16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hökumət səhiyyədə islahat apara bilmir
Tarix: 02-10-2017 10:57 | Bölmə: Slayd
Hökumət səhiyyədə islahat apara bilmir

Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə ötən ildən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Onun sözlərinə görə, bu layihənin tətbiq olunduğu xəstəxanalar özəl yox, dövlət tibb müəssisələridir: "Bilirik ki, həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir. Çünki Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır ki, əhaliyə pulsuz xidmət göstərir. Onlar isə sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs olmalı və xüsusi hesabları açılmalıdır. Artıq publik hüquqi şəxs statusu alacaq xəstəxanaların ilkin siyahısı hazırlanıb. İlkin olaraq 70 müəssisə nəzərdə tutulub və sonradan onların sayı artırılacaq”.

Xatırladaq ki, bu proses artıq xeyli müddətdir ki, gündəmdədir. Hökumət bunun alt yapısını hazırlamadan dövlət tibb ocaqlarının pullu xidmət mərkəzlərinə çevrilməsi haqqında düşünür. Təbii ki, bu da haqlı olaraq narazılığa səbəb olub.

Azərbaycan Tibb Universitetinin müəllimi, biologiya elmləri namizədi, Vətəndaş və İinkişaf Partiyasının sədri Əli Əliyev Reyting.az-a deyib ki, sığorta səhiyyəsinə keçmədən dövlət tibb müəssisələrinin pullu xidmətə keçidi düzgün deyil. Onun qənaətincə, bu proses sığorta səhiyyəsi işə düşdükdən sonra olmalı idi:

“Amma bir sıra sahə tabeçilikli xəstəxanalar artıq pullu rejimdə fəaliyyət göstərir. Neft və dəmiryol sahələri xəstəxanalarının dotasiyasının kəsilməsindən sonra maliyyələşmənin yeganə yolu əhaliyə pullu xidmət göstərməkdə qalırdı. Onları başa düşmək lazımdır. Əlavə olaraq, digər xəstəxanaların da pullu xidmətə keçidi kasıb əhalinin məhvinə yönəlmiş aksiya olacaq. Məsələnin kökündə hökümətin fərsiz və düşünülməmiş siyasəti durur. Səbəb büdcənin zəif olmasıdır. Neft pulları gələn zaman, korrupsiyanın iri miqyaslı sahələrindən biri tibb müəssisələrinin təmiri, tikintisi, təchizatı idi. Heç kəs o zaman səhiyyə sisteminin optimalllaşdırılması haqqında düşünmürdü. Baş neft pullarını mənimsəməyə qarışmışdı. Çünki bu hakimiyyətin düşüncəsi əhaliyə xidmət göstərmək yox, onu talamaqdan ibarətdir”.

Ə.Əliyev qeyd edib ki, indi baş verənlər məcburiyyətdən yaranıb. “Pul tükənib, büdcəni əlavə yüklərdən azad etmək lazımdır. Daha düşünmürlər ki, pullu xidmətə keçid əhalinin mütləq əksəriyyətinin öhdəsindən gələ bilməyəcəyi üsuldur. Çünki rəsmi maaşlar tibbi müayinə və xidmətin digər növlərinin kalkulyasiyasına uyğun deyil. Belə olan halda narazılıqların artacağının şahidi olacayıq.

Bildiyim qədər sığorta səhiyyəsinə keçid üçün 2 pilot layihə Mingəçevir və Yevlaxda sınaqdan keçirilirdi. Aqibəti barədə məlumatım olmasa da, hər halda pis başlanğıc deyildi. Bunu dərinləşdirmək, ölkədə əhalinin az sosial müdafiəli təbəqəsini himayəyə götürmək lazımdır. İnsanlaırn elementar xəstəliklərdən ölməsinin qarşısı alınmalıdır”.

Partiya sədri deyib ki, zəngin neft ölkəsi vətəndaşlarının ən azı tibb xidmətinə diqqət yetirilməlidir. “Onlar buna haqq edirlər. Neft heç kəsin dədə mirası deyil ki, bir zümrə ondan istədiyi kimi bəhrələnsin, digərlərin kasıblıq səbəbindən 21-ci əsrdə elementar tibbi xidmətə əli belə çatmasın”, - deyə Ə.Əliyev fikrini tamamlayıb.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimi, ADP sədrinin müavini Həsrət Rüstəmov isə bildirib ki, dövlət xəstəxanalarının publik şəxsə çevrilməsi ilə əlaqədar səhiyyə nazirinin bəyanatı əhalidə həqiqətən də təşviş yaradıb. Onun fikrincə, buna səbəb odur ki, xalqa məlumat tam və dolğun, hərərəfli verilməyib:

“İnsanlar elə başa düşür ki, dövlət xəstəxanaları ödənişli əsaslı xidmət sisteminə keçirilir. Vətəndaşların ödəniş etmədən hər hansı tibbi xidmət ala bilməyəcəyi qənaəti formalaşır. Halbuki söhbət səhhət sığorta sisteminin tətbiqindən gedir. Başqa sözlə, insanlar əsas tibbi ehtiyacları üçün xəstəxanaya hər hansı ödəniş etməyəcəklər. Onların əvəzindən bunu sığorta şirkətləri edəcəkdir. Əlbəttə ki, əgər bu sistem islahatlarını hazırkı hakimiyyət həyata keçirə bilsə, səhiyyənin durumu indikindən çox yaxşı olacaq. Həm dövlət sektorundakı səhiyyə işçiləri xəstələrdən qeyri-rəsmi ödəmə almaq əzabından xilas olacaq, həm də vətəndaşlar işlədikləri yerdə tibbi sığorta olunaraq tibbi xidmətlər əldə edəcəklər. İşsizlər, pensiyaçılar, əlillər, uşaqlar və s. Bu kateqoriya isə dövlət tərəfindən sığortalanmalıdır. Bir sözlə, hazırkı hakimiyyətin qüsuru o deyil ki, 25 ildən sonra səhiyyə islahatları aparmağa çalışır. Qüsur odur ki, məsələn, qonşu Gürcüstanda 2 ilə həyata keçirilmiş səhiyyə islahatlarını bizimkilər hələ də həyata keçirməyə qorxur. Hələlik verilən anonslar onu göstərir ki, bu barədə deyilənlərin həyata keçirilməsi çox müşkül olacaqdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}