14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ölkə müxalifətinə təzyiqlər artır
Tarix: 10-10-2017 15:44 | Bölmə: Slayd
Ölkə müxalifətinə təzyiqlər artır

Son günlər müxalifət partiyalarının fəalları hakimiyyət orqanları tərəfindən təzyiqlərə məruz qaldıqlarını bəyan edirlər. İqtidar nümayəndələri bunun əksini iddia etsələr də, müxalifətçilər polisə çağırılaraq ifadələrinin alınmasını siyasi sifariş kimi dəyərləndirirlər.

Bir neçə gün əvvəl isə ADP sədrinin müavini, Həsrət Rüstəmov çalışdığı Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasında işdən çıxarılıb.

H.Rüstəmov bildirib ki, beş il işlədiyi və kiçik bir nöqsana yol vermədiyi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasında həkim işindən siyasi sifarişlə azad edilib.

Dünən də bu tipli bəyanat yayılıb. Bəyanatın müəllifi Azərbaycan Liberal Demokrat Partiyasıdır (ALDP).

Reyting.az-ın xəbərinə görə, ALDP-nin bəyanatında bildirilir ki, son günlər mitinqlərdə iştirak edən liberal-demokratlar - İlham Rəsulzadə, İbrahim Kərimov, Sənan Mehdizadə və Tural Cəfərov Milli Şuranın keçirdiyi mitinqdə iştiraklarına görə polisə çağırılıblar.

ALDP bəyan edib ki, digər partiyaların üzvləri də təzyiqlərə məruz qalıblar.

ALDP müxalifət nümayəndələrinə təzyiqlərə son qoyulmasını, Gözəl Bayramlı, İlqar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılması tələb edir.

Ölkə müxalifətinə təzyiqlər artır

Siyasi şərhçi Nəsimi Məmmədli isə Reyting.az-a deyib ki, fəal müşahidəsi olan ən sadə insanlar da təsdiq edər ki, son vaxtlar hakimiyyət dairələrində çox ciddi narahatlıq var. Onun sözlərinə görə, bunu hətta orta və yuxarı məmur təbəqəsinin davranışlarında da çox açıq görmək olur:

“Narahatlığın getdikcə təşvişə çevrilməsi halları da hansısa ciddi səbəblərin və əsasların olduğundan xəbər verir”.

N.Məmmədli qeyd edib ki, cəmiyyətdəki ən kiçik tərpəniş belə hökuməti böyük təlaşa salır və bunu kənardan görməmək mümkün deyil:

“Ölkədə işsizlik, yoxsulluq, hüquqsuzluq, bahalıq və korrupsiya elə sürətlə artır ki, artıq bu problemlərin siyasi dalğası çox da uzaqda deyil.

Hakimiyyətə qarşı cəmiyyətdə etimadsızlıq da durmadan yüksəlir. Ölkə tarixində ilk dəfədir ki, xalqın mütləq əksəriyyəti iqtidarın mahiyyətini tam anlayır və hələlik gizlində olsa da, onu ifadə edir. Şübhəsiz, hökumət də hesablayır ki, mitinqlər vasitəsilə bu neqativlərin ardıcıl dilə gətirilməsi xalqın öz problemlərinin dinc yollarla həllinə səfərbər olunması ilə nəticələnəcək. Odur ki, bütün inzibati resursları ilə mitinqlərin davamlı və kütləvi olmasını əngəlləməyə çalışırlar”.

Müsahibimizin sözlərinə görə, hətta iş o yerə çatıb ki, sadə vətəndaşları aylarla qəbul etməyən yerli icra hakimiyyəti başçıları mitinqdə iştirak edən şəxslərin qohum-əqrəbasını şəxsən bir-bir dəvət edir və mitinqlərdə iştirakdan çəkindirməyə çalışırlar:

“Hüquq-mühafizə orqanları ilə yanaşı, yerli icra strukturlarının da son günlər yuxusu ərşə çəkilb. Gün ərzində bir neçə dəfə administrasiyaya profilaktik tədbirlərlə bağlı hesabat verdikləri söylənir. Mərkəzi və yerli hakimiyyət orqanlarının davranışları olduqca düşündürücüdür”.

N.Məmmədlinin fikrincə, hökumət qurumlarının mitinqdə iştirak edənlərə total basqısının bir səbəbi də mitinqin yaratdığı müzakirə mühitinin getdikcə böyüməsidir:

“Mitinq mövzusu əhali arasında gündəmi müxalifətin inhisarına verib. Bu halın davam etməsi hökumətin daxilində də münasibətlərə təsirsiz ötüşmür”.

Ölkə müxalifətinə təzyiqlər artır

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə deyib ki, hakim düşərgədə müəyyən narahatlıq var və bu üzdən müxalifətə qarşı təzyiqlər anlaşılandır:

“Dünyada, xüsusilə ölkəmizin yerləşdiyi regionda baş verən mürəkkəb və konfliktlərlə səciyyələnən hadisələr Azərbaycan iqtidarını da gərgin durumda saxlamaqdadır. Bunu bir neçə gün əvvəl prezident İlham Əliyev də çıxışında bildirmişdi. Üstəlik, gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcək və bu seçkilərə bir ildən də az vaxt qalır. Seçkilər isə həmişə ölkə üçün uyğun təzyiq alətləri formalaşdıra bilir. Fikir versək, son vaxtlar beynəlxalq aləmdə hakimiyyətə qarşı bir neçə fərqli ittihamların səsləndirildiyini görə bilərik. Bütün bunları nəzərə alaraq demək mümkündür ki, iqtidara qarşı da təzyiq mexanizmləri işə salınıb. Bu təzyiq və tələblərin nə qədər səmimi olub-olmaması isə ayrıca mövzudur və buna toxunmaq istəməzdim. Ona görə də hakimiyyət də, belə demək olarsa, "sayıqlığını" itirmək istəmir və ona qarşı təhlükələri "neytrallaşdırmağa" çalışır. Düşünürəm ki, Avropa Şurasının baş katibi Turbern Yaqland haqqında ölkə mətbuatında gedən yazılar və digər daxili qüvvələrə yönlən ittihamlar da bunun tərkib hissəsidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}