul sisteminin dəyişdirilməsi mütərəqqi məqsədlə edilir, yoxsa “pərdə arxası”nda hansısa niyyətlər gizlənib?

“Reytinq” qəzeti bu və ya digər məqəmlarla bağlı sualara cavab tapmağa çalışıb.

Qəbul imtahanları ilə bağlı müəmmalı vəziyyət yaranıb

Sabiq təhsil naziri Firudin Cəlilov «Reytinq»ə deyib ki, islahatların tərəfdarı olsa da, təhsil sahəsində nəzərdə tutulan bütün dəyişikliklər inkişafa səbəb olmalıdır. O, Azərbaycanda test üsulunun əsas müəlliflərindən biri kimi qeyd edib ki, bu sistem kifayət qədər əhəmiyyətlidir:

«Fikrimi izah etmək üçün ilk dəfə test imtahanının necə və hansı məqsədlə tətbiq olunmasından başlayım.

1991-ci ildə Elçibəy 50 nəfəri söhbətdən keçirib Türkiyəyə oxumağa göndərdi. 1992-ci ildə 2000 tələbəni ilk dəfə testlə qəbul edib Türkiyəyə göndərdik. Bu prosesə mən rəhbərlik edirdim. Xalq bu imtahanlardan razı qalmışdı, çünki rüşvət yox idi.

Sonra test imtahanını öz universitetlərimizdə tətbiq etməyi qərara aldıq və mən, baş nazirin müavini kimi bu işlə məşğul oldum. Xaricdən uzman çağırdım, Türkiyəyə bu sistemi öyrənmək üçün bir-iki adam göndərdim. Bu ərəfədə Elçibəy prezident oldu və mənim təklifimlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını yaratdıq. Mən bu işə Kamran İmanovu da cəlb etdim, mənim xahişim və təkidimlə Vurğun Əyyub komissiyanın sədri təyin olundu. 10 gündən sonra bu işləri Vurğun bəyə təhvil verdim. O da qəbulu yaxşı keçirtdi. Bu, testin başlanma tarixidir.

Mən testi tətbiq edəndə planlarım var idi. Düşünürdüm ki, qəbul imtahanında ədalət olacaq, bu oldu və bugünə qədər davam edir».

Müsahibimiz testin də müəyyən fəsadlarının olduğunu da dilə gətirib. Onun sözlərinə görə, zaman keçdikcə yeni metodlardan yararlanmaq vacibdir:

«Mən bilirdim ki, testin ziyanlı tərəfi də var - əzbərçilik, ümumi fənlərə marağın azalması, nitq və yazı qabiliyyətinin aşılanması və s. Ona görə də, düşünürdüm ki, test imtahanını ilbəil təkmilləşdirmək və ziyanlı tərəfləri düzəltmək lazımdır. Bunun üçün pedaqoqların, təhsillə bağlı sosial təbəqələrin yardımı ilə islahatlar aparmaq, qəbul mexanizmində testi saxlamaqla əlavə mexanizmlər yaratmaq lazım idi.

Sonra qəbul imtahanı buraxılış imtahanı ilə əvəz olunmalıydı. Türkiyə indi bu sistemə keçmək istəyir. Ancaq Vurğun bəy və ondan sonra sədr olanlarla əlaqəm kəsildi və planlarım yarımçıq qaldı.

Əgər indiki dəyişiklik mən deyən istiqamətdə olacaqsa, düşünürəm ki, bunun təhsil sisteminə xeyiri dəyəcək. Əgər mənim bilmədiyim başqa mexanizm işə düşəcəksə, onun nəticəsi haqqında danışa bilmərəm. Çünki necə edəcəklərindən xəbərim yoxdur. Əgər köhnə qaydaya qayıdırlarsa - mən buna inanmıram - böyük narazılıq yarana bilər. Yox, əgər ortaq bir sistem yaranacaqsa, o zaman nəsə gözləməyə dəyər. Hər halda bunu zaman göstərəcək».

Qəbul imtahanları ilə bağlı müəmmalı vəziyyət yaranıb

Bakı Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimli isə bildirib ki, DİM Təhsil Nazirliyi ilə birlikdə orta ümumtəhsil məktəblərində buraxılış imtahanları və ali məktəblərə qəbulla bağlı ciddi dəyişikliyə qərar verib. Onun fikrincə, bu qərar demək olar ki, hər bir ailədə gərginliklə izlənməkdədir. Əsas səbəb odur ki, hər iki dövlət qurumu ictimaiyyətlə məsləhətləşmədən, cəmiyyətin fikrini öyrənmədən və onun rəyi ilə hesablaşmadan belə bir qərar verib: «Ona görə də ortaya atılan yeniliklərin dərk olunmasında çox böyük çətinliklər var və onun nəyə əsaslandığı başa düşülmür. Dəyişikliklərlə bağlı bütün nüanslar açıqlanmadığından onu ətraflı şəkildə şərh etmək də çətindir”.

M.Rəhimlinin fikrincə, kurikulumun tətbiqindən sonra orta təhsil müəssisələrində təhsilin keyfiyyətinin aşağı düşdüyü, repetitorluğun daha da inkişaf etdiyi təhsil ekspertlərinin əksəriyyəti tərəfindən də qeyd edilir:

“Hazırda təklif olunan variantın nəyə xidmət etdiyi bir qədər qaranlıq qalır: aşağı düşən təhsilə hesablanıb, yoxsa mütəxəssis hazırlığında konkretliyə?

Düşünürəm ki, bütün bu sullara DİM-in aydınlıq gətirməsinə ehtiyac var və bundan sonra dəyişikliklərin nəyə xidmət etdiyini demək mümkündür.

Dəyişikliklərin mahiyyətində hiss olunan yeganə məqam odur ki, ali təhsil almaq istəyən abituriyentlərin xaricə axının qarşısı alınsın və bilik səviyyələri yüksək olmayanlar da ali məktəblərə qəbul edilsinlər».

Qəbul imtahanları ilə bağlı müəmmalı vəziyyət yaranıb

Təhsil eksperti Kamran Əsədov isə «Reytinq»ə deyib ki, Azərbaycanda 1992-ci ildən ali məktəblərə qəbul vahid qaydada - test imtahanı ilə keçirilir. Geridə qalan 25 il ərzində obyektiv, qərəzsiz, ədalətlə və şəffaf şəkildə qəbul imtahanlarının keçirilməsini birmənalı şəkildə demək olar. Onun sözlərinə görə, bu, kimlərinsə xoşuna gəlməyə bilər:

«Amma düşünmürəm ki, 2019-cu ildən etibarən tətbiq edilməsi nəzərdə tutulan yeni qaydalar məhz buna xidmət etsin. Qəbul və buraxılış imtahanlarında abituriyentlərə dil qaydalarından əzbər tipli - əvvəlki illərdə olduğu kimi faktoloji (və buna uyğun olaraq faktlara əsaslanan məntiqi, izahedici, müqayisə tipli və s.) test tapşırıqları təqdim edilməməlidir. Yeni tədris poqramlarının (kurikulumları) tələblərinə görə Azərbaycan dili şagirddə dörd bacarıq (dinləmə, anlama, oxu, yazı) yaratmalıdır ki, dil qaydaları (təriflər və izahlar) məhz həmin bacarıqların daha yaxşı və səmərəli formalaşmasına imkan versin. Yəni şagird düzgün yaza, oxuya, danışa, fikir bildirə, fikrini əsaslandıra bilirdisə, deməli, o, dövlət tələblərini yerinə yetirir. Bunun üçün abituriyentə təqdim olunmuş sual kitabçalarında dil qaydaları üzrə təriflərdən - əzbərçilikdən imtina edilməli, praktiki sualların çəki əmsalı artırılmalıdır. Həmin modellər - hansı ki 2019-cu ildə qəbul və buraxılış imtahalarında istifadə olunacaq, bu ildən tam açıqlanmalıdır.

DİM-in açıqlamasından belə aydın olur ki, 2019-cu ildən qəbul imtahanlarında 5 fənn yox, 6 fəndən imtahan olacaq. Qüvvədə olan qanunvericiliyə görə bu gün ali məktəblərə qəbul olmaq üçün abituriyentlər 4 ixtisas qurupu üzrə həmən ixtisas qurupuna daxil olan 5 fəndən imtahan verirlər. Və əlavə olaraq buraxılış imtahanlarında 3 fəndən ayrıca imtahanda iştirak edirlər. Bu da 8 fənn edir. Buraxılış və qəbul imtahanlarında təkrar olunan fənlər yalnız bunlardan birində qalacaq. Yəni Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri ya qəbul, ya da buraxılış imtahanlarında saxlanılacaq və ya buraxılış imtahanlarında hansısa fənlər çıxarılıb digərləri ilə əvəz olunacaq ki, o fənlər də qəbul imtahanlarında olmayacaq.

Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək, buraxlış imtahanında fənlərin sayını artırmaq və ya qəbul imtahanlarında fənlərin sayını azaltmaq sualların çətinlik dərəcəsini artırmaq deməkdir ki, buna, hələ ki, bizim reallıq və məkətblərimiz hazır deyil».

Ekspert onu da əlavə edib ki, hazırda Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərin sayına və çətinlik dərəcəsinə görə çox ağırdır. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezindentinin 2013-cü ildə imzaladığı Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında göstərilib ki, təhsil əlçatan olmalıdır:

«Hesab edirəm ki, bütün ixtisas quruplarında riyaziyyat fənninin olması anlaşılan və faydalı deyil. Humanitar sahəyə gedən şəxs daha çox oxumaq istədiyi və marağı olduğu istiqamətlər üzrə lazım olan fənlərdən imtahan verməlidir. Tarixçinin, hüquqşunasın akademik səviyyədə riyaziyyatdan imtahan verməsi lazım deyil. Bundan əlavə, orta məktəbin nüfuzunun qaldırılması, şagirdlərin buraxılış imtahanlarına və orta məktəb dərslərinə maraqlarının artırılması üçün 2019-cu ildən tətbiq ediləcək yeniliklər mütərəqqi addım olacaq.

Bilirsiz, ali məktəblərə qəbul sadə olmaldır. Bir misal deyim: Fransada universitetlər hər kəs üçün açıqdır. Universitetlərə daxil olmaq üçün qəbul imtahanları keçirilmir və təhsil pulsuzdur. Orta təhsil haqqında sənədi - bakalavr diplomunu alan hər kəs sənədlərini istədiyi universitetə verə bilər. Əgər namizəd orta məktəbdə yaxşı qiymətlərlə oxuyubsa, onu universitetə qəbul edirlər. Bununla yanaşı, bakalavr diplomu olmayan və orta təhsilini yarımçıq qoymuş fransızlar universitetlərə qəbul olmaq üçün Universitet Təhsilinə Qəbul Diplomu - DAEU (Diplome dTacces aux etudes universitaires) almalıdırlar. DAEU diplomu universitetlər tərəfindən verilir».

K.Əsədov nəzərə çatdırıb ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq.

Müsahibimiz hesab edir ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi repetitorluğun aradan qaldırılmasına kömək edəcək: «Lakin şagirdin keçdiyi fənlər üzrə qiymətləndirmə aparılmalı və bunun mexanizmi hazırlanmalıdır.

Bilirsiz, son illərdə keçirilən buraxılış və qəbul imtahanlarının nəticələrinin statistik təhlili zamanı ortaya çox fərqli mənzərə çıxır. Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir.

Mənim təklif edəcəyim yeniliklərdən biri də odur ki, humanitar, təbiət elmləri, riyaziyyat-informatika və digər təhsil sahələri üzrə qiymətləndirmənin nəticələri ümumiləşdirilməli və abituriyentə bununla bağlı sertifikat verilməlidir. Abituriyent də hansı sahə üzrə daha yüksək göstəricisi varsa, o sahəyə getməlidir. Doğru deyil ki, uşaq buraxılış imtahanı verir, bir ay sonra da qəbul imtahanı başlayır. Qısa müddət içərisində psixoloji cəhətdən tam formalaşmamış gənci bu qədər imtahan stressinə, gərginliyinə salmaq olmaz. Amma burda bir sıra məsələləri yaddan çıxarmayaq. Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsinin əsas məqsəd olmadığı, qəbul imtahanlarında isə tam əksinə, yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu qeyd etmək lazımdır”.

Təhsil eksperti diqqətə çatdırıb ki, buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir:

“Buna, hələ ki, bizim reallıqda məktəblərimiz hazır deyillər. Bu prosesi həyata keçirmək 12 illik təhsilə keçməmiş və təmayülləşmə prosesini başa çatdırmamış çox çətindir. Yəni tətbiq edilməsi gözlənilən yeniliklər siyasi sifariş yox, əmək bazarının peşəkar səviyyədə təşkil olunması zərurətindən irəli gəlir. Çünki köhnə qaydalarla qəbul edilən kadrlar əmək bazarının tələbatını ödəmək iqtidarında deyil».

Zaur ƏHMƏD




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}