Hökumət maaş və pensiyaları qiymət artımına uyğunlaşdıra bilmir
Tarix: 16-10-2017 13:13 | Bölmə: Slayd
Hökumət maaş və pensiyaları qiymət artımına uyğunlaşdıra bilmir

Əməkhaqqı və pensiyaların artımı nəzərdə tutulsa da, ölkədəki inflyasiyanın həddi əhalinin sosial vəziyyətini ağırlaşdırır

Son iki il ərzində ölkəmizdə ciddi qiymət artımı baş verib. Bəzi məhsullarda 30-40, bəzilərində daha artıq bahalaşma müşahidə olunur. Bu ilin əvvəlində əməkhaqqı və pensiyaların bu inflyasiyaya uyğunlaşdırılması istiqamətində isə hər hansı addım atılmayıb. Ancaq 2018-ci ilin başlanğıcında maaş və pensiyaların artırılması ilə bağlı anonslar verilir.

Deputat Vahid Əhmədov bir müddət əvvəl deyib ki, 2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir.

Millət vəkili bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb:

"2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq. Qeyri-neft sektorunda aparılan islahatlar öz bəhrəsini verir. 2017-ci ildə ixrac idxalı üstələyib və müsbət saldo yaranıb. Bunlar 2018-ci ilin dövlət büdcəsinə müsbət təsir göstərəcək. Bu səbəbdən gələn il maaş və pensiyada artımlar gözlənilir”.

V.Əhmədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyarddan çox proqnozlaşdırılıb.

İqtisadçı-deputat əlavə edib ki, dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində götürülməsi gözlənilir.

Reyting.az-ın xəbərinə görə, iqtisadçı-ekspert Nemət Əliyev bildirib ki, hazırki hökumətin fəaliyyətini proqnozlaşdırmaq çətindir, çünki addımlarını qayda və qanunlara uyğun atmır.

Onun sözlərinə görə, hakimiyyətdəkilər uzun müddətdir iqtisadi və sosial proseslərin məntiqini nəzərə almır.

N.Əliyevin fikrincə, hadisə və proseslərin sürətləndiyi bir şəraitdə hökumətin hansı iş görəcəyini bilmək çox çətindir: “Həm də ona görə ki, heç özləri də nə edəcəklərinin fərqində deyillər. Amma suala cavab kimi ümumi tendensiyaları ifadə etmək mümkündür”.

İqtisadçı-ekspert rəsmi açıqlamalara istinad edərək bildirib ki, bu ilin arxada qalan 7 ayında orta əmək haqqının nominal səviyyəsi 6,9 faiz artıb. İstehlak bazarında bahalaşma isə 14 faizdir: “Deməli, real əmək haqqı səviyyəsi 7,1 faiz azalıb. Normalda hökumət buna imkan verməli deyildi. Amma ox yaydan çıxıb və ölkədə həyat səviyyəsinin pisləşməsinin qarşısını ala bilmirlər”.

N.Əliyev iddia edir ki, xoşagəlməz proses artıq tendensiya halına düşüb. Onun fikrincə, gələn ilin əvvəlində əmək haqqı artımı həyata keçirmək istəsələr, bu artım hələ bir müddət qiymət artımından geri qalacaq:

“Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumata görə, əmək pensiyalarının orta məbləği bu ilin əvvəllinə 202,2 manat, oktyabr ayının əvvəlinə isə 204 manat olub. Belə aydın olur ki, əmək pensiyaları 14 faiz bahalaşma şəraitində vur-tut 0,89 faiz, yaxud da 1 manat 80 qəpik artıb. Diqqət edirsinizmi, pensiyaçılara qiymət artımları nə qədər pis təsir göstərib? Belə bir şəraitdə hökumətin atdığı addımın dişsizliyi dərhal diqqəti cəlb edir. Bu qarşılıqlı müqayisədən o nəticəyə gəlmək mümkündür ki, gələn ilin əvvəlində, əgər əmək haqqı və pensiya artımlarına dair hökumət qərarı veriləcəksə, bu qərar da son zamanlar verilən qərarların davamı kimi simvolik olacaq və ölkədə həyat səviyyəsinin pisləşməsinin qarşısını ala bilməyəcək”.

Qeyd edək ki, ölkədə inflyasiya ikirəqəmli olsa da, hökumətin nəzərdə tutduğu artımlar buna adekvat deyil. İqtisadçı N.Əliyev də hökumətin maaş və pensiyaları qiymət artımına uyğunlaşdıracağına inanmır. Onun qənaətincə, hökumət xalqın maraqlarına uyğun hər hansı addım atmayıb, bundan sonra da atacağını gözləmir:

“Bu istiqamətdə ölkənin tanınmış mütəxəssisləri zaman-zaman çox faydalı fikirlər səsləndirib. Lakin o təkliflər yaxına buraxılmayıb.

