16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyənin zirehli texnikaları Suriya ərazisinə keçib – Döyüş şiddətlənir
Tarix: 13-10-2017 10:10 | Bölmə: Slayd
Türkiyənin zirehli texnikaları Suriya ərazisinə keçib

Türkiyənin Suriyanın İdlib vilayətində əməliyyatlarını yerinə yetirəcək ilk zirehli hərbi maşın karvanı oktyabrın 13-ə keçən gecə iki ölkə arasındakı sərhəd məntəqəsini keçib.

Bu haqda "Reuters" agentliyi xəbər verib.

Ərazidə olan Azad Suriya Ordusunun komandirlərindən Abu Xayro deyib ki, Türkiyənin 30-dək zirehli texnikası Bab əl-Həva keçid məntəqəsindən Suriya ərazisinə daxil olub. Maşınların Şeyx Bərəkət deyilən yüksəkliyə doğru getdiyi bildirilir. Suriyanın şimal-qərbindəki bu yüksəklik kürd YPG silahlılarının nəzarətində olan Afrin ərazisinin yaxınlığındadır.

Türkiyə ötən şənbə günü bəyan etmişdi ki, "deeskalasiya zonaları”nın yaradılmasına dair keçən ay Rusiya və İranla əldə etdiyi razılaşmaya əsasən, İdlib və onun ətrafında döyüş əməliyyatları aparacaq.

Türkiyə, Rusiya və İran arasında əldə edilmiş razılaşmaya əsasən, Suriya ərazisində bir neçə təhlükəsizlik zonaları yaradılıb. İdlibin daxil olduğu zonaya Türkiyə nəzarət etməlidir.

Maraqlıdır ki, Türkiyənin hərbi maşınlarını deeskalasiya zonalarının yaradılmasını qəbul etməyən "Təhrir əş-Şam" təşkilatının döyüşçüləri müşayiət edirlər.

"Reuters" yazır ki, bu fakt nəzərə alınarsa, hər iki tərəf arasında toqquşmaların olmayacağını güman etmək olar. Türkiyə hərbiyyəsinin İdlibdə aparacağı əməliyyatlara "Fərat qalxanı" əməliyyatında iştirak etmiş qiyamçı qruplaşmalar da qoşulacaqlar. Bu qruplardan bəziləri bu bölgədə əvvəllər bir-birləri ilə vuruşublar.

Türkiyənin bir il əvvəl keçirdiyi "Fərat qalxanı" əməliyyatında məqsəd İŞİD-çilərin Türkiyə sərhədindən çıxarılması və eyni zamanda kürd YPG qüvvələrinin yeni ərazilər tutmasının qarşısının alınmaq olub.

Birləşmiş Ştatlar tərəfindən dəstəklənən YPG qüvvələri Suriyanın şimal-qərbindəki əksər ərazilərə nəzarət edir. Kürdlər bu ərazini Afrin bölgəsi ilə birləşdirməyə can atırlar.

Türkiyə YPG-ni ona düşmən olan PKK kürd separatçı təşkilatının Suriya qolu hesab edir və Şeyx Bərəkətdə mövqe tutulması Afrinin üç tərəfdən dövrələnməsi ilə nəticələnməlidir.(Mənbə: Azadlıq radiosu)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}