Vəkillərin sayı artırılacaq – Layihə hazırlanıb
Tarix: 23-10-2017 14:05 | Bölmə: Xəbər lenti
Vəkillərin sayı artırılacaq

Azərbaycanda nümayəndəlik institutunun ləğvi məsələsi ilə bağlı layihə Milli Məclisdə yenidən müzakirəyə çıxarılacaq.

Layihənin 2018-ci ilin yaz sessiyasında, fevral ayında plenar iclaslardan birində müzakirə ediləcəyi bildirilir.

Layihəyə bir sıra düzəlişlər nəzərdə tutulub. Belə ki, nümayəndəlik institutunun tam ləğv olunması yox, məhkəmələrdə çıxış edəcək nümayəndələrin təmsilçiliyində ixtisas baxımından konkretləşdirmə aparılması planlaşdırılır. Eyni zamanda, vəkillərin sayının artırılması ilə bağlı atılacaq addımlara da yer veriləcək.

Qeyd edək ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər gündəlikdən çıxarılıb. Spiker Oqtay Əsədov buna qanun layihələrindəki çatışmazlığı səbəb göstərib. Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişiklik nümayəndəlik institutunun qadağan olunması ilə bağlıdır.

Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.




Bölməyə aid digər xəbərlər