Paradoksal səslənsə də, təəssüflə deməliyəm ki, bu gün hökumət qiymət artımlarının zəiflədilməsi üçün adekvat addımlar atmır. Əksinə, qiymət artımlarına rəvac verən qərarlar həvəslə qəbul olunur. Bir müddət əvvəl benzinin, daha əvvəlki vaxtlarda isə təbii qazın, suyun, elektrik enerjisinin qiymətlərinin artırılması haqqında verilən qərarlar da belələrindəndir. Amma gərək, neft-qazla zəngin ölkə olmağımızı unutmayaydıq. Səriştəsizlik ucbatından bu təbii üstün mövqelərimizdən yerli sahibkarlarımız uzun müddət faydalana bilməyiblər. Zamanında enerji daşıyıcılarının qiymətlərini artırmalı deyildik, tamamilə əks qərarlar qəbul olunmalı, dizelin, təbii qazın, benzinin qiymətləri aşağı salınmalıydı. Bu yolla hökumət yerli mallarımızın (qeyri-neft sektoruna aid malların) xarici bazarlarda qiymət rəqabətində üstün mövqelərə çıxmasını saxlaya bilərdi. Təəssüf ki, bu yolu tutmadılar, hətta dünyada neftin qiymətləri kəskin şəkildə düşdüyü vaxtlarda belə, bu addımı atmadılar və ölkənin qeyri-neft sektoruna çox ciddi zərbə dəydi. Fikrimcə, bu istiqamətdə düşünmək hələ də geç deyil. Enerji daşıyıcılarının ucuzlaşdırılması bahalaşma səviyyəsini aşağı salmaq üçün çox təsirli yollardan biridir”.

N.Əliyevin sözlərinə görə, illərlə ölkəyə yerləşdirilmiş kreditlər indi çox böyük sürətlə iqtisadiyyatdan çıxarılır:

“2016-cı ilin əvvəlindən bu ilin avqust ayının əvvəlinədək olan dövrdə ölkə üzrə kredit qoyuluşu 41 faiz azalıb. Halbuki, bu böyük maliyyə vəsaitləri iqdisadi və sosial həyatda xeyli canlanma yaradırdı. Deməli, iqtisadi fəallığı zəiflədən əsas səbəblərdən biri də budur. Bu destruktiv fəaliyyəti aradan qaldırmaqla mal, iş və xidmətlərin istehsalını və bazar dövriyyəsini bərpa etməklə, artırmaqla qiymətlərin səviyyəsinə təsir etmək mümkündür. Bunun üçün yarıtmaz pul-kredit siyasətinə son qoyulmalıdır. Kredit faizləri aşağı salınmalı, manatla aşağı faizli kreditdlərin verilişi bərpa olunmalıdır. Bu, qiymətlərin aşağı salınması, əmək haqlarının artırılmasına əlavə imkanlar yarada bilər”.

Müsahibimiz nəzərə çatdırıb ki, daxili istehsalda tənəzzülü durdurmaqla, istehsalda dinamikanı təmin etməklə böyük nəticələrə nail olmaq mümkündür. Bunun üçün ölkə daxilində investisiya mühiti yaxşılaşdırılmalıdır: “Sözdə yox, əməldə bunu etmək lazımdır. Lakin ölkə daxilində sahibkarlara olmazın müsibətlər yaşatdıqlarına görə xaricə axın edən yerli investisiyanı durdurmaq mümkün olmur. Bunu kənardan müşahidə edən xarici investorların bu ölkəyə marağını təmin etmək mümkün olmayacaq. Odur ki, ölkədaxili şərait səhmana salınmalıdır. Qanunların aliliyi, azad məhkəmə sisteminin qurulması, hüquq və azadlıqların təmin olunması, məmur özbaşınalığının yığışdırılması, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində gərəkən addımların atılması həm də bu mühüm məqsədə nail olunması üçün lazımdır. Sahibkarlara göstərilən basqılar yığışdırılmalı və bu yöndə cinayət törətmiş şəxslər cəzalandırılmalıdır ki, investor inana bilsin”.

N.Əliyev qeyd edib ki, bir zamanlar elektrik enerjisi sektorunda çalışan türkiyəli iş adamı Hüseyn Arabulun, yaxud da polad istehsalı sahəsində sahibkarlıqla məşğul olan Zülfiqarlı qardaşlarının başlarına gətirilən müsibətlər, habelə, son zamanlar bəzi sahibkarların “Bandotdel”ə aparılması çoxlarının yaddaşına əbədi həkk olunub:

“Vergi, gömrük orqanlarındakı qanunazidd cinayətkar fəaliyyət də dərhal diqqəti cəlb edir. Qeyri-qanuni ödəmələrə məcbur edilən iş adamları istər-istəməz qiymətləri qaldırmağa məcburdur. Deməli, qiyməti aşağı salmağın bir yolu da bu istiqamətdədir. Odur ki, idxal-ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların əl-qolunu bağlayan hərəkət və hərəkətsizliklərdən imtina olunmalıdır. Son zamanlar bu yöndəki fəaliyyətə çox ciddi zərbələr vurulub”.

Dövlət malının oğurlanaraq, ofşor hesablara ötürülməsi də bahalaşma yaradan ən mühüm səbəblərdən biridir. İqtisadçı deyir ki, belə oğurluq nəticəsində istər-istəməz xərclər artır və ölkədən çıxarılan külli miqdarda maliyyə vəsaitləri dövriyyədə olan pul kütləsini azaltmaqla bahalaşmaya səbəb olur.

Sonda N.Əliyev vurğulayıb ki, bacarıqsızlıq və səmərəsiz idarəetmə sistemi bahalaşmaya başqa yöndən də təsir göstərir. “Az qala iri dövlət şirkətlərinin hamısı bu gün ziyanla işləyir. Bunun normal və məntiqi izahını vermək mümkün deyil. Bəlkə də dünyanın heç bir yerində belə biabırçılığa rast gəlməzsən.

Qiymətlərin aşağı salınması üçün bu siyahını xeyli böyütmək mümkündür. Fikrimcə, bütövlükdə idarəetmə sistemi günün tələblərinə uyğun deyil. Onu təcili şəkildə dəyişmək lazımdır. Odur ki, böyük islahatlar həyata keçirilməlidir. Bütün problemlərin, o cümlədən bahalaşma probleminin ümumi həlli buradadır”, - deyə iqtisadçı fikrini yekunlaşdırıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər